Hollandiyanın “Guidion” şirkəti tərəfindən “Azərpoçt” MMC-nin yeni brend konsepsiyası tətbiq edilir. Bu strategiya “Azərpoçt”un ofislərinin işinin tam yeni formada təmin edilməsini nəzərdə tutur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Şirvanda reallaşdırılan pilot layihə çərçivəsində “Azərpoçt”un poçt şöbələrinin işi və xidmətləri yeni dizaynda, müasir avadanlığın tətbiqi ilə təşkil edilir.
Rebrendinq kampaniyası poçtun imicinin yenidən formalaşması, o cümlədən loqonun dəyişdirilməsi, xidmətlərin müştərilərə yeni formada təqdim olunması məqsədi ilə keçirilir. Ötən il şirkət tərəfindən Şirvanda bu istiqamətdə qiymətləndirmə aparılıb və filialın cari vəziyyəti müəyyən olunub. Daha sonra hesabatlar hazırlanıb. Yeni dizayna əsasən Şirvan filialı tam təmir edilib. Hazırda “Guidion” şirkəti digər işləri həyata keçirir. “Azərpoçt”un rebrendinqi üzrə işlər sentyabrda başa çatacaq.
“Guidion” şirkəti 2013-cü ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender “SECO”nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib.