16 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanla Pakistanın ticarət dövriyyəsi 2 dəfədən çox arta bilər

Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsini 25-30 milyon ABŞ dollarına çatdırmaq mümkündür.

Bunu açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib.

Onun sözlərinə görə, iki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib: “Bu ilin 10 ayında isə bu göstərici 19 milyon 045 min ABŞ dolları təşkil edib. Lakin biz ticarət dövriyyəsini artıra bilərik, bunun üçün iki ölkə arasında potensial mövcuddur”.

X.Bhattin bildirib ki, bu potensialın reallaşdırılması üçün Azərbaycana biznes missiyaların səfəri təşkil olunacaq.

“Pakistanın düyü istehsal edən 10 şirkət nümayəndələri Azərbaycana gələcək. Pakistanın Düyü İxracı Assosiasiyasının da bu səfərə marağı böyükdür. Onlar Azərbaycanla yanaşı region ölkələrinə də ixrac həyata keçirməyi nəzərdən keçirirlər. Səfər çərçivəsində Azərbaycanda “B2B” görüşlərin təşkil etməyi planlaşdırırıq”, – PAKAZCHAM-ın prezidenti deyib.

O qeyd edib ki, əczaçılıq sahəsi üzrə biznes missiyanın da Azərbaycana səfəri planlaşdırılır: “Məqsədimiz yalnız Pakistanın əczaçılıq məhsullarının Azərbaycana ixracı deyil, həmçinin, şirkətlərin Azərbaycana gəlməyi, burada birgə müəssisələrin yaradılmasıdır. Bu, hər iki tərəfə fayda verə bilər, bununla məhsulları yalnız yerli bazarı təmin etməklə bərabər Azərbaycandan region ölkələrinin bazarlarına göndərmək mümkündür”.

X.Bhattin deyib ki, Azərbaycanda həmçinin tekstil sahəsində fəaliyyət göstərən şirkətlərin görüşünü təşkil etmək istəyirik: “Pakistanın kişi, qadın və uşaq geyim istehsalçılarının Azərbaycan bazarında təmsil edilməsini istəyirik”.

O əlavə edib ki, Azərbaycandan Pakistana da bisnes missiyasının səfəri gözlənilir: “Bu səfər fevral və ya mart ayında baş tuta bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər