“Baku Electronics” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Abbas Rzayevdir.
İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Məlumat üçün bildirək ki, “Baku Electronics” iyun ayında İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən məhkəməyə verilmişdir.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda Respublika üzrə 31 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.