Azərbaycanda fəaliyyət göstərən poçt operatorları yol hərəkəti qaydalarının pozulmasına ödənilən cərimələrə imtiyaz və yaxud güzəşt istəyir.
Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum – nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirib. Əsas məqsəd poçt operatorlarının qarşılaşdıqları problemlərin operativ həlli üçün tənzimləyici çərçivələrin formalaşdırılması, poçt rabitəsinin tənzimlənməsi sahəsində toplanmış xarici təcrübənin ümumiləşdirilməsi və təcrübə yönümlü yanaşmaların işlənib hazırlanması, eləcə də poçt rabitəsi sahəsində işin səmərəliliyinin artırılmasında operatorların rəy və təkliflərinin dinlənilməsi olub.
Görüşdə İKTA və poçt operatorları arasında əməkdaşlıq çərçivəsində bu kimi müzakirələrin əhəmiyyəti vurğulanaraq poçt rabitəsi sahəsində tənzimlənmənin, buradakı xidmət bazarlarının təhlili və formalaşdırılmasının, hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər səsləndirib. Qeyd edilib ki, poçt rabitəsi sahəsində hazırkı qanunvericilik daha çox universal poçt xidmətlərini əhatə edir və xidmət bazarlarında daha rəqabətli, müasir poçt xidmətlərinin tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranıb.
Bu istiqamətdə ilk addım olaraq hazırda İKTA-nın poçt operatorlarının xidmət bazarında fəaliyyətinin tənizmlənməsi məqsədilə “Sürətli poçt xidməti üzrə lisenziya şərtlərinə dair Qaydaları”n layihəsini hazırlaması və təsdiq etməsi, “Poçt haqqında” mövcud qanuna zəruri dəyişiklik layihəsinin hazırlanması istiqamətində işlərin aparıldığı, növbəti mərhələlərdə isə “Poçt haqqında” yeni qanun layihəsinin hazırlanacağı diqqətə çatdırılıb.
Poçt operatorları lisenziya alınması zamanı üzləşdikləri çətinliklərdən danışıblar. Bildirilib ki, lisenziya alınması zamanı onlara qoyulan bəzi tələblər regionlarda poçt obyektlərinin fəaliyyəti üçün uyğun məkanların tapılmasında çətinliklər yaradır. Bundan başqa, poçt bağlamaları daşıyan nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarını pozmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunması məsələsi də nəzərdən keçirilib.
Müzakirələrdə agentlik nümayəndələri xidmət bazarında keyfiyyətə müsbət təsir göstərəcək bir sıra vacib məsələlərə toxunub. Poçt operatorları öz növbəsində qeyd ediblər ki, rəqabət mühitinin formalaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə poçt operatorlarına qarşı qoyulan tələblər sərtləşdirilməli, eləcə də xidmət bazarında haqsız rəqabətin qarşısını almaq məqsədilə lisenziyasız fəaliyyət göstərən poçt operatorlarına qarşı yoxlamalar artırılmalı və cəza tədbirləri görülməlidir.
İştirakçılar bu kimi görüşlərin gələcəkdə də keçirilməsinin və poçt operatorları ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.