Baramaçılıq etibarlı gəlir mənbəyinə çevrilir – Zaqatalada qısa müddətdə 17 tonluq tədarük

Baramaçılıq ölkəmizin kənd yerlərində yaşayan ailələr üçün sadəcə ənənəvi məşğuliyyət sahəsi deyil, həm də minimal xərclə qısa müddətdə maksimum iqtisadi səmərə verən etibarlı bir gəlir mənbəyidir. Cəmi 30-40 günlük qulluq dövrü kənd sakinlərinə əlavə qazanc imkanı yaradır. Xüsusilə dövlət tərəfindən tətbiq edilən güzəştli şərtlər — istehsal olunmuş yaş baramanın kiloqramının 5 manata təhvil alınması və dövlətin hər kiloqrama görə kümçülərə 6 manat subsidiya ödəməsi bu sahəyə olan marağı kəskin artırıb.

Bu iqtisadi canlanmanın ən parlaq nümunələrindən biri hazırda Zaqatala rayonunda müşahidə olunur.

Cari mövsümdə rayonda yaş barama istehsalının 18 tona çatdırılması qarşıya hədəf qoyulub və bu hədəfə artıq tam yaxınlaşılıb. Belə ki, yerli kümçülər indiyədək fəaliyyət göstərən barama qəbulu və qurutma məntəqəsinə 17 ton 176 kiloqram yaş barama təhvil veriblər. Cari ildə uğurlu nəticə əldə etmək üçün rayonda 270-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 450 qutu (yəni 8 kiloqram 550 qram) ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də prosesin itkisiz və səmərəli təşkili üçün kümçülərə paylanılan ipəkqurdu toxumu məntəqənin özündə, peşəkar səviyyədə inkubasiya olunub.

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatlar da təsdiqləyir ki, yaradılan bu şərait fərdi təsərrüfatların rəqabətini və məhsuldarlığını xeyli yüksəldib. Məsələn, Uzun Tala kəndindən Ramazan Vaşiyev cari mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 274 kiloqram yaş barama təhvil verərək liderliyini qoruyub. Ondan az fərqlənən Yengiyan kəndindən Nurəddin Hüseynov builki mövsümdə 241 kiloqram, Faldarlı kəndindən Murad Muradov 210 kiloqram, Mamrux kəndindən Nadir Sulxayev isə 209 kiloqram yaş barama istehsal edərək ailə büdcələrinə sanballı töhfə veriblər. Qeyd edək ki, hazırda yaş baramanın qəbulu prosesi tam şəffaf şəkildə, “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin birbaşa iştirakı ilə həyata keçirilir.

Rayonun timsalında görünən bu uğurlu ipəkçilik zəncirinin bərpası təkcə fərdi ailələrin qazancı demək deyil, bütövlükdə regionlarda zəncirvari iqtisadi effekt yaradır. Yaz-yay aylarında kənd yerlərində boş qalan işçi qüvvəsi aktiv əmək bazarına cəlb edilir. Ağır fiziki güc tələb etmədiyi üçün bu sahə qadınların, gənclərin və yaşlı nəslin evdən ayrılmadan istehsalatda iştirakını və müstəqil qazanc əldə etməsini təmin edir. Baramaçılıq kənd təsərrüfatının elə bir sahəsidir ki, burada maya dəyəri aşağı, dövriyyə sürəti yüksək, daxili və xarici bazarın xammala olan tələbatı isə daimidir.

Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” məhz bu sosial-iqtisadi dividendləri daha da böyütməyi və sistemli şəkildə genişləndirməyi hədəfləyir. Sənəddən irəli gələn vəzifələrin icrası ölkəmizdə çoxəsrlik köklərə malik olan ipəkçilik ənənələrini müasir aqrotexnoloji standartlarla sintez edəcək. Bu strateji yanaşma yaxın illərdə Azərbaycan ipəkçiliyinin sadəcə xammal istehsalçısı kimi deyil, yüksək əlavə dəyər yaradan hazır toxuculuq və sənaye sahəsi kimi tamamilə yeni, qlobal bir inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxaracaq.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər