Beynəlxalq Enerji Agentliyi (BEA) əvvəlki hesabatla müqayisədə 2026-cı il üzrə qlobal neft təklifi proqnozunu sutkada 0,2 milyon barel artırıb. Bununla belə, təşkilatın hesabatına əsasən, bu il dünya üzrə neft təklifi sutkada 3,7 milyon barel azalaraq 102,6 milyon barelə enəcək.
BEA bildirib ki, Yaxın Şərqdə neft tranziti bərpa olunduqca, 2027-ci ildə qlobal neft təklifi sutkada 7,5 milyon barel artaraq 110,1 milyon barelə çata bilər.
Agentliyin qiymətləndirməsinə görə, iyun ayında dünya üzrə neft tədarükü sutkada 4,1 milyon barel artaraq 98,8 milyon barelə yüksəlib. Buna ABŞ və İran arasında əldə olunmuş razılaşma fonunda Fars körfəzi ölkələrinin neft hasilatını bərpa etməsi səbəb olub. BEA qeyd edib ki, artımın yarıdan çoxunu OPEC+ ölkələri təmin edib.
Agentlik vurğulayıb ki, Hörmüz boğazının idarə olunması ilə bağlı danışıqlar davam etdiyindən, neft təklifi üzrə bu proqnoz üçün risklər hələ də qalmaqdadır.
BEA əlavə edib ki, iyunun sonunda Hörmüz boğazından neft tranziti kəskin şəkildə artıb, neft və kondensat tədarükü sutkada 13,2 milyon barelə çataraq münaqişədən əvvəlki səviyyənin 70%-dən çoxunu bərpa edib. Bu artım əsasən əvvəlcədən yığılmış ehtiyatların bazara çıxarılması hesabına baş verib.
“Lakin iyulun əvvəlində hərbi əməliyyatların kəskin eskalasiyası nəticəsində tədarük demək olar ki, tamamilə dayanıb. Tədarükün bərpası döyüş əməliyyatlarının deeskalasiyasından və Hörmüz boğazında təhlükəsizliyin yaxşılaşmasından asılı olacaq ki, bu da tanker daşımalarının yenidən başlamasını dəstəkləyəcək”, – deyə BEA bildirib.






