2022-ci ilin yanvar-may aylarında “AzerGold” QSC 34.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
2021-ci ilin eyni dövründə isə “AzerGold”un ixracdan gəliri 38.1 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 3.8 milyon dollar və ya 10% azdır.
Şirkətdən buna dair şərhdə qeyd edilir ki, 2022-ci ilin 5 ayı üzrə hasilat və ixrac göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər az olub.
“Bu, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədardır. Belə ki, mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və dayanıqlı hasilatın təmin edilməsi məqsədilə cari il ərzində icra olunan yenidənqurma işləri çərçivəsində ÇİRES-də mövcud qırıcı və konveyer xətlərinin süxurkeçirmə qabiliyyəti artırılaraq, müəssisənin istehsal imkanları yüksəldilib. Nəticədə, əvvəlcə xırdalama sahəsində saatda 210 ton filiz emal edilirdisə, optimizasiya işlərindən sonra qeyd olunan həcmin 43% artırılaraq saatda 300 tona çatdırılmasına nail olunub. Beləliklə, optimizasiya işləri hasilat və ixracatın cari ilin 3-cü rübündən etibarən artırılmasına və ötən ilin yekun göstəricilərindən daha artıq icra edilməsinə imkan yaradacaq”- deyə, açıqlamada deyilir.
Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.