“Bitcoin”in məzənnəsi ABŞ-də faiz dərəcələrinin artırılması perspektivi və kriptovalyutanın ən böyük korporativ sahibi olan “Strategy” ilə bağlı narahatlıqlar fonunda son 21 ayın minimumunu yeniləyib. Bu barədə ticarət məlumatlarına istinadən “Bloomberg” yazır.
Asiya ticarəti zamanı “Bitcoin “1,5% ucuzlaşaraq 57 742 dollara düşüb ki, bu da 2024-cü ilin sentyabrından bəri ən aşağı göstəricidir. İyulun 1-də Bakı vaxtı ilə saat 11:48-ə olan məlumata görə isə “Bitcoin” 58 768 dollar səviyyəsində ticarət olunub ki, bu da 1,3%-lik azalma deməkdir.
ABŞ-nin Federal Ehtiyatlar Sistemi (FED) iyunda baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində saxlayıb. Lakin tənzimləyicinin nümayəndələrinin sərt açıqlamaları faiz dərəcələrinin artırılması ehtimalını gücləndirib.
“Bloomberg” qeyd edir ki, bu vəziyyət faiz gəliri gətirməyən aktivlərdən, o cümlədən kriptovalyutalardan kapital axınına səbəb olur. Agentliyin məlumatına görə, iyun ayında investorlar ABŞ-dəki “Bitcoin ETF”lərindən 4 milyard dollardan çox vəsait çıxarıblar ki, bu da həmin fondların mövcud olduğu iki il ərzində ən böyük çıxışdır.
Toni Sikamor xəbərdarlıq edib ki, ABŞ-də məşğulluq bazarı ilə bağlı məlumatların dərc olunması FED-in sərt mövqeyini təsdiqləyərsə, bazara əlavə təzyiq yarana bilər.
Bundan əlavə, investorlar “Strategy” şirkətinin maliyyə strukturunun yenidən təşkili planlarına münasibətlərini dəyişiblər. Şirkət pul ehtiyatlarını artırmaq üçün 1,25 milyard dollara qədər bitkoin sata biləcəyini və hər biri 1 milyard dollar həcmində iki səhmlərin geri alınması proqramına başladığını açıqlayıb.
Əvvəlcə investorlar bu planları müsbət qarşılasalar da, sonradan “Strategy”nin balansın idarə edilməsini bitkoinlərin yığılmasından üstün tutduğuna diqqət yetiriblər. “Bloomberg”in qeyd etdiyi kimi, bu, “Bitcoin”in ən böyük alıcılarından birinin sabit tələb mənbəyi olmaqdan çıxacağı ilə bağlı narahatlıqları artırıb.
“Bitcoin” 2025-ci ilin oktyabrında tarixi maksimumuna çatdıqdan sonra dəyərinin 50%-dən çoxunu itirib. Həmin dövrdə kriptovalyuta 126 min dollardan yuxarı səviyyədə ticarət olunurdu.
Hazırda onun qiyməti 200 həftəlik hərəkətli orta göstəricidən aşağı düşüb ki, bu da aktivin uzunmüddətli “ayı bazarı” mərhələsinə keçdiyini göstərə bilər.







