6 C
Baku
Sunday, December 15, 2024

“Azəriqaz”dan limitlərin ləğvi ilə bağlı açıqlama

Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev havaların kəskin soyuması ilə əlaqədar sosial şəbəkələrdəki canlı yayımı zamanı bildirib.

“Bu məsələ gündəmdə deyil və ona baxılmayıb”, – Ruslan Əliyev vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Qeyd edək ki, ötən il SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 47.1%-i (1 199 375 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib. Hesabat dövründə abonentlərin 39.3%-i (998 946 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb. Ötən il 346 557 abonent (ümumi abonentlərin 13.6%-i) 25 qəpiklik tarifdən istifadə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər