May ayının sonuna olan göstəriciyə əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin ölkənin ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 89%-ə çatıb.
Buna səbəb 2015-ci ildən etibarən (azalma tendensiyası 2016-cı ilin əvvəlində davam edib) Mərkəzi Bankın sərəncamında olan ehtiyatların azalmasıdır.
Hazırda mütləq ifadədə Azərbaycanın 39,08 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatları var ki, bu göstəriciyə görə, Şərqi Avropa və MDB ölkələri arasında ölkəmiz 6-cı yeri tutur.
Birinci yeri 387,7 mlrd. dollarlıq beynəlxalq valyuta ehtiyatına malik olan Rusiya tutur. İkinci yeri Polşa (108 mlrd. dollar), üçüncü yeri Qazaxıstan (94,29 mlrd. dollar), dördüncü yeri Çexiya (75,08 mlrd. dollar) və beşinci yeri Rumıniya (40,48 mlrd. dollar) tuturlar.
Maraq üçün qeyd edək ki, qonşumuz olan Gürcüstanın 2,569 mlrd. dollar, Ermənistanın isə 1,532 mlrd. dollar həcmində beynəlxalq valyuta ehtiyatı var.
2015-ci ilin avqust ayının 1-dən etibarən beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payına görə, Şərqi Avropa və MDB ölkələri arasında Çexiya birinci yerdədir – adambaşına 7110 dollar. İkinci yerdə əhalisinin adambaşına 5305 dollar düşən Qazaxıstandır. Di gəl ki, Qazaxıstan MDB ölkələri arasında liderliyini qoruyur. İndiyədək ikinci yerdə qərarlaşan Azərbaycan (adambaşına 4005 dollar) hazırda üçüncülüklə kifayətlənmək məcburiyyətindədir. Müvafiq olaraq, Azərbaycan bu göstəriciyə görə MDB-də ikinci yerdədir. Dördüncü və beşinci yeri Xorvatiya (3520) və Bolqarıstan (3400) tutur.
May ayı ərzində nominal ifadədə 8 ölkənin ehtiyatı artıb, 9-da isə azalma müşahidə olunub. Ən çox artım Polşa və Azərbaycanda olub. Ötən ay ərzində Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 360 mln. dollar artıb. Bu göstərici üzrə də Azərbaycan MDB ölkələri arasında liderliyini qoruyub. Maraq üçün qeyd edək ki, Polşada isə artım daha ciddi olub – 3,01 mlrd. dollar.
Beləliklə, Azərbaycanda may ərzində beynəlxalq valyuta ehtiyatlarının adambaşına düşən payı da artıb. Polşada bu artım 80 dollar olduğu halda, Azərbaycanda 35 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq valyuta ehtiyatları 2014-cü ildə maksimum səviyyəyə çatıb. Həmin dövrdə ehtiyatlarımız 52,79 mlrd. dollara çatıb.