-1 C
Baku
Sunday, December 15, 2024

Bakıda velosiped yollarının yaradılmasına başlanıb

Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Banker.az xəbər verir ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun – velosiped yollarının, zolaqlarının yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib. “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı – Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski – Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulmuşdur. Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır.

Eyni zamanda, şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilmişdir.

Əhalini velosiped sürməyə təşviq edən aksiyalara tam dəstəyimizi ifadə edərək, bu cür təşəbbüsləri alqışlayırıq. Bu dəstəyin nümunəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil – çox həyat” devizi altında təşkil edilən veloyürüşə Bakı Nəqliyyat Agentliyinin 30 nəfərdən ibarət kollektivi də qatılmışdır. Veloyürüşdə iştirakına və təbirə dəstəyinə görə Bakı Nəqliyyat Agentliyinin komandası diplomla təltif edilmişdir.

Son xəbərlər
Digər xəbərlər