®“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov REAL TV-yə geniş müsahibə verib. Müsahibədə Səhmdar Cəmiyyətin fəaliyyətinin ötən 8 ili ərzində milli dağ-mədən sənayesinin dayanıqlı inkişafı istiqamətində həyata keçirdiyi layihələr, əldə etdiyi uğurlar və strateji inkişaf hədəflərindən bəhs olunub.
Geniş müsahibədə səslənən əsas mesajları açıqlama formasında hissə-hissə təqdim edirik:
Zakir İbrahimov: “AzerGold” QSC-yə hasilatın pay bölgüsü haqqında sazişdə dövləti təmsil etmək səlahiyyətinin verilməsi böyük etimaddır”
“AzerGold” QSC-yə Gədəbəy və digər yataqların işlənilməsi üçün xarici şirkətlə bağlanmış hasilatın pay bölgüsü haqqında Sazişdə Azərbaycan dövlətini təmsil etmək səlahiyyətinin verilməsi bizim üçün böyük etimaddır”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Bildirilib ki, bu, Səhmdar Cəmiyyətin fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymətdir: “Təbii ki, bu qərar məsuliyyətimiz daha da artır. Bu, göstərilən etimadı doğrultmaq üçün bizi daha çox çalışmağa sövq edir və ruhlandırır”.
Z.İbrahimov qeyd edib ki, “AzerGold” QSC artıq səlahiyyətlərinin icrasına başlayıb: “Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili məqsədilə tərəfimizdən İşçi qrup yaradılıb. İşçi qrupa fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb. Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Saziş çərçivəsində Rəhbər Komitənin yenilənməsi üzrə müvafiq işlər icra edilir. Artıq İşçi qrup saziş sahələrinə səfərlər edərək, ümumi vəziyyətlə tanış olub. Hazırda təkliflər ümumiləşdirilir, operativ şəkildə Tədbirlər Planının hazırlanmasına başlamışıq”.
“AzerGold” QSC-nin sədri: “Qiymətli metalların satış gəliri 1 milyard 292 milyon manatı ötüb”
“Ölkəmizin qeyri-neft sektoru üzrə ixracatçı dövlət subyektləri sırasında ön pillərdə qərarlaşmaq, sahə üzrə davamlı iqtisadi inkişafa müsbət təkan vermək məqsədilə “AzerGold” QSC ötən dövrlərdə olduğu kimi, 2024-cü ilin ilk 7 ayı ərzində də fəaliyyətini uğurla davam etdirib”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Qeyd olunub ki, QSC istismar fəaliyyəti apardığı Daşkəsən rayonunda yerləşən bir hasilat sahəsində yanvar ayından iyuladək 34.7 min unsiya qızıl, 57.7 min unsiya gümüşün hasilatını həyata keçirib: “Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatında 49 % artıma nail olunub”.
Z.İbrahimov bildirib ki, cari ilin ilk 7 ayı ərzində 25.8 min unsiya qızıl, 46 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı həyata keçirilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə isə qızıl satışında 1% artım qeydə alınıb. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə 19% daha çox olmaqla 103.8 milyon manat gəlir əldə edilib”.
İdarə Heyəti sədri əlavə edib ki, 2024-cü il üçün hasilat hədəfimiz ötən illə müqayisədə 10%, satış hədəfimiz 3% artırılaraq, 70 min unsiyaya çatdırılıb.
“Bugünədək qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə olunmuş ümumi gəlir isə 1 milyard 292 milyon manatı ötüb. Vəsaitin 1 milyard 231 milyon manatını ABŞ dolları ekvivalentində ixrac gəlirləri, 61 milyon manatını isə daxili satışlardan əldə edilmiş gəlirlər təşkil edir”, – deyə Z.İbrahimov qeyd edib.
Zakir İbrahimov: “Çovdar” sahəsinin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadılıb”
“Çovdar” və cinah yataqları hesabına ümumi satılabilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılmaqla sahənin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadılıb”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib ki, Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir: “2016-cı ildə “Çovdar” qızıl yatağında satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablanmışdı. Bu hesabla mədəndə fəaliyyət 2020-ci ildə yekunlaşmalıydı. Lakin biz 2017-ci ildə hasilata başlamaqla yanaşı, uğurlu optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində mədənin satılabilən qızıl ehtiyatını 609 min unsiyaya çatdırdıq. Həmçinin, geoloqlarımız tərəfindən “Çovdar” yatağının cinahlarında “Mərəh” və “Ağyoxuş” yataqlar qrupu kəşf edildi. Eləcə də ötən əsrin 80-ci illərində Göygöl rayonunda potensial filizləşmə zonası kimi müəyyən edilmiş, lakin son dövrlərdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırıldı. Bununla “Çovdar” və cinah yataqları hesabına ümumi satılabilən qızıl ehtiyatı bazası 4 dəfədən çox artırılmaqla sahənin istismar müddəti 2020-ci ildən 2029-cu ilədək uzadıldı”.
QSC sədri əlavə edib ki, dağ-mədən fəaliyyəti bərk filiz süxularının hasilatı əsasında qurulub: “Bu filizlərin xüsusiyyətlərini nəzərə almaqla biz kəşfiyyat işlərini davamlı olaraq həyata keçiririk. Nəinki hasilatdan əvvəl, hətta hasilat dövründə də biz kəşfiyyatla bağlı fəaliyyətimizi davam etdiririk. Həmin bərk filiz süxurlarının yerin altında hansı istiqamətdə yerləşdiyini təyin edərək, qızıl ehtiyatı balansının optimallaşdırılmasına nail oluruq”.
“AzerGold” QSC-nin sədri: “Çəndə Qələviləşdirmə Zavodu qiymətli metalların emalında səmərəliliyin artırılması üçün ərsəyə gətirilib”
“İyul ayında “AzerGold”un fəaliyyəti tarixində daha 2 əlamətdar hadisə yaşandı. Biz İqtisadiyyat naziri və digər dövlət qurumlarının rəsmilərinin iştirakı ilə yeni istehsal müəssisəsini tam rejimdə istifadəyə verdik. Söhbət Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yaradılmış Çəndə Qələviləşdirmə Zavodu və Gəncə şəhərində törəmə şirkətimiz, dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılmış “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodundan gedir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimovun sözlərinə görə, Çəndə Qələviləşdirmə Zavodu qiymətli metal filizlərinin emalında səmərəliliyin artırılması üçün ərsəyə gətirilib: “Mədəndən müxtəlif istismar fazalarında fərqli fiziki xüsusiyyətə malik olan filizlər hasil edilir. Bunlar əsasən Oksid, Transzit və Sulfid filiz növləridir. Oksid filizləri təbii proseslər nəticəsində aşınmış filizlərdir. Sulfid filizləri isə əksinə aşınma prosesinə uğramayan və dəyərli metal kontentini “qəfəs”də saxlayan daha mürəkkəb bir filiz növüdür. Eyni zamanda oksid və sulfid filizləri arasında aralıq filizləri də var ki, onlar “tranzit” filizləri (oksid-sulfid qarışıqlı filizlər) adlandırılır. Son dövrlərədək mədəndən hasil etdiyimiz filiz kütləsinin əsas hissəsini təbii yolla aşınmış aşağı dərəcəli oksidli qızıl filizləri təşkil edirdi. Bu məqsədlə də ən uyğun istehsal prosesimiz ənənəvi Topa qələviləşdirmə texnologiyası üzrə formalaşmışdı. Məlumat üçün qeyd edim ki, həmin metod ilə filizlərdən 60-70% qızıl çıxımı əldə etmək mümkün olur. Bu da beynəlxalq təcrübədə kifayət qədər yaxşı göstərici hesab olunur. Lakin mədən istismarının hazırkı və bundan sonrakı mərhələlərini əsasən sulfid filizləri təşkil etdiyindən həmin filizlərin Topa qələviləşdirmə texnologiyasına ötürülməsi səmərəli deyildi. Sulfid filizlərinin az öncə dediyim “bağlı qəfəs” xüsusiyyətini nəzərə alsaq, yekunda cəmi 10% qızıl çıxımı əldə edəcəkdik”.
QSC sədri bildirib ki, yüksək səmərə əldə etmək üçün həmin filizlərin sulfid “qəfəs”ləri parçalanmalı və daha sonra onlara kimyəvi nüfüzetmə qabiliyyəti artırılmalı idi: “Məhz bu səbəbdən emal prosesinin səmərəliyinin qorunması üçün beynəlxalq nüfuzlu məsləhətçi şirkət araşdırmalara cəlb edildi və uzun müddət müvafiq təhlillər aparılaraq sulfid filizlərindən emalı üçün ən optimal həll yolu tapıldı. Araşdırma 3 ilə yaxın dövr ərzində aparılsa da, bu müddət mədənçilikdə uzun dövr hesab olunmur. Araşdırma-tədqiqatların nəticəsi olaraq məhz Çəndə qələviləşdirmə texnologiyası ən uyğun emal üsulu hesab olundu”.
Z.İbrahimov qeyd edib ki, Çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniya şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilərək inşa edilib: “Türkiyə şirkətinin əsas podratçı qismində iştirakı ilə zavod və köməkçi infrastruktur obyektləri ümumilikdə dağ şəraitində 22 ay ərzində tam hazır vəziyyətə gətirildi. Koreya şirkəti tərəfindən müəssisənin inşaatına nəzarət həyata keçirildi və zavod Avropa ölkələrinin istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub”.
Bildirilib ki, hazırda zavod tam rejimdə fəaliyyətdədir: “İllik 1.1 mln. ton filizüyütmə potensialına malikdir. Zavodda filizlərin tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90%-dək çıxımı 48 saat ərzində əldə edilir. Müqayisə üçün qeyd edim ki, Topa qələviləşdirmə prosesində qiymətli metalın əldə edilməsi üçün tələb edilən müddət 3 ay idi. Bu da yeni emal prosesinin əsas üstün cəhətlərindən biridir”.
Zavodla bağlı layihənin icrası üçün tələb olunan 383 milyon manat vəsaitin daxili imkanlar hesabına təmin edildiyini deyən Z.İbrahimov dövlət büdcəsinə əlavə yük yaradılmadığını diqqətə çatdırıb: “Mən deyərdim ki, bu müəssisə dövlət şirkəti tərəfindən büdcədən ayırmalar olmadan icra edilən ən iri layihələrdən biridir. Layihədən xalis gəlir 1 milyard 337 milyon manat olaraq hesablanıb. Eyni zamanda cari xalis dəyəri 34.5 milyon manatdır. “Payback” dediyimiz geriödəmə müddəti 4.4 il nəzərdə tutulub. Layihənin icrası ilə əlavə 101 daimi iş yeri açılıb. Bununla da “Çovdar” layihəsi çərçivəsində regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 2400 nəfərə çatıb”.
Z.İbrahimov Gəncə şəhərində “AzerGold” QSC-nin törəmə şirkəti, dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılmış “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunun da tam rejimdə istifadəyə verildiyini xatırladıb: “Bu layihədə bizim tərəfdaşımız, “AzerBlast” MMC-nin həmtəsisçisi sahə üzrə ixtisaslaşmış “DM Servis” MMC-dir. Zavodda dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı həyata keçirilir. İlkin dövrlərdə zavodda illik 14000 ton partlayıcı maddə istehsalı nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin – 31500 tona çatdırılması planlaşdırılır”.
QSC sədri əlavə edib ki, layihənin kapital qoyuluşu 11 milyon manat, ümumi investisiya dəyəri isə 15 milyon manatdır: “Bu layihədə də vəsait dövlət büdcəsinə əlavə yük yaradılmadan, “AzerBlast” MMC-nin təsisçiləri – “AzerGold” QSC və “DM Servis” MMC tərəfindən təmin edilib. Zavodun Gəncə şəhərində inşa edilməsində məqsəd ölkəmizin əsas dağ-mədən sənaye mərkəzinə yaxınlıqda, həmçinin beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsidir. İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayan müəssisədə iş yerlərinin sayının 65 nəfərədək artırılması nəzərdə tutulub”.
Zakir İbrahimov: “AzerGold” fəaliyyətini bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirməyə çalışır”
“AzerGold” fəaliyyətini bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirmək istiqamətində qısa və ortamüddətli dövr üzrə bir sıra hədəflərə çatmağa çalışır”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov qeyd edib ki, hər şey böyük maliyyə vəsaiti tələb edən geoloji tədqiqatlardan, istismara hazırlıq işlərindən, eləcə də hasil ediləcək metalların bazar qiymətindən asılıdır: “Çünki biz texniki və iqtisadi əsaslandırmanı aparmalıyıq. Dağ-mədən sahəsində bu çoxmərhələli prosesdir. Geoloji kəşfiyyatdan danışarkən, məsələn, tədqiqat sahəsində süxurların bərkliyi, səth suları, həmçinin insan iradəsindən asılı olmayan digər təbiət amilləri mütləq nəzərə alınmalıdır. Bütün bunlar sözügedən prosesin nə qədər mürəkkəb və uzun mərhələlərdən ibarət olduğunu göstərir”.
QSC sədri bu layihələr sırasında Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl yatağını qeyd edib: “Bu yatağın istismarı 2028-ci ilə planlaşdırılır”.
Bildirilib ki, Culfa rayonunda yerləşən “Göydağ” mis yatağının isə indiki məqamda 2029-cu ildə istismara verilməsi proqnozlaşdırılır: “Göydağ” yatağı “Ortakənd” yatağından fərqli olaraq daha erkən tədqiqat mərhələsindədir”.
Z.İbrahimovun sözlərinə görə, Balakən rayonunda yerləşən “Filizçay” yatağı isə regionun ən böyük polimetal yatağıdır. Həmçinin ehtiyatlarına görə dünyanın ən böyük polimetal yataqları sırasındadır: “Polimetal yatağının 2028-ci ilə istismara verilməsi planlaşdırılır. Bu, texniki baxımından ən mürəkkəb layihələrimizdən biridir”.
Qeyd olunub ki, satellit hesab edilən “Mazımçay” mis yatağının da “Filizçay” yatağı ilə birgə istismarı 2028-ci ildə nəzərdə tutulub: “Satellit” müstəqil şəkildə istismarı səmərəsiz olan yataqlara deyilir. Bu mənada “Mazımçay” yatağının müstəqil şəkildə istismarı səmərəli hesab edilmir. Ona görə də “Filizçay” yatağı ilə birgə istismarı planlaşdırılıb”.
Əlavə edilib ki, Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində tədqiqatların nəticəsi müsbət olduğu təqdirdə 2030-cu ilədək həmin sahədə istismar işlərinə başlanılması planlaşdırılıb: “Tədqiqatların ilkin, yəni cari nəticələri işlərin müsbət istiqamətdə irəlilədiyini göstərir”.
Zakir İbrahimov: “AzerGold” uzunmüddətli perspektivdə inkişafını yeni hasilat sahələrinin işlənməsində görür”
“AzerGold” QSC uzunmüddətli perspektivdə öz inkişafını yeni hasilat sahələrinin işlənməsində, dolayısı ilə istehsalat və ixracda görür. Davamlılığın təmin edilməsi baxımından yeni yataqların işlənməsi mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
QSC sədri bildirib ki, faydalı qazıntı yataqları üzrə idarəetmə hüququnun verilməsində müstəsna səlahiyyət sahibi dövlətdir: “Hesab edirik ki, sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin idarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə şirkətin iqtisadi inkişaf tempinin bərpası, qorunması və təbii ki, artmasına səbəb olacaq”.
Z.İbrahimov qeyd edib ki, dünya təcrübəsinə baxsaq, bir qayda olaraq uğurlu dağ-mədən şirkətləri dayanıqlı iqtisadi inkişaf tempini balanslaşdırmaq məqsədi ilə paralel bir neçə hasilat sahəsi üzrə iş aparırlar: “Belə olan halda, operator şirkət məsələn 1 mədənin mürəkkəb mərhələsindən az gəlir əldə etməsinə baxmayaraq, digər mədənlərdən daha yüksək gəlir qazanaraq xərclərini kompensasiya edə bilər”.
Qeyd olunub ki, “AzerGold” Daşkəsən rayonunda yerləşən sadəcə bir hasilat sahəsində fəaliyyət apararaq, mədənçilik sahəsində uğurlar əldə edib: “2016-ci ildə fəaliyyətə başlayan zaman “AzerGold”un idarəetməsinə verilən sahələr arasında ən qısa zaman çərçivəsində icra edilə biləcək layihə “Çovdar” qızıl mədəni idi. Buna baxmaraq, nəinki “Çovdar” mədəni işə salındı, onun resursları da artırıldı və istismar dövrü uzadıldı. 2020-ci ildə onun bazasında Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi yaradıldı. Digər layihələr üzrə ən başdan, necə deyərlər sıfırdan tədqiqat işləri aparılmağa başlanıldı”.
Bildirilib ki, hazırda hasilat prosesi “Çovdar” sahəsində, yəni “Çovdar” və cinah qızıl yataqlarında istehsalat prosesinin daha mürəkkəb olduğu mərhələdə – mədənin Sulfid fazasında aparılır: “Sözügedən mərhələdə süxurların strukturu, ümumilikdə prosesin özü mürəkkəbdir. Nəticə etibarı ilə əməliyyat xərcləri də oksid fazası ilə müqayisədə daha yüksəkdir. Təbii ki, bu da qızıl və gümüş xammalının maya dəyərinin artmasını qaçılmaz edir. Qızılın dünya bazarında qiymətinin artmasına baxmayaraq, qlobal inflyasiya da özünü göstərir. Son illərdə bazar qiymətlərində də kifayət qədər bahalaşma qeydə alınıb. Bütün bunlar satışların maya dəyərinin artmasına səbəb olur. Bu da aktiv fəaliyyətə başladığı dövrdən etibarən yüksək mənfəətlə çalışan “AzerGold”un bir sıra maliyyə göstəriclərinə mənfi təsir edir. Yəni göstəricilərimiz indi də yüksəkdir. Sadəcə ötən dövrlərlə müqayisə aparsaq, təbii olaraq “Çovdar” mədənin sulfid fazasına keçməyimiz, maya dəyərində olan artımlar nəticəsində bəzi maliyyə göstəricilərində azalma olub. Sadaladığım amillər xalis mənfəətin, eyni zamanda EBITDA-nın (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) qismən azalmasına səbəb olan əsas faktorlardır”.
Z.İbrahimov əlavə edib ki, fəaliyyətin ilk illərinə nisbətən mənfəətin qismən azalmasına təsir edən səbəblərdən digəri isə törəmə şirkətlərimizə yönəldilən xərclərlə bağlıdır: “Daşkəsən Dəmir Filiz” MMC hələ ki, aktiv fəaliyyətə, yəni istehsalat prosesinə başlamayıb. Lakin Daşkəsən Dəmir Filiz” MMC-nin fəaliyyətinin təşkili müəyyən xərclər tələb edir. “AzerBlast” MMC isə tam rejimdə istehsalat prosesinə yeni başlayıb və məhsulların satışından əldə ediləcək gəlirlər MMC-nin mənfəətini formalaşdıracaq”.
QSC sədri hazırda 2023-cü il üzrə maliyyə hesabatlarının auditi aparıldığı üçün 2022-ci il maliyyə hesabatlarına istinad edib: “Bizim 2022-ci il üzrə törəmə şirkətlərlə birgə konsolidə edilmiş maliyyə hesabatlarımıza əsasən ümumi xalis mənfəətimiz 2.75% artıb. Lakin artım, satışın maya dəyərinin 26.4% bahalaşması fonunda satış həcminin artması hesabına qeydə alınıb. Buna baxmayaraq, EBITDA göstəricisində 3.25% azalma müşahidə edilib. Törəmə cəmiyyətlərin 2022-ci il üzrə 4 milyon manata yaxın zərərlərini də nəzərə alaraq, konsolidə edilmiş xalis mənfəət 51.4 milyon manat təşkil edib”.
“Operativ rəqəmlər əsasında deyə bilərəm ki, qeyd etdiyim səbəblərdən “AzerGold”un 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarıında xalis mənfəət və EBITDA göstəricilərində qismən azalmanın davam etdiyi müşahidə olunur. Bununla belə diqqətinizə çatdırım ki, törəmə şirkətlərimizin fəaliyyətinə etdiyimiz yatırımlar növbəti illərdə öz müsbət nəticələrini verəcək. Yəni geridönüşü olacaq, bu da sözsüz ki, ümumi maliyyə göstəricilərimizə öz müsbət təsirlərini göstərəcək. Ümumiyyətlə, iqtisadi indekslərimiz 2026-2027-ci illərdən sonra olduqca yüksək artım tempi ilə fəaliyyətimizin davam etdiriləcəyini deməyə əsas verir”.
Zakir İbrahimov “Filizçay” layihəsinin ilkin investisiya dəyərini açıqlayıb
“Hazırda Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji tədqiqatlar aparılır: “Həyata keçirilən laborator sınaq-tədqiqatlar sink, gümüş, mis və qurğuşunun əldə olunmasına hədəflənib. Təsəvvür edin ki, bir yataqda qeyd etdiyim metallar yerin təkində mövcuddur. Həmin metalların çıxarılması və yüksək çıxım faizi ilə emalını bir istehsal müəssisəsində təmin edən ən optimal texnologiyaya ilə həyata keçirilməlidir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib ki, “Filizçay” yatağınin ümumi filiz ehtiyatı 112.71 milyon ton, yerin təkində olan metal ehtiyatları isə cari birja qiymətləri nəzərə alınmaqla, qızıl ekvivalentində 10.7 milyon unsiya həcmində qiymətləndirilib: “Lakin əvvəlki illərdə süxur nümunələri üzərində aparılan təhlillər mənfi nəticələr vermişdi. Yəni nəticələrə əsasən yataqda böyük ehtiyatların olmasına baxmayaraq iqtisadi səmərəli istismar işlərinin aparılması mümkün hesab edilmirdi. Metalın filizdən çıxım faizi az olduğu halda, hasilat və emal prosesi səmərəli olmur. Lakin biz dünyanın bir çox nüfuzlu laboratoriyalarında analizlərimizi davam etdirdik. Sevindirici haldır ki, nəhayət bu yaxınlarda sink və mis üçün texnoloji həll tapmağa nail olduq. Sink üzrə filizdən çıxım 80.6 faiz, mis üzrə 53.5 faizə qaldırıldı. Hazırda gümüş və qurğuşun üzərində intensiv sınaqlar aparılır. Ümid edirik ki, müsbət nəticə əldə edə biləcəyik. Yalnız bundan sonra “Filizçay” yatağında istismar işləri iqtisadi səmərəli hesab olunacaq və infrastrukturun qurulması üçün müvafiq layihələndirmə, tikinti mərhələsinə keçid mümkün olacaq. Həmçinin “Filizçay” yatağı işə düşərsə, yaxınlıqda yerləşən digər yataqlarda, o cümlədən – müstəqil şəkildə istismarı iqtisadi səmərəli hesab edilməyən “Mazımçay”, “Katsdağ” mis yataqlarında da hasilat prosesinə başlanıla bilər”.
QSC sədri qeyd edib ki, “Filizçay” layihəsinin ilkin investisiya dəyəri 400 milyon manatdır: “Lakin texniki-iqtisadi əsaslandırmanın nəticələrindən asılı olaraq investisiya dəyərində dəyişiklik istisna edilmir. Amma böyük fərq gözlənilmir. Bir neçə beynəlxalq investor da layihədə iştiraka maraq göstərir. Həmin investorlarla görüşlərimiz, təmaslarımız davam edir”.
“AzerGold” QSC-nin sədri: “Ortakənd” sahəsinin yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb”
“Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Ortakənd” qızıl sahəsində isə 2018-2022-ci illər üzrə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib: “İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar aparılır. Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Hazırda aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi, səmərəli hasilat və emal texnologiyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Çıxarılabilən filizlərin blok modelləri hazırlandıqdan və yüksək çıxım faizli emal texnologiyası müəyyənləşdirildikdən sonra biz texniki-iqtisadi əsaslandırma mərhələsinə başlayacağıq”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” mis-porfir sahəsində ehtiyatlarin qiymətləndirildiyini deyən QSC sədri bu məqsədlə buruqqazma işlərinin həyata keçirildiyini, süxur nümunələrinin laboratiyalara sınaq üçün göndərildiyini bildirib. Həmçinin muxtar respublikada yerləşən “Başkənd” mis və “Nəsirvaz” qızıl təzahürü sahəsində axtarış-qiymətləndirmə mərhələsi üzrə geoloji tədqiqat proseslərinə start verildiyi diqqətə çatdırılıb.
Eyni zamanda Daşkəsən, Göygöl rayonlarında aktiv geoloji tədqiqatların aparıldığını deyən Z.İbrahimov qeyd edib ki, məqsəd hazırda aktiv hasilat fəaliyyəti həyata keçirilən bölgədə istismar müddətinin artırılması, iqtisadi aktivliyin qorunub saxlanılmasıdır: “İqtisadi aktivliyin qorunub saxlanılması bizim fəaliyyətimizin effektlərindən biridir. Çünki mədənlərin işi böyük sayda işçilərin hesabına təmin edilir. Sözsüz ki, həmin işçilərin böyük əksəriyyəti də mədənlərin yerləşdiyi bölgələri təmsil edən vətəndaşlardır”.
QSC sədri Şərqi Zəngəzurda aparılan geoloji tədqiqatlardan da danışıb: “Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində isə 2022-ci ildə axtarış-qiymətləndirmə işlərinə başlanılıb. Bir müddətdir ki, Kəlbəcər rayonunun şimal-qərb hissəsini əhatə edən “Şorbulaq” qızıl, xrom və civə təzahürləri sahəsində də axtarış-qiymətləndirmə işlərinə başlamışıq. “Şorbulaq” sahəsi Kəlbəcər rayonunun “Zod” yatağı ilə “Tuxtun” qızıl təzahürü sahəsinin arasında yerləşir. Sahəsi 59 min 322 hektardır. Hazırda minalardan təmizlənmiş 3 min 438 hektar ərazinin hüdudlarında axtarış işləri davam etdirilir”.
Zakir İbrahimov: “AzerGold” QSC ölkə üzrə geoloji kəşfiyyat proqramının icrasına dəstək göstərir”
“Milli dağ-mədən sənayesinin inkişafına davamlı töhfə verməyi qarşıya məqsəd qoyan “AzerGold” möhtərəm cənab Prezident İlham Əliyevin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq ölkə ərazisində mövcud olan filiz, qeyri-filiz yataq və təzahürləri üzrə geoloji kəşfiyyat proqramının icrasına da dəstək göstərir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
QSC sədrinin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə koordinasiyalı şəkildə həyata keçirilən tədqiqatlar Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Tovuz və Gəncə-Daşkəsən iqtisadi rayonlarının bir hissələrini əhatə edir. Proqram ümumilikdə 15 409 km2 ərazini əhatə edir. “AzerGold”un tədqiqat sahəsi isə 6080 km2-dir: “Səhmdar Cəmiyyət 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını və eləcə də Daşkəsən, Göygöl, Goranboy rayonlarını qismən əhatə edən sahələrdə hiperspektral peyk çəkilişlərinin icrasına başlayıb. Həmçinin Şərqi Zəngəzurun Kəlbəcər rayonunu əhatə edən sahədə hiperspektral peyk çəkilişləri həyata keçirilib. Eləcə də Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən sahələrdə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Helikopterin ölkədaxili imkanlar vasitəsilə təmin edilməsi və yaxud xarici ölkələrdən gətirilməsi məsələsinə baxılır”.
Z.İbrahimov qeyd edib ki, sərəncama uyğun olaraq potensial minerallaşma sahələrində aparılacaq tədqiqatlar nəticəsində ərazinin perspektivləri müəyyən olunacaq, potensial sahələr hüdudlandırılacaq: “Ümumilikdə, 2026-cı ilin sonunadək tədqiqat sahələrinin İlkin qiymətləndirilməsi aparılaraq, proqramın yekunlaşdırılması nəzərdə tutulub. İşlərin nəticəsi olaraq ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsinin tamamlanması nəzərdə tutulur”.
QSC sədri əlavə edib ki, ölkəmizdə sonuncu dəfə ən geniş miqyasda geoloji axtarış tədqiqat işləri 1991-ci ildə aparılıb: “Tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün pontesialı haqqında dəqiq təsəvvür yaratmış olacaq. Ölkə iqtisadiyyatının inkişafı naminə yeni kəşfiyyat layihələrinə yerli və xarici investorların cəlb edilməsinə zəmin yaradılacaq”.
Zakir İbrahimov: “AzerGold” geoloji tədqiqatlarda innovativ üsullardan geniş istifadə etməyə çalışır”
“AzerGold” QSC geoloji tədqiqatlarda innovativ üsullardan geniş istifadə etməyə çalışırıq. Çünki müasir dünyada iqtisadi indekslərə müsbət təsir edən amillərdən biri də innnovativ üsullardan istifadə etməkdir. Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri axtarışlar zamanı tətbiq edilir. Həmçinin aeroelektromaqnetik tədqiqat üsulunun tətbiqinə hazırlıq görülür. Bu üsullar perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsi, böyük vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsinə, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına imkan verir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
QSC sədri qeyd edib ki, hiperspektral peyk çəkilişlərinin əsas funksiyası böyük ölçülü ərazilərdə faydalı qazıntıların mövcud olmasına dair əlamətləri, necə deyərlər nişanələri təyin etməkdir: “Hiperspektral tədqiqatın əsası ondan ibarətdir ki, təbii işıq yer səthindən əks olunarkən hər bir süxur növu özünəməxsus rəng çalarlarında spektrləri əks etdirir. Peykdə yerləşdirilmiş yüksək ayırdetməyə malik xüsusi kameralar vasitəsilə bu spektrlərin fotoları çəkilir. Sonra çəkilmiş fotolar mütəxəssislər tərəfindən interpretasiya edilir. Məsələn, ayırd edilir ki, bu hissədə filiz əlamətləri var, digər hissədə su və sairə. Bu tədqiqat əsasında perspektiv və əhəmiyyətsiz sahələri ayırmaq mümkün olur ki, bu da növbəti mərhələlər üçün iş həcmini və xərcləri azaltmağa kömək edir. Bu metod tətbiq edilərkən nəzərə alınmalı bir çox məqamlar var. Məsələn, peyk çəilişləri aparılan zaman qarın olması və bitki örtüyünün sıx yarpaqlı dövrü arzuolunan deyil. Bunun üçün də çəkilişlərin yalnız ilin müəyyən dövrlərində – yazın əvvəli və ya payız aylarında yerinə yetirilməsi şərtdir”.
Z.İbrahimov bildirib ki, aeroelektormaqnetik tədqiqatlar zamanı isə helikopterdən asılmış xüsusi avadanlıq vasitəsilə yerin 100 metrlərlə dərinliyində yatan faydalı qazıntı kütlələrini müəyyən etmək mümkündür: “Belə ki, hər bir cisim özünəxas elektromaqnetik xüsusiyyətlərə malikdir və helikopterdən asılmış xüsusi avadanlıq vasitəsilə bu cisimlərin yaratdığı elektormaqnetik dalğalar tutularaq emal edilir. Nəticə olaraq qısa zaman ərzində yer səthinə müdaxilə etmədən dərin qatlara dair geoloji məlumatlar əldə olunur. Bu metodun tətbiqi zamanı təhlükəsizlik baxımından helikopterin uçuşu üçün zəruri şərait olmalıdır, havanın küləkli olmaması, yağıntıların olmaması əsas şərtlərdir”.
Zakir İbrahimov: “Xarici ölkələrdə də mədən layihələri icra edərək, dünya miqyaslı mədən şirkəti olmaq niyyətindəyik”
“Dövlət şirkəti kimi ən başlıca məqsədimiz dağ-mədən sahəsində aktiv fəaliyyətimizlə yerli istehsalı artıraraq, ölkəmizin ixrac imkanlarını genişləndirmək, məşğulluğun artırılmasına dəstək olmaq, beləliklə, sosial-iqtisadi inkişafa davamlı töhfələrimizi verməkdir”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bildirib ki, həmçinin qəbul etdiyimiz inkişaf strategiyasına uyğun olaraq təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də mədən layihələri icra edərək, dünya miqyaslı mədən şirkəti olmaq niyyətindəyik: “Eyni zamanda 2030-cu ilədək 1 milyard manat dövriyyəsi olan dağ-mədən şirkəti olmaq, ən böyük vergi ödəyicilərindən birinə çevrilmək əzmindəyik”.
Zakir İbrahimov: “AzerGold” ölkə miqyasında həyata keçirilən ekoloji əhəmiyyətli tədbirlərə öz töhfələrini verir”
“Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı bu il məhz ölkəmizdə təşkil edilir. İqlim dəyişikliyi ilə bağlı 29-cu beynəlxalq konfrans bu sahədə fəaliyyəti sürətləndirmək və Paris Sazişinin məqsədlərinə, o cümlədən atmosferdəki karbon qazının emissiyasının azaldılmasına nail olmaq üçün keçirilən tarixi görüşdür. 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edən ölkəmiz, əminəm ki, bu mötəbər tədbirlə iqlim dəyişikliyinin qlobal səviyyədə təsirlərinin azaldılması istiqamətində mühüm töhfələr verməyə nail olacaq”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Öz növbəsində, “AzerGold” QSC-nin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə miqyasında həyata keçirilən ekoloji əhəmiyyətli tədbirlərə öz töhfələrini verdiyini deyən Z.İbrahimov Səhmdar Cəmiyyətin öz fəaliyyətinii milli və beynəlxalq iqlim məqsədlərinə uyğunlaşdırdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, QSC-nin fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları beynəlxalq səviyyəli Protokola əsasən hesablanır. “Bu, emissiyalarımızı dəqiq qiymətləndirməyə və təkmilləşdirmə imkanlarını müəyyən etməyə imkan verir. Bundan başqa, biz enerji mənbələrimizi şaxələndirmək və alternativ enerji texnologiyalarını istehsalatda tətbiq etmək imkanlarını araşdırırıq. Söhbət günəş və ya külək enerjisi kimi bərpa olunan enerji layihələrindən gedir. Bu layihələrin tətbiqi imkanları atmosferdə karbon izimizi azaltmaq və davamlı enerji həllərini təşviq etmək baxımından bizim üçün olduqca əhəmiyyətlidir”.
“Qeyd etdiklərim törəmə müəssisələrimizin fəaliyyətində də prioritet istiqamət təşkil edir. Həm “AzerBlast” MMC-nin, həm də “Daşkəsən Dəmir Filiz” MMC-nin istehsal müəssisələrinin layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalar nəzərə alınıb. Məsələn, üstünlük verdiyimiz dəmir filizi üzrə HBI (Hot Briquetted Iron) – yəni, isti briketlənmiş dəmir texnologiyası klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaradır. Bu texnologiya həm də gələcəkdə istehsal prosesində hidrogenə keçid etməyə, beləliklə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi imkanı yaradacaq. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunu möhkəmləndirmək mümkün olacaq”, – deyə QSC sədri sözlərinə əlavə edib.
Zakir İbrahimov: “AzerGold” məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır”
“AzerGold” məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü siyasətə əlavə töhfələrini verir. Biz fəaliyyət göstərdiyimiz Daşkəsən rayonunda yerli icmaların gender bərabərliyi, inklüzivlik və digər meyarlar nəzərə alınmaqla hərtərəfli dəstəklənməsi yönündə ardıcıl və sistemli layihələr icra edirik”. Bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Z.İbrahimov bölgə ilə bağlı reallaşdırılan sosial əhəmiyyətli tədbirlər sırasında modul tipli məktəbin inşası, autizm spektr pozuntulu körpələrimizin inkişafına dəstək, hər il mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyaları, peşə təhsili üzrə təqaüd proqramları, şagirdlərin ali məktəblərə hazırlıq kurslarına cəlb edilməsi, qadınların məşğulluğunun artırılması, kəndli-fermer təsərrüfatlarının inkişaf etdirilməsi, idman meydançalarının əsaslı təmiri və yenidən qurulması layihələrini qeyd edib.