Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişindaşımada ödənişlər “Azərbaycan Dəmir Yolları” nın kartları və ya NFC-ni dəstəkləyən bank kartları ilə həyata keçirilir.
Banker.az xəbər verir ki, bu barədə məlumatı ADY yayıb.
Bildirilir ki, ADY rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 manat təşkil edir.
Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə iyulun 1-dən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.