10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın aqrar sahəsinin problemləri və inkişaf istiqamətləri açıqlanıb

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda deyib.

O.Məmmədov qeyd edib ki, ölkədə aqrar iqtisadiyyat iqtisadi sisteminin çox vacib bir sahəsi olmaqla iqtisadi siyasətin strateji istiqamətidir və ərzaq təhlükəsizliyinin əsasını təşkil edir: “Təbii ki, bu istiqamətdə respublikamızda ciddi işlər görülmüş və aqrar bölmənin inkişafında irəliləyişlər var”.

O vurğulayıb ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi barədə sərəncamından irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əsas fəaliyyət istiqamətlərindən biri də “dayanıqlı və rəqabətli kənd təsərrüfatı və aqrobiznesin inkişaf etdirilməsi”dir:”Bu sənəddə müəyyən olunmuş fəaliyyətlərin icrası nəticəsində kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal, emal, satış, o cümlədən müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatında məhsuldarlıq daha da artacaq, həmçinin yeni iş yerləri yaradılacaqdır. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaq”.

KOBİA-nın rəhbəri qeyd edib ki, KOB subyektlərinin aqrobiznesdə satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir: “2018-ci ildən etibarən KOB subyektlərinin müxtəlif ixtisaslaşmış yerli və xarici sərgilərdə və yarmarkalarda iştirakına KOBİA tərəfindən dəstək göstərilib. KOBİA bu sektorda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində hər zaman dəstəkləyir. Qeyd etdiyim bu mexanizmlərdən biri də sərgilərdə iştiraka dəstəkdir ki, KOBİA “Caspian Agro”, “İnterFood Azerbaijan” və digər bu kimi mühüm sərgilərdə KOB-lara dəstək göstərən qurumlar sırasında olub”.

Onun sözlərinə görə, bu günə qədər KOBİA tərəfindən Bakı və regionlar üzrə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı 4 000-ə yaxın sahibkarın iştirakı ilə 154 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilmişdir: “Bunlardan 20 sahəvi görüş, o cümlədən maarifləndirilmə tədbirləri məhz Quba-Xaçmaz iqtisadi rayonunda həyata keçirilib ki, ümumilikdə 365 sahibkar iştirak edib. Bu görüşlərdə qalxan problemlər və onların həllinə dair səsləndirilən çoxsaylı təkliflər ciddi təhlil edilir və həmin sahə problemlərinin həllinə yönəlik müvafiq addımlar atılır”.

O.Məmmədov vurğulayıb ki, ölkədə bu sahənin inkişafı və dayanıqlı olması üçün kənd təsərrüfatında aqrobiznesin inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, aqrobiznes fəaliyyətinin mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi, eyni zamanda bu sahəyə təsir edən daxili və xarici mühit amillərinin araşdırılmasına konseptual olaraq yanaşılsın və hər bir parametrin qiymətləndirilməsi üçün ölçülə bilən meyarlar hazırlansın: “Hətta düşünürəm ki, burada aqrobiznes fəaliyyətinin inkişafında marketinq xidmətlərinin rolunun müəyyən edilməsi kimi qüvvətlədirici amillərin də nəzərə alınması işin effektliyini artırar”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər