2 C
Baku
Saturday, December 14, 2024

“Bakı aeroportundan istifadə haqqı yüksəkdir”-Wizz Air rəsmisi

Azərbaycanda turizm mövsümü başlasa da, insanlar səyahət etməklə bağlı ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.

Səbəb quru sərhədlərin bağlı olması və təyyarə biletlərinin qiymətinin yüksək olmasıdır.

Sosial şəbəkələrdə də bununla bağlı məsələlərin müzakirəsi geniş vüsət almağa başlayıb.

Mövcud vəziyyətdə ümidlərini aviareyslərə bağlayan vətəndaşlar digər ölkələrlə müqayisədə Azərbaycanda biletlərin baha, uçuşların sayının isə az olmasından gileylənirlər.

Milli Məclisdə vətəndaşları təmsil edən millət vəkilləri və müstəqil ekspertlər səbəbi inhisarçılıqda görür və buna görə Azərbaycan Hava Yolları – AZAL şirkətini ittiham edirlər.

Ötən ili maliyyə itkisi ilə başa vurmuş, biletlərinin qiyməti orta aylıq əmək haqqı 850 manatdan aşağı olan bir azərbaycanlının büdcəsi üçün həddindən artıq yüksək AZAL isə, ona ünvanlanan bir çox ittihamlara cavab verməsə də, BBC Azərbaycancaya “xarici ölkələrə uçuş qiymətlərini şirkət özü müəyyənləşdirir” deyə şərh verib.

Azərbaycanda nəinki AZAL, hətta Avropa ölkələrində bəzən 10-20 avroya belə bilet satan büdcə hava yolları şirkəti- Wizz Air-in biletləri də bahadır.

Wizz Air və Azərbaycanda işləyən digər büdcə hava yolları şirkəti Pegasus Airlines BBC-yə deyib ki, bu bahalıq, Bakı aeroportundan istifadə ilə bağlı xidmət haqlarının yüksək olmasından irəli gəlir.

“Bakı aeroportundan istifadə haqqı yüksəkdir”

Azərbaycan Hava Yolları QSC-dən BBC-yə bildirilib ki, daxili uçuşlarda qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, xarici ölkələrə uçuş qiymətlərini şirkət özü müəyyənləşdirir. Lakin qurum qiymətləri hansı meyarlara əsasən müəyyənləşdirilməsinə dair sualımıza cavab verməyib.

Araşdırmalar zamanı məlum olub ki, AZAL və Buta Airlines kimi dövlət şirkətləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Wizz Air və Pegasus Airlines kimi özəl aviasiya şirkətlərinin də bilet qiymətləri, həmin şirkətlərin digər ölkələrdə satdıqları biletlə müqayisədə olduqca bahadır.

Wizz Air havayolu şirkətinin korporativ əlaqələr meneceri Zsuzsa Trubek BBC-nin sorğusuna cavab olaraq bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycandan uçuşların baha olması Bakı aeroportundan istifadə ilə bağlı xidmət haqlarının yüksək olmasından irəli gəlir.

“Hava limanı xidmətlərinə görə Azərbaycan Hava Yollarına ödədiyimiz xidmət haqqı Gürcüstanla müqayisədə 6-8 dəfə bahadır. Ermənistanla müqayisədə isə Azərbaycandan həyata keçirilən uçuşlar 20-40% baha başa gəlir”, Zsuzsa Trubek bildirib.

Pegasus Airlines şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Rəcəb Kərimov da BBC-yə müsahibəsində uçuşları həyata keçirərkən əsas onun rentabelliyinin – uçuş istiqaməti, sərnişinlərin sayı və bazarın böyüklüyünün nəzərə alındığını bildirib.

O, aeroport xidmətlərinin qiymətinin də burada mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, Avropa ölkələri, eləcə də yaxın qonşu ölkələrlə müqayisədə Azərbaycan Hava Yollarının təklif etdiyi qiymətlər daha yüksəkdir. Bu da dolayısı ilə biletlərin satış qiymətinin artmasına gətirib çıxarır.

“Gürcüstanla müqayisə etsək Azərbaycanda aeroport xidmətləri 15% çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Azərbaycanın regionlarından uçuşların həyata keçirilməsi üçün daha ucuz xidmətlər təklif edilsə də, orada sərnişin sayı olduqca aşağıdır, bu da şirkətlərə sərf etmir,” Rəcəb Kərimov deyib.

WizzAir şirkətinin saytında iyulun sonlarından avqustun ortalarınadək Bakı-Budapeşt-Bakı gediş-dönüş qiymətlərini araşdırdığımız zaman qiymətin təxminən 880 avro (1510 AZN) olduğunu gördük.

Pegasus hava yolları şirkətinin eyni vaxtda Bakı-İzmir-Bakı reyslərinə biletinin qiyməti ən ucuz halda, 974 manatdır.

Son xəbərlər
Digər xəbərlər