2 C
Baku
Saturday, December 14, 2024

Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiqləyib.

Marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı gəlirlər nəzərə alınır:

– gediş haqları üzrə gəlirlər;

– sair gəlirlər (reklam və sərnişindaşıma fəaliyyəti ilə əlaqədar yaranan digər gəlirlər).

Marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə əlaqədar subsidiya verilməsi məqsədilə aşağıdakı xərclər nəzərə alınır:

– marşrutlar üzrə stansiyalarda, qatarlarda olan işçilərin və bu marşrutlara bilavasitə xidmət edən digər struktur vahidlərində çalışan işçilərin əməkhaqqı və əməkhaqqına görə ayırmalar;

– enerji xərcləri;

– hərəkət tərkibinin təmiri və ehtiyat hissələri ilə bağlı xərclər;

– sığorta xərcləri;

– müvafiq marşrut üzrə istifadə olunan dəmir yolu stansiyalarının və sərnişin platformalarının saxlanma və istismar xərcləri;

– Sərnişindaşıma departamentinin aparatının saxlanması ilə bağlı xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır);

sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan və öz vəsaitləri hesabına əldə olunan əsas vəsaitlərin amortizasiya məbləği;

– sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi zamanı istifadə olunan əsas vəsaitlərin öz vəsaitləri hesabına kapitallaş-dırılmış əsaslı təmir məsrəfləri üzrə amortizasiya məbləği;

– sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi üçün əsas vəsaitlərin alınması (tikilməsi və ya quraşdırılması) ilə əlaqədar əldə edilmiş kreditlər üzrə faiz məbləğləri və gəlirdən çıxılan vergilər;

marşrutlar üzrə infrastrukturun istismarı və saxlanması xərcləri;

– xidmətin göstərilməsi üçün digər əməliyyat xərcləri;

– birbaşa sərnişindaşıma fəaliyyətinə aid edilməsi mümkün olmayan xərclər (ümumi xərclərdə xüsusi çəkisi tapılmaqla hesablanılır).

Daşıyıcının dəmir yolu nəqliyyatı vasitəsilə marşrut üzrə ardıcıl ikiillik sərnişindaşıma fəaliyyəti zərərlə nəticələndiyi halda, daşıyıcıya subsidiya verilir.

Subsidiya daşıyıcının bu Qaydaların 3-cü hissəsində göstərilən qaydada hesablanılmış ortaillik xərc məbləğinin 50 faizindən və ortaillik zərər məbləğindən artıq olmamaqla müəyyən edilir.

Subsidiya məbləğinin müəyyən edilməsi üçün ortaillik zərər məbləği və ortaillik xərc məbləği aşağıdakı kimi hesablanılır:

– ikiillik dövr ərzində sərnişinlərin cəmi sayı (Sfp) keçən maliyyə ili və cari ilin birinci yarımillik dövrü üzrə faktiki sərnişinlərin sayı və cari ilin ikinci yarımillik dövrü üzrə gözlənilən sərnişinlərin sayının cəmindən ibarət olmaqla aşağıdakı düstura əsasən hesablanılır:

Sfp = Sf + Sf1 + Sp

– bir sərnişinə düşən orta çəkili gəlir məbləği (Gs) bu Qaydaların 2.1-ci bəndi ilə müəyyən edilmiş gəlir növləri üzrə ikiillik gəlirlərin (keçən maliyyə ili, cari ilin birinci yarımillik dövrü üzrə faktiki gəlirlərin və ikinci yarımillik dövrü üzrə gözlənilən gəlirlərin) cəmi məbləğinin həmin dövr ərzində sərnişinlərin cəmi sayına bölünməsi ilə aşağıdakı düstura əsasən hesablanılır:

Gs = [Gf + Gf1 + Gp] / Sfp

– bir sərnişinə düşən orta çəkili xərc məbləği (Xs) bu Qaydaların 2.2-ci bəndi ilə müəyyən edilmiş xərc növləri üzrə ikiillik xərclərin (keçən maliyyə ili, cari ilin birinci yarımillik dövrü üzrə xərclərin və ikinci yarımillik dövrü üzrə gözlənilən xərclərin) cəmi məbləğinin həmin dövr ərzində sərnişinlərin cəmi sayına bölünməsi ilə aşağıdakı düstura əsasən hesablanılır:

Xs = [Xf + Xf1 + Xp] / Sfp

– bir sərnişinə düşən orta çəkili gəlirdən 1 sərnişinə düşən orta çəkili xərc məbləği çıxılmaqla fərq hesablanılır;

F = Gs – Xs

– fərq məbləği mənfi olduğu təqdirdə bir sərnişinə düşən orta çəkili zərər (mənfi fərq) məbləği həmin dövr (iki maliyyə ili) ərzində dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin ortaillik sayına vurulmaqla ortaillik zərər məbləği (Zs) aşağıdakı düstura əsasən hesablanılır:

F < 0, Zs = F

Sor = Sfp /2

Z = Zs x Sor

Subsidiyanın məbləği ortaillik xərc məbləğinin 50 faizindən və ortaillik zərər məbləğindən artıq olmamaqla aşağıdakı kimi müəyyən edilir.

[Xs x Sor] x 50% < SM < Z

Qeydlər:

F – bir sərnişinə düşən orta çəkili gəlirlə 1 sərnişinə düşən orta çəkili xərc məbləğinin fərqi;

Gs – bir sərnişinə düşən orta çəkili gəlir məbləği;

Gf – keçən maliyyə ili ərzində faktiki gəlirlər;

Gf1 – cari maliyyə ilinin birinci yarımillik dövrü ərzində faktiki gəlirlər;

Gp – cari maliyyə ilinin ikinci yarımillik dövrü ərzində proqnozlaşdırılan gəlirlər;

Xs – bir sərnişinə düşən orta çəkili xərc məbləği;

Xf – keçən maliyyə ili ərzində faktiki xərc məbləği;

Xf1 – cari maliyyə ilinin birinci yarımillik dövrü ərzində faktiki xərc məbləği;

Xp – cari maliyyə ilinin ikinci yarımillik dövrü ərzində proqnozlaşdırılan xərc məbləği;

Sf – keçən maliyyə ili ərzində faktiki sərnişinlərin sayı;

Sf1 – cari maliyyə ilinin birinci yarımillik dövrü ərzində sərnişinlərin faktiki sayı;

S– cari maliyyə ilinin ikinci yarımillik dövrü ərzində sərnişinlərin proqnozlaşdırılan sayı;

Sfp – keçən maliyyə ili və cari ilin birinci yarımillik dövrü üzrə sərnişinlərin faktiki sayı və cari ilin ikinci yarımillik dövrü üzrə sərnişinlərin gözlənilən sayının cəmi;

Sor – keçən maliyyə ili və cari ilin birinci yarımillik dövrü üzrə sərnişinlərin faktiki sayı və cari ilin ikinci yarımillik dövrü üzrə gözlənilən sərnişinlərin sayının cəminin yarısı (1/2 hissəsi);

SM – subsidiya məbləği;

Z bir sərnişinə düşən orta çəkili zərər məbləği;

Z – ortaillik zərər məbləği.

Daşıyıcı marşrut üzrə sərnişinlərin daşınması fəaliyyəti ilə əlaqədar yaranan zərərin bu Qaydaların 2.3-cü bəndinə uyğun olaraq ödənilməsi məqsədilə dövlət büdcəsinin layihəsində nəzərə alınması üçün cari ilin 15 iyul tarixindən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edir. Müraciətə bu Qaydalara uyğun olaraq gəlir və xərc məbləğləri, habelə sərnişinlərin sayı barədə məlumatları və təsdiqedici sənədləri (maliyyə hesabatları, bu Qaydalarda göstərilən gəlir və xərclər, habelə sərnişinlərin sayı üzrə daşıyıcının hesabatı), onların əsasında hesablanmış subsidiya məbləği barədə məlumatı əlavə edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daşıyıcının təqdim etdiyi məlumatlar və təsdiqedici sənədlər daşıyıcının hesabladığı subsidiya məbləği yoxlanılır və cari ilin 15 avqust tarixindən gec olmayaraq razılaşdırılmış proqnoz subsidiya məbləği ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və daşıyıcı arasında bu Qaydalara əlavə edilmiş nümunəvi formaya uyğun Çərçivə Protokolu imzalanır və nəzərə alınır.

Bu Qaydaların tələblərinə uyğun olaraq razılaşdırılmış proqnoz subsidiya məbləğinə əsasən növbəti il üçün dövlət büdcəsinin tərtibində daşıyıcı üçün ayrılacaq subsidiya məbləği nəzərə alınır.

Bu Qaydalara uyğun olaraq hesablanılmış və dövlət büdcəsində nəzərə alınmış subsidiyanın ödənilməsi cari il ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə daşıyıcı arasında razılaşdırılmış bölgüyə əsasən həyata keçirilir. Cari ilin yanvar ayının 31-dək daşıyıcı tərəfindən ötən il üzrə dövlət büdcəsindən ayrılmış subsidiyanın istifadəsi barədə hesabat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir və ötən il ərzində faktiki sərnişinlərin sayı, gəlirləri və xərcləri əsasında aparılan hesablamalar nəticəsində daşıyıcıya artıq ödənilən subsidiya məbləği müəyyən edildiyi təqdirdə, onun cari ildə daşıyıcıya ödəniləcək subsidiya məbləğinin ödənilməsi zamanı nəzərə alınması təmin edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər