6 C
Baku
Sunday, December 15, 2024

Banklardan məhkəmələrə daxil olan sənədlərin sayı bir neçə dəfə artıb

Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, nazirliyin müvafiq idarələrinin və regional ədliyyə şöbələrinin rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.  Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə bildirilib ki, bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib. Görülən icra tədbirləri nəticəsində fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 200 milyon manatadək vəsait ödənilib.

Qeyd olunub ki, icraatda olan hər doqquz işdən biri alimentin ödənilməsi ilə bağlıdır ki, bu da uşaqların birbaşa hüquqlarına toxunur. Bununla bağlı cinayət qanunvericiliyinə müvafiq dəyişikliklər edilərək alimentin ödənilməsindən boyun qaçırmaya görə cinayət məsuliyyəti sərtləşdirilməklə icranın səmərəsi artırılıb.

İclasda bankların problemli kreditləri ilə bağlı on minlərlə məhkəmə əmrinin icraata daxil olmasının iş yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olduğu bildirilib, bu kateqoriya işlərin icrası üzrə aidiyyəti qurumlarla əlaqəli surətdə tədbirlərin görüldüyü vurğulanıb.

Eyni zamanda, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün elektron icra xidmətinin yaradılması üzrə əməli tədbirlər görülür. Artıq elektron icra sisteminin müəyyən komponentlərinin bəzi icra qurumlarında tətbiqinə başlanılıb. Bu yeni sistemin ən qısa müddətdə tam tətbiqi icra hərəkətlərinin mütəşəkkil və dürüst təmin olunmasına, elektron sənəd dövriyyəsinin təşkilinə, işlərin avtomatlaşdırılmış qaydada bölüşdürülməsinə, prosessual sənədlərin və statistik hesabatların eyni qaydada hazırlanmasına, prosessual müddətlərə nəzarət olunmasına və icra vəziyyətinin elektron rejimdə öyrənilməsinə xidmət edəcək.

Bununla yanaşı, sənədlərin vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi məqsədilə əlavə tədbirlər görülüb, o cümlədən “İcra haqqında” Qanunun Kommentariyası hazırlanaraq onların istifadəsinə verilib.

Müşavirədə görülən tədbirlərə baxmayaraq bəzi yerli icra qurumlarında nöqsan və çatışmazlıqların mövcud olduğu bildirilib, vətəndaşlardan daxil olan, o cümlədən dövlət başçısının tapşırığına əsasən nazirliyin rəhbərliyi tərəfindən bölgələrdə keçirilən səyyar qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb.

İclasda bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, bir sıra yerli qurumlarda vətəndaşların haqlı narazılığına səbəb olan şikayətlərə çevik reaksiya verilməməsi, onların şəxsi qəbulunun düzgün təşkil edilməməsi vurğulanıb. İşlərin hərəkətsiz saxlanılması halları, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin inzibati məsuliyyətə cəlb olunması, icra ödənişlərinin alınması məsələlərində ciddi pozuntulara yol verilməsi icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Mövcud problemlərlə bağlı regional ədliyyə şöbələrinin və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini işin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalara dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə şöbələri və digər aidiyyəti orqanlarla əlaqəli işin təkmilləşdirilməsi, icra məmurlarının peşəkarlığının artırılması ilə bağlı konkret tapşırıqlar verib.

Son xəbərlər
Digər xəbərlər