9 C
Baku
Thursday, December 12, 2024

“Azərişıq”ın sabiq əməkdaşı həbs edildi

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri aşkar edilib.

Bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Bununla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla İ.Hüseynovun ötən ilin iyulunda əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin bu əməli ilə O.Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, onun ötən ilin avqustunda təkrarən tamah niyyəti ilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar aşkar edilib.

İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Son xəbərlər
Digər xəbərlər