Bütün dünya üzrə banklar yaxın 10 ildə radikal texnoloji dəyişikliklər şərtlərində aktuallıq və gəlirliyi qorumaq məqsədilə əməkdaşlarının sayını iki dəfə azalda bilər. Bunu dünya bankları ilə bağlı proqnozunda Böyük Britaniyanın məşhur Barclays bankının keçmiş rəhbəri Entoni Cenkins demişdir.
Qeyd edək ki, Entoni Cenkins-in özü bu ilin iyul ayında Barclays bankından belə desək qovulmuşdu. Onun sözlərinə görə, “Maliyyə xidməti sahəsində çalışan işçilərin və bank filiallarının sayı növbəti 10 il ərzində 50%-ə qədər ixtisar edilə bilər. Bu baş verməsə belə, 20% ixtisarlar qaçınılmazdır”.
Barclays bankının özündə isə dünya üzrə filiallarda ixtisarlar 26 000-dən 66 000 iş yerini əhatə edəcək, Böyük Britaniya ərazisində isə 280-dən 700-ə qədər filialı bağlanmaq təhlükəsi gözləyir.
Hazırda yeni texnologiyaları “qarşısıalınmaz güc” adlandırmaq olar ki, bu “güc” sayəsində müştərilərə xidmət keyfiyyətini artırmaq, risklərin idarə edilməsi prosesini sadələşdirmək və bankların işinin effektivliyini artırmaq mümkündür.
Bununla yanaşı, banklar startap və ən yaxşı texniki mütəxəssisləri işə cəlb etməyə çalışacaq. Beləliklə, maliyyə sahəsində bir çox işçi işsiz qalacağı bir zamanda yeni startaplar işıq üzü görməyi bacaracaq.