Böyük Britaniyada inflyasiya 2026-cı ilin mart ayının yekunlarına görə illik ifadədə 3,3%-ə çatıb. Bu barədə ölkənin Milli Statistika Xidməti (Office for National Statistics, ONS) məlumat yayıb.
Artım ABŞ və İsrailin İranda apardığı müharibənin nəticələrini əks etdirir ki, bu da dünya üzrə enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olub.
ONS-un məlumatına görə, mart ayında qiymət artımına əsas töhfəni avtomobil yanacağının 8,7% bahalaşması verib. Müqayisə üçün qeyd olunur ki, fevralda — münaqişənin təsirlərinin hələ statistikaya tam yansımadığı dövrdə — inflyasiya 3% təşkil etmişdi.
“İnflyasiya martda əsasən yanacaq qiymətlərinin artması səbəbindən yüksəldi. Bu artım son üç ildən çox müddətdə ən yüksək səviyyədir”, — deyə ONS-in baş iqtisadçısı Qrant Fitsner bildirib. Onun sözlərinə görə, bu ay aviabiletlərin və ərzaq məhsullarının bahalaşması da qiymət artımına təsir edib. Yeganə nəzərəçarpan zəiflədici amil geyim qiymətləri olub — onlar ötən ilin eyni dövrü ilə müqayisədə daha az artıb.
Fitsner həmçinin qeyd edib ki, həm biznes üçün xammal xərcləri, həm də zavodlardan çıxan məhsulların qiyməti əhəmiyyətli dərəcədə artıb — əsasən neft və benzin qiymətlərinin yüksəlməsi səbəbindən.
Mart statistikası ilə bağlı çıxış edən Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz qiymət artımını birbaşa ABŞ-ın İrana endirdiyi zərbələrlə əlaqələndirib: “Bu bizim müharibəmiz deyil, amma ailələr və biznes üçün xərcləri artırır. Məhz buna görə də əsas vəzifəm qiymət artımını cilovlamaqdır”, — deyə o bildirib.







