“Cənub Qaz Dəhlizi ilə ilk qaz bu ilin sonunda Avropaya çatdırılacaq”.
Bu barədə BP şirkətinin Gürcüstan üzrə meneceri Ann Davies Azərbaycan-Gürüstan biznes forumunda bildirib.
O deyib ki, BP Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olmaqdan qürur duyur: “Gürcüstan və Azərbaycanda layihə ilə bağlı tikinti işləri başa çatdırılıb”.
BP təmsilçisi qeyd edib ki, bölgədə şirkətin Azərbaycan və Gürcüstanla əməkdaşlığı üçün yeni imkanlar var: “Yeni əməkdaşlıq sahələrinə yaşıl enerji də daxildir. BP bu sahədə Azərbaycan və Gürcüstanla əməkdaşlığa hazırdır”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (Azərbaycan və Gürcüstan ərazisi), Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyəyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonuncu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur.
©Report