6 C
Baku
Sunday, December 15, 2024

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisəni baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, bu gün Binə-Koroğlu istiqamətində hərəkətdə olan 160 saylı marşurut xətti ilə içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan yük qatarının yoluna çıxıb. Bu zaman yük qatarı avtobusu vurub. Qəza nəticəsində 1 azyaşlı ölüb, azı 34 nəfər xəsarət alıb.

ADY açıqlama verib

“Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşmasında maşinistin heç bir günahı yoxdur və hər iki tərəfdə şlaqbaum bağlı olub”.

Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Report-a deyib.

O bildirib ki, 12 boş çən vaqonundan ibarət olan 3703 nömrəli qatar Dübəndi stansiyası istiqamətində hərəkət edirmiş: “Avtobus qatarın keçməsini gözləmədən onun yoluna daxil olub və məlum qəza baş verib”.

S.Qədirovanın sözlərinə görə, 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobus yol hərəkəti qaydalarını pozaraq qorunan keçidə, yəni bağlı şlaqbauma daxil olub və qatarla toqquşub: “Avtobus hərəkətdə olan lokomotivin qarşısına çıxıb. “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələbləri sürücü tərəfindən pozulub. Nəticədə lokomotiv 90 dərəcə istiqamətində reysdən çıxaraq çevrilib. Qatarın maşinisti şok vəziyyətindədir”.

Qeyd edək ki, hadisə zamanı xəsarət alanların sayı 34-ə çatıb. Yaralılardan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.

Son xəbərlər
Digər xəbərlər