10 C
Baku
Thursday, December 12, 2024

Britaniyanın kral ailəsindən 2 dəfə zəngin Baş naziri – Sunakın sərvəti nə qədərdir?

Xəbər verdiyimiz ki, Böyük Britaniyanın Baş naziri vəzifəsinə Rişi Sunak seçilib. O, ölkə tarixində Böyük Britaniya kral ailəsindən daha zəngin olan ilk baş nazirdir. Britaniya kralı III Çarlz və onun həyat yoldaşı Kamillanın sərvəti təxminən 350 milyon funt sterlinq (395 milyon 351 min dollardan çox // təxminən 673 milyon manat) qiymətləndirilir ki, bu da Sunak və həyat yoldaşı Akşata Murtinin ümumi sərvətinin yarısından azdır.

Banker.az Britaniya mətbuatına istinadən xəbər verir ki, keçmiş vençur fondu meneceri Sunak sərvətinə görə “xalqdan uzaq” hesab olunur. Hələ seçkilər ərəfəsində Britaniya mətbuatı yazırdı ki, 730 milyon funt-sterlinq (~824 milyon 483 min dollar // ~1 milyard 403 milyon 720 min manat) sərvəti ilə ölkənin ən zəngin adları arasında yer alan Sunak “baş nazir olmaq üçün çox zəngindir”.

Oksford Universitetindən məzun olduqdan sonra Stanford Universitetində təhsil alan və Goldman Sachs-da analitik işləyən Sunak hindistanlı milyarder N. R. Narayana Murtinin qızı Akşata Murti ilə ailə həyatı qurub. Onların 2 övladı var. Maliyyə naziri olduğu müddətdə dəbdəbəli həyatı, lüks malikanəsi və avtomobilləri ilə diqqət çəkən, brend geyimlərinə görə çox tənqid edilən Sunakın yaşadığı 5 yataq otağı olan malikanənin dəyəri 7 milyon funt-sterlinqdir (~7 milyon 905 min dollar // ~3 milyon 457 min manat).

Mətbuat yazır ki, ölkədə iqtisadi böhran və yaşayış xərclərinin artdığı bir vaxtda Sunakın baş nazir kürsüsündə oturması hökumətə etirazları artıra bilər. Ana müxalifətdəki Leyboristlər Partiyası daha əvvəl Sunakın “xalqın problemlərini və dolanışığını anlamaq üçün çox zəngin olduğunu” demişdi. Leyboristlərdən olan bir deputat deyib ki, var-dövlət içində yaşayan Sunak “başqa planetdə yaşayır”.

Sunak daha əvvəl bir seçki kampaniyası zamanı minlərlə dollar qiyməti olan Prada markalı ayaqqabı ilə seçicilərin qarşısına çıxması tənqidlərə səbəb olmuşdu. O, tənqidlərə belə münasibət bildirmişdi: “Önəmli olan dəyərlərdir. Geyindiklərimin bir önəmi yoxdur”.

Son xəbərlər
Digər xəbərlər