-1 C
Baku
Sunday, December 15, 2024

“Bankda rəhbər vəzifədən sərbəst həyata doğru”

Banker.az sabiq bankir, sahibkar, jurnalist, bloger və “freelancer”, biznes konsultant və kreativ insan Ramin Musayev ilə müsahibəni təqdim edir.

Ramin bəy, özünüz haqda hər şeyi əvvəldən danışa bilərsinizmi? Ramin Musayev kimdir? 

Hamı məni bloger və jurnalist kimi tanıyır. Təhsilimin iqtisadçı və maliyyəçi olduğunu eşidəndə, çox adam təəccüblənir. Məni uzun illər tanıyanlar isə bilir ki, əsas biznes karyeramı bankda başlamışam.

Ali təhsil ilə bərabər iş təcrübəm də olub. Azərbaycan Dövlət İqtisad Universitetində uçot və iqtisad fakultəsinin axşam şöbəsinə daxil oldum və eyni zamanda Dövlət Təchizat Komitəsinin Hesablama Mərkəzində operator vəzifəsində işləməyə başladım. Diplomu iqtisadçı-mühasib kimi almışam.

Amma, uşaq yaşlarından işləmişəm, 5 yaşından pul qazanmağa nail olmuşam. Babamgildə olanda, mənə bağda onlara kömək etməyimi xahiş etdilər. Məndə bunu ödəniş qarşılığında edəcəyimi bildirdim. Razılaşdılar. Bu da mənə həyatda əməyimin, zəhmətimin qarşılığında gəlir əldə etməyi öyrətdi. Hər yay tətilində kənddə işləyib, pul toplayırdım, qayıdanda isə həmin pullara rəsm albomu, plastilin və avtomobil oyuncaqları alırdım. Uşaqlıqdan rəsm çəkməyi, plastilinlə avtomobil və motosikl düzəltməyi sevirdim. Əsas marağım isə kitab oxumaq olub. Atam kitablara çox dəyər verirdi. Bu kitabların bir hissəsi kibernetika ilə bağlı idi. O, fizika, riyaziyyat sahəsində alim və kibernetik olub.

1990-ci il, əsgərlikdən qayıtdıqdan sonra müxtəlif yerlərdə kassir, mühasib və iqtisadçı olaraq çalışmışam. Sonra isə həyat mənə sürpriz etdi. Banka işə qəbul olmağım təsadüf nəticəsində oldu. İlk növbədə, kredit şöbəsində sıravi işçi olaraq başladım. Amma buna baxmayaraq, bankın bütün işləri ilə maraqlanıb,öyrənirdim. Bankda fəaliyyətimin qısa müddət olmasına baxmayaraq, bir neçə aydan sonra məni kredit şöbəsinin rəisi təyin etdilər. Bizim şöbənin rəisini Sədrin müavini təyin edərkən, öz yerinə məni tövsiyə etmişdi. Şöbədə qısa müddətdə dəyişikliklər etdim, işin effektivliyini yüksəltdim. Bundan həm rəhbərlik, həm də tabeçiliyimdə olan işçilər razı qaldı.

80116252 2597839666936746 6182040050277023744 n

Bir il sonra Azərbaycan Banklar Assosasiyası, Türkiyə Banklar Birliyi  və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ümumi layihəsi ilə keçmiş sovet ölkələrində bankçılığın inkişafı ilə bağlı olaraq bank əməkdaşlarının Türkiyədə müvafiq sahə üzrə təhsilini təşkil edirdilər. Mən də bu proqramda iştirak etmək məqsədi ilə müraciət etdim, testdən və müsahibədən uğurla keçdim. Azərbaycandan 9 nəfər 1 il müddətinə Türkiyənin İstambul şəhərinə, Türkiyə Banklar Birliyinin təhsil mərkəzinə getdik. Təlim həm çox intensiv (həftədə 5 tam gün və şənbə günü yarım gün), həm də material baxımdan çox əhatəli təşkil edilmişdi. Dərsləri bankda işləyən şəxslər keçirdi və öz təcrübələrini  bölüşürdülər.

Sovet dövləti dağıldıqdan sonra Azərbaycan universitetlərində, sosializmdən kapitalizmə keçid dövründə yeni dövrün iqtisadi prosesləri tamamilə fərqli olduğu üçün müəllimlər yeni tədris proqramına hazır deyildilər. Ümumilikdə götürsək, mən universitet təhsilimi məhz elə Türkiyədə aldım. Ordakı proqramda bizə həm ümumi iqtisadiyyat, mühasibat, həm də bank işi haqqında kifayət qədər dərin təhsil verdilər.

Türkiyədə təhsil nə qədər sizin karyeranıza təkan verdi?

Vətənə qayıtdıqdan sonra, vaxtaşırı Türkiyədən daxil olan hesabatları oxuyan “Azkombank”ın sahibi və Müşahidə Şurasının Sədri ən yaxşı tələbə olduğumu görüb, məni Sədr Müavini təyin etdi və beynəlxalq əməliyyatları mənə tapşırdı. Bununla yanaşı mənə gətirdiyim gəlirdən faiz şəkilində bonus ayırdı ki, şəxsi marağım olsun, daha həvəslə işləyim. Bankın rəhbəri çox bacarıqlı və ağıllı iş adamı idi. 24 yaşında mən artıq yüksək mənfəətli özəl bankın sədr müavini olaraq çalışırdım. Təsəvvür edin ki, o zamanlar beynəlxalq əməliyyatlar üzrə mütəxəssislər çox az idi. Hətta mən digər bankların əməkdaşlarına akkreditiv və qarantiyalar haqqında təlimlər keçirdim. 1994-ci ildə biz artıq bank qarantiyaları və akkreditivlərlə işləməyə başladıq. Həmin illərdə bu nadir əməliyyatlar idi.

80726819 587404031834092 4470979350757376000 n scaledElə oldu ki, şəxsi işlərimlə bağlı olaraq Avropaya 2 həftəlik getdim və nəticədə orada 1 il müddətində qaldım. Bakıya qayıdanda artıq əvvəl işlədiyim bank yox idi. Elə həmin vaxtlar “Azekobank” tərəfindən sədr müavini vəzifəsinə dəvət olundum. Bu bankda da mənim əsas funksiyam Beynəlxalq şöbənin fəaliyyətinin genişləndirilməsi, beynəlxalq banklarla münasibətlərin qurulması idi. Çünki bu tip sahəni bilən mütəxəssislər demək olar ki, barmaqla saymaq olardı.

O zaman Türkiyədə təhsil alan digər şəxslərdə vardı axı?

– Təəsüf ki, Türkiyədə təhsil alan 9 nəfərdən heç birimizi yeni yaranan bankçılıq sahəsinin inkşaf etdirilməsini üçün cəlb etmədilər. Bəziləri öz bankında karyera qurmağa nail oldu. 1 nəfər ABŞ-a təhsilini davam etdirməyə getdi və sonradan IFC-yə iş dəvəti aldı. Yəni bizim dövlətə verə biləcəyimiz xeyir və imkanlarımızdan istifadə edilmədi. Mərkəzi Bankdan bizi heç axtaran da olmadı.

Mən isə öz fəaliyyətimi davam etdirdim. 1996-cı ildə təklifimlə tanınmış PriceWaterhouse audit şirkətini banka audit etmək üçün dəvət etdik. Auditə mən nəzarət edirdim. Hesabat çox müsbət alındı. Bunu görən digər banklar, onlarda da eyni prosesi etmək üçün dəvət edirdilər.

Həmin ilin sonunda Azərbaycandan 11 bankın rəhbər şəxsləri Almaniyaya kolleqalarla görüşə dəvət aldılar və mən də bu görüşə qatıldım. Frankfurtda olarkən, artıq əməkdaşlıq etdiyimiz  “Deutsche Bank” nümayəndələri ilə görüş zamanı bankımız üçün kredit xətti almağa nail oldum. Belə hal Azərbaycanın özəl bankları üçün arzu olunan istəklərdən idi. O dövrdə özəl bankın alman bankından kredit xətti alması inqilab kimi qiymətləndirilirdi. Əlbəttə ki, bu rəhbərlik tərəfindən yüksək qiymətləndirildi.

İşlədiyim dövrdə həmin bankda bir çox yeniliklər etdim. Məsələn, xaricə gedənlər üçün “Thomas Cook” səyahət çeklərinin satışını təşkil etdim. Bu bazarda böyük marağa səbəb oldu. Bu ideayanı mənə görüş zamanı “Dresdner Bank”ın nümayəndəsi vermişdi.

Yaxud, müəyyən banklar və maliyyə qurumlarının əhalidən çox yüksək faizlə əmanətlər cəlb edib, onları aldadandan sonra banklara etibar qalmamışdı. Ona görə banklar Mərkəzi Bankdan kredit alaraq, öz müştərilərinə verirdilər. Mən isə təklif etdim ki, əhalidən əmanətləri toplaya bilərik, bu bizə daha ucuza başa gələr.

Təklifləri edəndə, idarə heyəti bunların uğurlu olacağına inanmırdı. Mən də məsuliyyəti öz üzərimə götürərək, başladım. Hər iki halda mən onlardan fərqli olaraq, yolunu bilirdim. Yolu isə mediadan keçirdi, yəni aktiv reklam kampaniyası. Bu da öz bəhrəsini verdi. Qısa müddətdə çeklərin satışı yüksəldi, həmçinin əmanətlərin miqdarı sürətlə artdı.

O zaman niyə bankdan ayrıldınız?

– O dövrlərdə banklar çox kiçik idilər. Bu səbəbdən bank rəhbərliyinə hər hansı bir layihə və ya təkliflə müraciət etdikdə, cavab alırdım ki, hələ buna hazır deyilik və s. Ona görə bankdan ayrılıb, öz biznesimi qurmaq qərarına gəldim. Məqsəd isə öz ideya və layihələrimi reallaşdırmaq idi. 28 yaşım vardı, gənc və ambisiyalı idim, həm də artıq yerli və xarici strukturlarda yüksək səviyyəli əlaqələrim var idi.

Mən ilkin olaraq istehsalatla bağlı biznes qurmaq istəyirdim və bu səbəbdən AYİB (EBRD) təşkilatına bir neçə layihəmizi təqdim etmişdim. Məni AYİB-in rəhbərinə PriceWaterhouse-un direktoru tövsiyyə etmişdi. Bunlardan biri ixrac yönəmli, 2 milyon dollar yatırımlı, şpon fabriki idi. Çox maraqlanmışdılar, bununla bağlı uzun danışıqlıqlarımız oldu, razılığa gəldik. Bu proyektlə bağlı mən 3 həftə Avropa ölkələrində ezamiyyətdə oldum və xarici partnyor, ixracatcı və istehsalçılar ilə danışıqlar apardım. Lakin, yekun mərhələlərdə bizimlə bağlı olmayan bir hadisə baş verdi və AYİB müvəqqəti olaraq Azərbaycanda olan proyektlərin bir hissəsini dondurdu.

Bu hadisə həm gülməli, həm də kədərlidir. Bizimlə çox pozitiv keçən görüşdən sonra İçəri Şəhərdəki ofisə qayıdan London nümayəndəsi və yerli komandaya, yəni AYİB ofisinə, silahlı basqın olmuşdu. Qarətçilər oradan milyonlarla dollar aparacaqlarını düşünürdülər. Amma, bu savadsızlar bilmirdilər ki, Avropa Yenidənqurma və İnkişaf Bankı adi bank deyil və onların seyflərində nağd pul olmur. Bax ona görə iqtisad təhsili almaq lazımdır (gülür).

Buna baxmayaraq mən başqa proyektlərlə işimə davam edirdim. Nəticədə ən qabacıl mətbəə və nəşriyyat sahəsində biznes qurdum, həmçinin 2002-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Apple” şirkətinin biznes partnyoru oldum və rəsmi olaraq ölkəmizə gətirdim. “Alma Store” markasının yaradılması və tanıdılması mənim şəxsi məhsulumdur, bununla fəxr edirəm. Bir neçə maraqlı markaları da qeydiyyatdan keçirmişəm.

Ramin bəy, Azərbaycanda həm bankda işləyən şəxslər, həm də digər şəxslər biznes qurmaq istəyir. Bəs sizin bizneslər uğurlu oldumu? 

Azərbaycanda hamı biznes qurmaq istəyir (gülür). Bu daha çox insanların eqoları ilə bağlıdır. Yəni bunun arxasında çox vaxt biznes fikirlər, ideyalar, məhsulun təkmilləşdirilməsi, yeni bazarların yaradılması durmur. İnsanlar biznesi sırf göstəriş üçün edirlər, böyük ofis, çox sayda işçi götürürlər ki – mən də uğurlu iş adamıyam. Amma fikirləşmirlər ki, bunlar böyük maliyyə və vaxt xərci tələb edir. Biznesi bu qədər xərclə, kiçik marja ilə uğurlu etmək mümkün deyil və belə şirkətlər gec-tez bağlanmağa məhkumdurlar.

79835202 587311678694814 6505552410239303680 nOrta statistik azərbaycanlı kənardan çox ciddi və sanballı görünməyi xoşlayır (gülür). Ona görə yollarımızda çoxsaylı bahalı avtomobillər, bahalı geyim mağazaları mövcuddur. Düşünürəm ki, adambaşına düşən saya görə bu qədər Bentley və Gelandewagen-lərə görə Avropa və ABŞ-ı qabaqlayırıq. O ölkələrdə belə avtomobilləri yalnız multimilyonerlər alır, bizdə isə ayda 4-5 min gəliri olanlar kreditlə əldə edir.

Son böhran bunu aşkarladı və bir çox belə şirkətlər müflis oldu. Hələ ilk devalvasiyadan sonra mən öz bloqumda fikrimi bölüşərək, bizim 5-6 ildən sonra böhranın olmasına sevinəcəyimizi yazmışdım. Bunun nəticələrindən biri də qeyri neft sahəsinin inkişafı və biznes üçün daha yaxşı şərtlərin yaradılmasıdır. Bu ilin əvvəlindən Vergilər Nazirliyi və Gömrükdə ciddi reformlar baş verib. Bu faktorlar rəsmi uçot apararaq bazarda rəqabətə, daha bacarıqlı adamlara imkan açır. Rəsmi mühasibatla çalışaraq, daha çox mənfəət əldə etmək olar. Bunu hələ çox adam anlamır və hələ də köhnə vaxtlar üçün “ağlayır”.

Biznesə baş vurmaqda mənim məqsədim başqa idi. Mən topladığım bilik və təcrübədən istifadə edərək öz ideyalarımı reallaşdırmaq istəyirdim. 1999-cu ildə məhz bankdan bu səbəbdən ayrılmışdım. Amma mən həmin dövrlərdə bir çox səhvlər buraxmışam, bu da məni acı təcrübə üzərində yetişməyə imkan yaradıb.

Müəyyən uğursuzluqlardan sonra mən yalnız 2 biznesi saxladım və onlarla davam etmək qərarı verdim – Apple partnyorluğu və “İmpress” nəşriyyatı. 3 jurnal nəşr edirdik – Autograph, PassageArchitech. Bu jurnalların hər biri öz sahəsində lider idi. “Architech” arxitektura və dizayndan bəhs edən jurnal idi və bazarda kifayət qədər sevilirdi. Lakin öz sahəsində lider olmasına baxmayaraq, bir müddət sonra bazarda böhranlar başladı və jurnal artıq 1 il zərərlə işlədikdən sonra onu dondurmaq qərarına gəldim. “Autograph” jurnalı 11 il çap versiyasından sonra, 2013-cü ildə elektron formata – internet jurnalı olaraq fəaliyyətə davam edir. Bu gün biz ölkədə yeganə avtomobil jurnalıyıq. Digərləri çap versiyalarında davam edərək bağlandılar. Hər zaman məni həyatda baş verən hadisələr və intuisiyam qoruyur.

Məhz jurnalın internetə miqrasiyasına motosikl qəzasına düşdükdən sonra qərara verdim. Bir il sonra isə Apple biznesindən ayrıldım. Buna səbəb isə qəzadan sonra aldığım kəllə beyin travmasının nəticələri idi. Bu travmadan sonra çox adam heç normal həyata qayıda bilmir, mən isə həyat uğrunda mübarizə aparırdım.

Bankdakı stabil əmək haqqı olan rəhbər, vəzifəsindən imtina edib biznesə başlamasından peşmançılıq hissi çəkibmi?

Xeyr, bu haqda peşmançılığım yoxdur. Bank işi əslində çox statik və rutin işdir, yaradıcı iş deyil. Mən isə yaradıcı insanam və öz potensialımı realizasiya edə bilməyəndə xoşbəxt ola bilmirəm. Bu səbəbdən biznes daha uyğun sahədir. Lakin biznesin də öz riskləri var. Yəni biznes çox adamın düşündüyü kimi, istədiyin vaxtı işə gəlmək, ay sonunda gəlir əldə etmək deyil. Biznes mən deyərdim ki, böyük stress və qeyri-stabillikdən ibarətdir. Öz işimi qurandan sonra mən həftənin 7 günün 24 saatını işləyirdim. Əsəbdən bir neçə dəfə ağır xəstəliklər keçirmişdim.

Düzdür, bankda mən çox böyük uğurlar əldə etmişdim və maraqlı işlər də görmüşdüm. Lakin oradan getməyimə peşman deyiləm və hətta bu gün banka qayıtmaqla bağlı təklif olsa belə onu qəbul etmərəm. Buna bir neçə səbəb var. Mənim qaydalarımdan biri odur ki, mən nə vaxtsa çalışdığım və ayrıldığım biznesə qayıtmıram, yalnız yenilərinə gedirəm. İkincisi isə məni maraqlandırmayan işlə məşğul olmağı sevmirəm. Bu qaydalar həmçinin insanlarla olan münasibətə də aiddir.

Siz hazırda biznes konsultant kimi də çalışırsınız. Biznes açan zaman biznes adamları adətən nələri düzgün etmirlər?

Əslində problemlər çoxdur. Hər şəxsin öz yanaşması vardır və təcrübənin olmaması üzündən hər kəs müxtəlif səhvlər buraxır. Vaxtaşırı öz bloqumda və Oxu.az portalındakı köşəmdə bu haqda yazıram.

79009087 2683472901741740 966864500596670464 nƏsas səhvlərdən biri digərlərinin təkrar edilməsidir, yəni artıq böyük rəqabət olan sahəyə girmək. Heç bir bazar araşdırılması aparılmır. Bazar araşdırılması onların düşüncəsi ilə “qonşum iş qurub, pul qazanır, mənim ondan nəyim əskikdir?!” Bizdə nəyə görəsə marketinq reklam şöbəsi kimi anlaşılır. Bunlar fərqli mövhümlardır, amma bir-biri ilə sıx bağlı olan sahələrdir. Bir çox şirkətlərdə marketinq mütəxəssisləri media ilə rəhbər arasında əlaqə alətidir, heç bir sərbəst qərar vermə ixtıyarı yoxdur. Heç kimin xətrinə dəyməsin, amma bu bizim reallıqdır. Ona görə mən hər zaman şirkətin rəhbərləri ilə görüşüb, məsələləri müzakirə edirəm, çünki “decision maker” (qərar verən) onlardır.

İkinci səhv – işə başlayanda dempinq edərək, bazarı ələ keçirmək istəyidir. Bu isə müflisliyə aparan sadə yoldur. Bizim iş adamları anlamalıdırlar ki, qiymət ikinci faktordur, birincisi müştəri ilə münasibət, müştəri razılığıdır. Xidmətdən razı qalan müştəri baha almağa belə hazırdır. Məsələn, bazarda “Apple” məhsullarına ən yüksək qiymət bizim mağazalarda idi. Amma bu bizim satışlarımızın sürətlə artmasına yol açırdı, halbuki qeyri-rəsmi satıcılar dempinq edirdilər. Sonunda isə biz qazanırdıq, onlar isə itirirdilər. Məqsəd çox satmaq deyil, daha effektiv iş və gəlirli biznesin olmasıdır.

Digər ən böyük səhv imicin yaradılması və reklam üçün pul ayırmamaqdır. Yenə misal üçün demək istəyirəm ki, bizim şirkət ayda 10-20 min manat reklam büdcəsi ayırırdı. Bunun müqabilində satışlarımız sürətlə yüksəlirdi.

Birini də deyim. Uçotun düzgün aparılmaması. Sahibkar şirkət yaradır, icarə, mebel, təmirə pul xərcləyir, amma uçot üçün proqram təminatı almır. Bu da malın və xidmətin maliyyətinin, satışların, anbarın və digər hesabatların səhv aparılmasına, həmçinin işçilər tərəfindən pul və malın mənimsənilməsinə imkan yaradır. Sonunda pula qənaət etməyə çalışan sahibkar dəfələrlə çox itirir.

Ən çox təkrarlanan səhvlərdən birini də deyim. Mütəxəssisə yüksək maaş verməkdən xəsislik edərək, ucuz işçilər cəlb edilir. Bu isə uğursuzluğa aparan yoldur. Qohum, dostları işə qəbul edir ki, ona dəstək olsun. Amma nəticədə elə badalaq gələn də onlar olur.

Bir şeyi anlamaq lazımdır ki, hətta “naming” və “branding” belə vacibdir. Bizim iş adamları isə agentliklərə pul verməmək üçün özləri bunu edirlər. Nəticəsi də göz qabağındadır, şəhərdəki çoxsayda bərbad ad və loqoları hamımız görürük.

Səhvlər çoxdur. Bunları yaşamamaq üçün biznes konsultantlar yaxud konsaltinq şirkətlərini cəlb etmək lazımdır. Bu daha ucuz başa gəlir.

Ramin bəy, 2013-cü ildə ciddi qəza keçirmisiniz. Bu qəza nəticəsində fiziki travmalar almaqla yanaşı , həmçinin bu qəza həyatınızda ciddi rol oynayıb. Bu haqqda bizə danışmağınızı xahiş edirəm.

— Qəza mənim həyatımı 180 dərəcə dəyişdi. Ümumiyyətlə, 30-40 yaş arası mən həddindən artıq çox işləyirdim və bu da əlbəttə ki, məni həm fiziki, həm də psixoloji olaraq yorurdu. Bir müddət sonra mən gənclik arzum olan motosport ilə maraqlanmağa başladım və bu məni müəyyən mənada stresi çıxartmağa, aktiv istirahət etməyə şərait yaradırdı. Axşamlar baykerlər toplaşıb, birlikdə şəhər kənarına, şənbə günləri səhər tezdən isə regionlara gedirdik. Yeni ilin 2-cü günü yenə də rahat otura bilmirdim deyə, motosiklə atlayıb, şəhər kənarına getdik. Amma bu gedişdən təcili yardım ilə dönəcəyimi planlaşdırmırdım. Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır.

79237655 297879457765970 2457803509106475008 n

Qəza çox ağır oldu. Mən onu ölüb, yenidən doğulmaq kimi qiymətləndirirəm. Həyatımı keçmiş və yeni həyata bölürəm. Hər 2 ayaq, sol qol, qabırğada çoxsaylı sınıqlar, ağır kəllə-beyin və sairə travmalar almışdım. 3 əməliyyat və 4 ay əlil kürsüsündə, uzun sürən reabilitasiya proqramı keçdim. Bu haqda danışanda, mən zarafatla Cənnətə düşdüm, istəyimə qarşı məni geri göndərdilər deyirəm. Elə reanimasiyada olarkən, amneziya vəziyyətində bloqumu açdım və yeni fəaliyyətə start verdim. Niyə bloq? Bilmirəm, yəqin «o dünyada» mələklər məsləhət görüblər (gülür).

Yataqda olarkən internetdə beyinin fəaliyyətinin bərpası, onun işinin yaxşılaşdırılmasını ətraflı oxuyub, öyrəndim. Bunlar mənə beyinin imkanlarını öyrətdi. Bunun müqabilində həm tamamilə bərpa etdim, həm də şüuraltının bizim həyatımıza təsirini öyrəndim. Ondan doğru istifadə edərək, istəklərə nail olmağı öyrəndim. Bu gün ondan istifadə edərək istədiyimə nail ola və insanlarla yaxşı ünsiyyət qura bilirəm. Çox zaman məni sosial şəbəkələrdən tanıyanlar, şəxsi tanışlıqdan sonra fikirlərini dəyişirlər və “Sənin belə sadə olduğunu bilmirdim. Elə bilirdim özündən çox razısan, heç kimi saymırsan” deyirlər (gülür). Çünki, statuslarımda və köşə yazılarımda oxucunun şüuraltı probleminə toxunuram, onu qıcıqlandırıram və düşündürmək istəyirəm.

Bu hadisələr və onun nəticələri mənim həyata baxışlarımı dəyişdi. Çoxsayda çətinliklər yaşayaraq çox şey öyrəndim. Hətta bir müddət sonra anlamağa başladım ki, insan həyatını düzgün yaşamırsa belə “qəza”ların onun həyatında baş verməsi labüddür. Bizi, həyatımızı yenidən təhlil etməyə, qiymətləndirməyə və dəyişməyə sövq edir. Etmədiyin təqdirdə, başqa şəkildə və daha ağır nəticələrlə təkrar olacaq. Əlbəttə ki, qəzadan sonrakı həyata keçid mənim üçün çox stressli və çətin oldu. Amma çətinliklər bizi, necə dəyərlər, bərkidir. Başlıcası, əhatəmdəkı insanları tanıdım, onları dəyişdim, daha keyfiyyətliləri ilə əvəz etdim.

Bu hadisədən sonra mən öz həyat qaydalarımı da dəyişdim və çalışıram onlara uyğun yaşayım. Hər zaman zarafatla deyirəm ki, həyatımda 2 qaydaya riayyət edirəm: mənim qaydalarım və yol hərəkəti qaydaları.

Misal üçün, işin mənə maddi baxımdan gəlir gətirməsindən asılı olmayaraq, mən o işi görmək istəmirəmsə, yaxud xoşum gəlməyən adamla iş görmək istəmirəmsə, o zaman onu etmirəm. Azad olmaq mənim üçün ən mühüm qaydalardan biri olmaqla yanaşı, sərbəst qərar vermə və heç kimdən asılı olmamaq şansını verir. Həmçinin fəaliyyət sahəmdə etdiyim bütün işləri kimsənin təzyiqi altında olmadan və zövq alaraq etməli olduğumu dərk etdim. Bu səbəbdən mən hazırda da bu qaydaya riayət edərək daha çox yaradıcılıq tələb edən jurnalımın və bloqumun üzərində işləyirəm, biznes konsultasiya sahəsində “freelancer olaraq çalışıram. Səhər 9-da işə getmək artıq mənim üçün fantastika janrına bənzəyir (gülür). Amma bu o demək deyil ki, mən səhərlər yatıram. Əksinə, gündəlik olaraq, bazar günü daxil olmaqla, səhər, saat 6-da oyanıram, gimnastika, gigiyena mərhələrindən sonra, qəhvəaltı zamanı xəbərlərlə maraqlanıram, sonra isə məqalələr yazır və digər yaradıcılıq işləri ilə məşğul oluram.

Biznes qurmaq istəyənlərə nə məsləhət görərdiniz?

— İlkin olaraq qərar versinlər, gəlirli iş qurmaq istəyirlər yoxsa bu işi eqolarına görə, ətrafdakılara rəhbər olduqlarını göstərmək üçün edirlər. Bu çox vacib məqamdır. Əgər eqodursa, onda ən yaxşısı xeyriyyəçilik ilə məşğul olsunlar, yaxud personal brendini yaratsınlar. Mənim fəaliyyətlərimdən biri də “Personral Branding”dir. Məqsədi məhşur olmaq istəyənlərə xüsusi strategiya hazırlayıram. Gələn il Milli Məclisə seçkilər olacaq. Deputat olmaq istəyənlərə məsləhətçi olmaq istərdim ki, onlar üçün daha yaxşı imic yaradım.

79683717 951342975266669 3217918166793453568 n

Biznes qurmaq və onu sonradan inkişaf etdirmək insandan olduqca çox enerji tələb edir və bu məsələdə uğuru yalnız o insanlar qazanır ki, öz işini dərindən bilir və işə məharətlə yanaşır. Hər hansı bir sahəyə girməmişdən öncə bu sahəyə uyğun bilik və bacarıqlar olmalıdır. Təcrübə toplanan zaman həmçinin də ilkin kapital toplana bilər. Çünki bəzən təcrübəsiz, universiteti yeni bitirmiş gənclər biznes qurmaq istəyir. Tələsmək lazım deyil, axı bütün həyat öndədir. Əlbəttə, sahibkar olmaq yaxşıdır, lakin bunun üçün yetərli maliyyə və bilik olmalıdır. Ona görə ilk növbədə təhsil almaq, sonradan professionalların yanında işləyərək təcrübə toplamalı, ondan sonra isə şəxsi biznesini yaratmaq lazımdır. Ən yaxşısı isə böyük şirkətlərdə karyera qurub, yüksəlməkdir ki, böyük bir qurumun bir hissəsi olasan. Hamı sahibkar olsa, bəs kim işləyəcək?! Atalar demiş, sən ağa, mən ağa, inəkləri kim sağa.

Hesab edirəm ki, gəlirli biznes artıq internetdə və həmçinində qlobal olmalıdır. Artıq restoran, şadlıq sarayı, mağazalar, otellər deyil, internet platformalar və startaplar yaratmaq lazımdır. Bu günki biznes mənfəət üzərində deyil, şirkətin kapitalizasiyanın (dəyərinin) artması üzərində qurulmalıdır. Bunun üçün bir çox dövlət qurumları dəstək, qrant və investisiya verirlər. Bunlardan istifadə etmək lazımdır.

Ən başlıca məsləhətim isə, gündə 8-9 saat, həftənin 5 gününü işləmək məsləhətdir. Qalan hissəsini isə şəxsi həyatına səfr etmək lazımdır. Stiv Cobs demişkən, gündə 12 saat deyil, başla işləmək lazımdır. Həyatınızı yalnız işə deyil, sevdiklərinizə, ailənizə həsr edin. Rəsul Rzanın sözləri isə desək, “Gedər bir gün bu gözəllik, Sənə də qalmaz”.

Son xəbərlər
Digər xəbərlər