Azərbaycanda 27 milyon manatlıq kağız və gigiyenik məhsullar zavodu açıldı – 240 nəfər işlə təmin olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

Banker.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdilər.

Bildirildi ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.

photo 2026 09 10 12 09 05 5 photo 2026 09 10 12 09 05 3 photo 2026 09 10 12 09 05 2 photo 2026 09 10 12 09 05

photo 2026 09 10 12 04 20 photo 2026 09 10 12 05 00 photo 2026 09 10 12 04 56

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər