9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan tədarüklər sayəsində Bolqarıstanda qaz qiymətləri ucuzlaşıb

Bolqarıstanda qaz qiymətləri Azərbaycandan tədarüklər sayəsində yenidən ucuzlaşıb.

Bolqarıstanın Enerji və Su Resurslarını Tənzimləmə Komissiyası avqust ayı üçün təbii qazın qiymətini çıxış imkanı, ötürmə, aksiz və ƏDV xərcləri istisna olmaqla, bir meqavatt-saat üçün 59,67 lev səviyyəsində təsdiqləyib.

Tənzimləyici orqan daxili bazar üçün lazımi qazın iki fərqli tədarük mənbəyi hesabına təmin olunduğunu müəyyən edib. Avqust ayı üzrə qiymətin tərkibinə Azərbaycanla bağlanmış və qüvvədə olan uzunmüddətli sazişə əsasən, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə nəql olunan Azərbaycan qazının tam razılaşdırılmış həcmi daxildir. Bu həcmlər aylıq istehlakın 74,66 faizini qarşılayır və qazın əlverişli qiymətlərinin əldə olunmasında həyati əhəmiyyətli rol oynayır.

Bundan başqa, avqust ayında “Bulqarqaz” regional treyderlər maye təbii qazın (MTQ) nəqli üzrə müqavilə imzalayıb.

1 meqavatt-saat üçün təsdiqlənmiş 59,67 lev qiymət iyul ayında təbii qazın qiyməti ilə müqayisədə 1,4 faiz azalma nümayiş etdirir. Belə ki, ötən ay Bolqarıstanda təbii qazın qiyməti 60,58 lev/meqavatt-saat olub. Qeyd etmək lazımdır ki, ilkin qiymətləndirmələrə görə, qiymətlərin 3 faiz qaldırılması nəzərdə tutulurdu. Lakin Niderland birjasında son üç həftə ərzində qiymətlərdə müşahidə olunan ucuzlaşma bu tendensiyanın müsbətə doğru dəyişməsinə səbəb olub.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə, təbii qaz bazarında rəqabətə mühüm töhfə verir ki, bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Son xəbərlər
Digər xəbərlər