Cari ilin 10 ayı üzrə istilik haqlarının ödəniş səviyyəsi 91.3% təşkil edib.
Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin xidmət zonasına 3 istehlakçı qrupu daxildir:
– Əhali istehlakçıları – 3871 bina, 184.0 minə yaxın mənzil;
– Büdcədən maliyyələşən təşkilatlar – 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə obyekti, 163 büdcədən maliyyələşən digər təşkilat;
– Təsərrüfat hesablı və kommersiya obyektləri – 2081 ədəd.
İ.Mirzəliyevin sözlərinə görə, hesabat dövründə əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 90.8% təşkil edib.
Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. 1 noyabr 2022-ci il tarixinə olan məlumata görə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6489.4 min manat ödənilməmiş borc məbləği mövcuddur”, – deyə İ.Mirzəliyev qeyd edib.