Bu gün “Azərişıq” ASC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, videoformatda keçirilən tədbirdə memorandumu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar.
Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunublar və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar.
Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla, müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.
Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.