Borclunun aktivlərinin satılması qaydasına dəyişiklik edilir.
Bu, Milli Məclisin 28 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müflisləşmə və iflas haqqında” qanunlayihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, dəyəri borclunun aktivlərinin 5 % və daha çox hissəsini təşkil edən aktivlərin satış planına daxil edilmədən satılmasına yol verilməyəcək.
Həmçinin, sağlamlaşdırma prosesinin şərtləri, o cümlədən Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydasına da dəyişiklik təklif edilir.
Belə ki, qüvvədə olan qanuna əsasən, sağlamlaşdırma planı hər bir təminatlı kreditorlar qrupu daxilində tələblərin məbləğinin üçdə ikisindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.
Təklif edilən dəyişikliyə əsasən, həm də hər bir təminatlı kreditorlar qrupu daxilində səsvermədə yalnız sağlamlaşdırma planının qəbulu nəticəsində hüquqlarına təsir göstərən təminatlı kreditorlar iştirak edəcək.
Eyni zamanda sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələrinə də əlavə edilib. Belə ki, sağlamlaşdırma prosesində eyni kreditorlar qrupu daxilində bütün kreditorların hüquqları növbəlilik qaydasında bərabər təmin ediləcək.