17 C
Baku
Sunday, May 19, 2024

Baş nazir geniş iclas çağırdı – Hökumət üzvlərinə tapşırıqlar verildi

Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.

Banker.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Ölkənin iqtisadi inkişaf göstəriciləri barədə məlumat verən Ə.Əsədov bildirdi ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6%, qeyri-neft sənayesində isə 6% artım qeydə alınmışdır.

Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatmış və ilin əvvəlindən 14.5% artmışdır.

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirildi.

Bildirildi ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmış və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artmışdır.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə çatdırıldı.

Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə bağlı əsas çağırış və hədəflər barədə məlumat verildi.

Bu xüsusda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinin, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsinin, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasınının, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulandı.

Diqqətə çatdırıldı ki, dövlət başçısının Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.

Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.

Vurğulandı ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinin olduğu bildirildi.

İclasda maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər haqqında məruzələri dinlənildi.

Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparıldı.

İclasa yekun vuran Baş nazir Hökumət qarşısında duran əsas vəzifələr barədə məlumat verdi.

Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması, Böyük Qayıdışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verildi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər