BƏƏ və “Lockheed Martin” Əbu-Dabidə mikroçip istehsalı barədə razılığa gəlib

ABŞ-nin “Lockheed Martin” korporasiyası və BƏƏ-nin müdafiə sənayesinin inkişafı üzrə “Tawazun” şurası ölkədə mikročiplərin layihələndirilməsi və yığılması ilə məşğul olacaq müəssisənin yaradılması barədə saziş imzalayıblar. Bu barədə “WAM” agentliyi məlumat yayıb.

“Çiplet texnologiyaları yeni nəsil aerokosmik və müdafiə sənayesinin, süni intellektin və avtonom sistemlərin əsasını təşkil edir”, — deyə “Lockheed Martin”in Yaxın Şərq bölməsinin rəhbəri Daniel Mouton bildirib.

“Make it in the Emirates” sənaye forumu çərçivəsində imzalanan saziş BƏƏ-nin “EDGE Group” konqlomeratı və Xəlifə Elm və Texnologiya Universiteti ilə tərəfdaşlıq əsasında müəssisənin yaradılmasını nəzərdə tutur. Yeni zavodun çipletlərdən (modul mikrosxemlərdən) istifadə edən texnologiyalar üzrə ixtisaslaşacağı qeyd olunur.

Planlara əsasən, “EDGE Group”a daxil olan “Halcon” şirkəti BƏƏ-də istehsal olunan prosessorları özünün istiqamətləndirmə və hədəfləmə sistemlərinə inteqrasiya edərək onların dəqiqliyini artıracaq. Universitet isə milli kadrların hazırlanması və tətbiqi tədqiqatların aparılması üçün öz ərazisində xüsusi elmi-tədqiqat mərkəzi yaradacaq.

Bu saziş “Lockheed Martin” ilə BƏƏ arasında artıq 50 ildən çox davam edən strateji əməkdaşlığın növbəti mərhələsi hesab olunur.

Son illərdə BƏƏ idxaldan asılılığı azaltmaq və texnoloji suverenliyi gücləndirmək məqsədilə öz yarımkeçirici sənayesinin inkişafını sürətləndirib.

2009-cu ildə Əbu-Dabinin suveren fondu “Mubadala” ABŞ-nin”AMD” korporasiyası ilə birlikdə “GlobalFoundries” şirkətini yaradıb. Şirkət hazırda dünyanın ən iri mikrosxem istehsalçılarından biri hesab olunur. Hazırda da əmirlik fondu müəssisənin əsas səhmdarı olaraq qalır.

Son xəbərlər
Digər xəbərlər