23 C
Baku
Saturday, April 20, 2024

Azərbaycandan Çinə, Çindən isə Kanadaya “uğur ardınca” gedən xanım – MÜSAHİBƏ

Müsahibimiz hazırda Kanadanın Toronto şəhərinə yaşayıb, çalışan Nəzrin Vəkilovadır

Nəzrin xanım, ilk öncə özünüz haqda oxucularımıza məlumat verərdiz

— Bakıda anadam olmuşam, Səbayıl rayonu 134 saylı orta məktəbi bitirmişəm. Hələ məktəbli yaşlarımdan özümü bir “qlobal vətəndaş” kimi görməyi arzulayırdım. Gələcək illərdə qismət elə gətirdi ki, 17 yaşımdan xaricdə yaşamağa başladım, bir neçə dəfə təhsil ilə bağlı xarici dövlətlətlərin təqaüdlərini qazanmışam. Peşəm üzrə Beynəlxalq Əlaqələr ixtisasını bitirmişəm, 10 ildən artıqdır ki, müxtəlif beynəlxalq layihələrdə və şirkətlərdə çalışıram. İndiki zamanda Kanada Hökümətinin Federal İxtisaslı İşçi Proqramı çərçivəsində dəvət almışam və burada karyeramı davam edirəm.

Şimali Amerikada yaşam və iş həyatına adaptasiya necə gedir?

—  Şimali Amerika mənim üçün təsadüfi bir seçim deyildir. Ən birinci dəfə xaricdə təhsil aldığım zaman mən ABŞ-ın orta məktəblərindən birisində “Gələcək Liderlərin Mübadiləsi Proqramının” məzunu olmuşam. Bu proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilib və keçmiş sovet ölkələrindən olan gənclərə Amerikada təcrübə almaq şansı verirdi. Sonra isə proqramın məzunları öz vətənlərində müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirdi.

Ona görə, 14 il keçdikdən sonra da mən professional həyatım üçüm yenidən bu qitəni seçdim. Əlbəttə ki, Amerika və Kanada arasında fərqlər çoxdur. Bu həm mədəniyyət incəlikləridir, həm həyat tərzi və xüsusi ilə dövlət tərəfindən keçirilən proqramlardır. Praktiki cəhətdən Amerikada iş tapmaq daha asandır, amma Kanadada yaşayıb və çalışmaq üçün rəsmi status almağa imkanlar daha genişdir.

İş həyatına adaptasiya isə hələ iş təklifi almaqdan daha öncə başlanır. Bu proseslə burada müxtəlif yerli təşkilatlar məşğuldur. Ölkəyə yeni köçən peşəkarlar bir neçə ay ərzində treninqlər və seminarlar keçirlər, CV-lərini yerli formata dəyişirlər, özlərini yeni korporativ mühitə uyğunlaşdırırlar. Bu proses kanadalılar arasında çox əhəmiyyətli sayılır, çünki “Kanada mədəniyyəti” termini müxtəlif mənalar daşıyır və yerli şirkət sahibləri tez-tez işçiləri məhz bu kriteriyaya görə seçirlər. Mənim üçün şəxsən, bütün keçmiş təcrübəmə baxmayaraq, bu bir yenilik idi, amma yarım ildən sonra mədəniyyətə inteqrasiya prosesini və yerli dəyərlər sistemini daha aydın anlamağa başladım.

Azərbaycandan Çinə, Çindən isə Kanadaya “uğur ardınca” getmisiniz. Bu uzun yolu qət etməkdə sizi əsas ilhamdıran amil hansıdır?

— Ümumiyyətlə, mən inanıram ki, beynəlxalq təcrübə insanın dünya görüşünün inkişafını və şəxsi mədəniyyət səviyyəsini yalnız mükəmməlləşdirir. Gənc yaşlarımdan qərara gəlmişdim ki, həm təhsilimi, həm də gələcək karyeramı daima beynəlxalq səviyyədə almaq istəyirəm. Eyni zamanda xarici dillər və dünya sivilizasiyaları həmişə maraqlandığım sahələr olub.

Hələ Bakıda orta məktəbdə oxuyanda mən Çin dili və mədəniyyəti haqqında öyrənməyə başlamışdım. Amerikadan qayıdandan sonra Bakı Dövlət Universitetinin Çin Dili və Ədəbiyyatı fakültəsinə daxil oldum. Bir ildən sonra isə Çin Xalq Respublikası Səfirliyi tərəfindən 134 saylı məktəbin keçmiş fəal şagirdi kimi xüsusi 5-illik təqaüd aldım. Bu fürsət mənə bakalavr dərəcəsini Çinin ən məşhur Pekin Universitetindən almağa imkan verdi. Buraxılışdan sonra isə həmin universitet  məni magistr dərəcəsini də bitirmək üçün bir daha ÇXR dövlət təqaüdünə layiq gördü. Bundan əlavə, mənim universitetim xarici vətəndaş olduğuma baxmayaraq yerli əhəmiyyətli biznes şirkətlərinin birisinə işə düzəltdi.

nazrin vakilova 2 ci
Nəzrin Vəkilova. Toronto, Kanada

Çində 8 il yaşayandan sonra Azərbaycana qayıtdım və əlbəttə ki, vətənimdə aldığım professional iş təcrübəsində həmin “uğur yolunun” bir hissəsi olaraq qalacaq. Ən əsası, demək istərdim ki indiki zamanda Azərbaycanda olan inkişaf səviyyəsi doğurdanda beynəlxalq səviyyədədir və bunu yalnız başqa ölkələrdə yaşayandan sonra müqayisə edib anlamaq olur.

— Kanadada şirkətlərin işləmə prinsipləri maraqlıdır. İşçilərə münasibətdə yanaşma necədir?

— Dediyim kimi, “Kanada mədəniyyəti” termini burada çox böyük əhəmiyyət daşıyır. Bu geniş anlayışın içinə etnik və cinsi bərabərlik prinsipləri, şirkətin daxili kommunikasiya siyasətinə əməl etmək və hər bir işçinin özünü düzgün idarə etməsi daxildir. Burada işçilərdən müstəqillik gözlənilir, rəhbərlik mikro-menecment proseslərini xoşlamır. Yalnız pro-aktiv və vaxtında düzgün qərarlar verən işçilər karyeralarında irəli gedə bilərlər.

Bildirdiniz ki, Siz Azərbaycanda da beynəlxalq yarışlar təşkil edən şirkətlərdə çalışmışınız. Niyə məhz Kanadını seçdiniz? Bu fikir necə yarandı?

— Mən 2008-ildən müxtəlif tədbirlərin təşkilatı, biznes və müştəri xidmətləri sahəsində çalışıram. Kanadanın Toronto şəhəri isə tədbirlərlə çox zəngin olan bir yerdir. Burada festivallar, dünya ulduzlarının konsertləri və çoxsaylı yarışlar keçirilir. Eyni zamanda bu ölkə burada yaşamaq və çalışmaq imkanı yaradıb və mən bu fürsətdən istifadə etdim.

Çin və Kanadada yaşamaq, təhsil və iş həyatının yaxşı tərəfləri: Bunlardan hansılarını ana vətəninizdə görmək istərdiniz?

— Həm Kanadada, həm də Çində təhsil prosesində tələbələrin akademik fənlər və bundan ibarət olan praktika fürsətləri çox genişdir. İstərdim ki, Azərbaycanda məktəblərdə və ali təhsil ocaqlarında belə imkanlar daha çox olsun. Gənclərimiz təhsil zamanı və buraxılışdan sonra müxtəlif yerli şirkətlərdə təcrübə alsınlar. Bu faktor demək olar ki, iş həyatına da çox müsbət təsir edə bilər.

Ümumi yaşayışla bağlı söyləyə bilərəm ki, məncə, bir insanın sağlam və keyfiyyətli həyatı üçün lazımı bir neçə əsaslıqlar var: təbii və dadlı qida məhsulları, yaşadığı şəhərdə müxtəlif xidmət sahələrindəki keyfiyyət, gündəlik bürokratiyanın asanlaşması, xəstə olduğu zamanda istədiyi həkimi vaxtı-vaxtında görməsi – bunlar hamısı çox vacib məqamlardır və Azərbaycan bu cəhətdən müqayisə etdiyimiz iki ölkədən daha üstündür.

Bu yalnız mənim şəxsi fikrimdir və dediyim kimi öz təcrübəmdən irəli gələn müşahidədir.

— Müsahibə üçün çox sağ olun.

— Siz sağ olun!

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər