25 C
Baku
Friday, April 19, 2024

“Boeing” III rübü 132 mln. dollarlıq zərərlə başa vurub

Dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan ABŞ-ın “Boeing” korporasiyası cari ilin III rübündə xalis zərərini 3,5 dəfə azaldıb.

Bu barədə korporasiyanın maliyyə hesabatında deyilir.

Məlumata görə, şirkətin iyul-sentyabr aylarında xalis zərəri keçən ilin eyni dövründə qeydə alınan 466 mln. dollara qarşı 132 mln. dollar təşkil edib.

Korporasiyanın gəlirləri illik ifadədə 8% artaraq 15,278 mlrd. dollara çatıb.

Hesabat rübündə “Boeing”in mülki təyyarələr seqmentində gəlirləri 24% artaraq 4,459 mlrd. dollar təşkil edib. İyul-sentyabr aylarında təyyarə tədarükü 28-dən 85-ə, yanvar-sentyabrda isə 98-dən 241-ə yüksəlib.

Şirkətin müdafiə və kosmik texnologiya bölməsinin gəlirləri 3% azalaraq 6,617 mlrd. dollara düşüb. Xidmət üzrə gəlirlər isə 14% artaraq 4,221 mlrd. dollara çatıb.

Şirkət 2020-ci ilin noyabr ayında “Boeing 737 MAX” təyyarələri ilə uçuşları bərpa etmək üçün tənzimləyicidən icazə aldıqdan sonra müştərilərə 195-dən çox laynerin təhvil verdiyini bildirib. Hazırda korporasiya ayda 19 təyyarə istehsal edir, 2022-ci ilin əvvəlində istehsalın planlaşdırılan artımı çərçivəsində bu göstərici ayda 31 təyyarəyə çatacaq.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər