3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın da aktiv idxalçısı olduğu palma yağının qiymətləri bahalaşacaq – SƏBƏB?

Azərbaycanın da aktiv idxal etdiyi qida palma yağının hasilatının əvvəlki kimi güclü olmaması və ya dəyişməz qalacağı fonunda dünyada yeni bahalaşma riskləri ortaya çıxır.

Banker.az xəbər verir ki, qlobal palma yağı istehsalının durğunluğu bu il dünyada ən çox istifadə edilən bitki yağının tədarükünü məhdudlaşdıracaq. Bununla bağlı məlumat yayan Reuters qeyd edir ki, son yeddi ayın ən yüksək həddi olan qiymətlərin daha da artmasına zəmin yaranacaq.

Azərbaycan xam palma yağını xaricdən idxalını ildən-ilə yüksəltsə də, keçən il bir qədər fasilə verib. Məsələn, Banker.az-ın son hesabaalmalarında qeyd edilir ki, ölkəmiz İndoneziya və Malayziyadan 45.57 min tonluq ($52.34 mln.) xam palma yağının ekstraktı alıb ki, bu da 2022-ci ildən 37% azdır. 2022-ci ildə 72.56 min ton və ya $115.82 mln. həcmində bu məhsuldan idxal etmişdi.

İndoneziya Azərbaycana bu yağın bir tonunu keçən il $1 143-ə satdığı halda, Malayziya $1 167-ə satıb. Bu da müvafiq olaraq illik müqayisədə 26 faiz və 33 faiz ucuzlaşmadır.

Reuters bildirir ki, analitiklər Kuala-Lumpurda keçirilən sənaye konfransında bildiriblər ki, qlobal istehsalın əsas hissəsini təşkil edən İndoneziya və Malayziyada palma yağı hasilatı 2024-cü ildə keçən ilki səviyyədən aşağı düşəcək. Çünki qocalmış plantasiyalar və hasilatın genişləndirilməməsi hasilata başlıca təsir edən amildir.

“Bitki yağının qiymətləri perspektiv qlobal istehsal defisiti ilə dəstəklənəcək”-deyə, aparıcı sənaye analitiki Tomas Mielke deyib.

O, əlavə edib ki, dünyanın 1 nömrəli istehsalçısı İndoneziyada palma yağı ehtiyatları aşağıdır və ikinci ən böyük istehsalçı Malayziyada ehtiyatlar azalmaqdadır.

Malayziyanın palma yağı çərşənbə günü cari ilin əvvəlindən 10% bahalaşıb. İyulun sonundan bəri ən yüksək səviyyəyə qalxaraq ton üçün 4 075 ringgit təşkil edib. Bazar son iki ildə aşağı düşüb.

(FX:1 dollar = 4.73 ringgit (MYR), Azərbaycan Mərkəzi Bankı: 1 ringgit = 0.3594 manat)

Dünya üzrə göndərilən təxminən 90 milyon ton yeməli yağın yarısından çoxunu təşkil edən palma yağı şokoladdan, pizzadan kosmetikaya qədər bir sıra məhsullarda və hətta bioyanacaq kimi də istifadə olunur.

2023/24-cü illərdə palma yağı istehsalının illik artımının 0.2-0.3 milyon metrik ton ilə dörd il ərzində ən kiçik artım olacağı gözlənilir, Mielke, növbəti üç ayda tonun 3 800-4 300 ringgit qiymət aralığını proqnozlaşdırdığını bildirib.

Analitik Dorab Mistry, İndoneziyanın 2024-cü ildə palma yağı istehsalının 2023-cü ilə nisbətən ən azı bir milyon ton aşağı olacağı halda, Malayziyanın istehsalının dəyişməz qalacağını deyib.

Son xəbərlər
Digər xəbərlər