3 C
Baku
Saturday, December 14, 2024

Bu il Azərbaycanda iki bankın ləğv prosesinin yekunlaşması gözlənilir

Bu il ləğvetmə prosesində olan “Borçalı” Kommersiya Bankı (KB) və “Azərbaycan Kredit Bankı” ASC-nin ləğv prosesinin tamamlanması gözlənilir.

Bu barədə müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

“Borçalı” KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı artıq müvafiq məhkəməyə müraciət etmişik. “Azərbaycan Kredit Bankı” ASC ilə bağlı ləğv prosesinin yekunlaşdırılmasına dair ərizə isə qısa müddət ərzində məhkəməyə təqdim ediləcək. Bu banklarla bağlı bütün proseslər bitib, öhdəliklər tam icra olunub və bu il artıq ləğv prosesində olan bankların sayının 19-a düşəcəyini gözləyirik”, – deyə A.Cahangirov əlavə edib.

O, bildirib ki, hazırda 21 bank ləğv prosesindədir:

“Bəzən ictimaiyyətdə bankların ləğvinin niyə 10 il və ya daha artıq müddət davam etməsi barədə sual yaranır. 2016-cı ilə qədər Fond yalnız sığortaçı kimi çıxış edirdi. Hansısa bankda sığorta hadisəsi baş verdikdə Fond onun əmanətçilərinə kompensasiya ödəyirdi, ləğvetməyə görə isə maliyyə bazarlarına nəzarət orqanının təqdimatı ilə məhkəmə tərəfindən təyin edilmiş ayrı-ayrı hüquqi şəxlər məsul idi. Fond bu prosesdə iştirak etmirdi.

2017-ci ildən Fonda həm də ləğvedici funksiyası həvalə edilib. 2016-cı ilə qədər “Birlik Bank” ASC, “Borçalı” KB kimi banklar təqribən 6-7 il idi ki, ləğv prosesində idilər. Bəzi hallarda ləğvetmə qənaətbəxş keçirilmir, sənədlərin təhvil-təslimində problemlər yaşanırdı. Fond olaraq biz 5 ildən artıqdır ki, ləğv prosesini davam etdiririk. Əvvəlki dövrlərdən qalan xeyli natamam işlər bizə həvalə edilib. Məlumdur ki, bank müflis olubsa, deməli orada işlər düzgün qurulmayıb. Belə ki, ləğv prosesində olan bir sıra bankların aktiv dövründə ipoteka, kredit əməliyyatlarının düzgün aparılmaması bu gün ləğvetmə prosesini böyük çətinliklərlə üzləşdirib. Hazırda bizim minlərlə məhkəmə işimiz var. Bu proses çox uzun çəkir. Qanunvericilikdə də ləğvetmə prosesinin hansı müddətə yekunlaşması ilə bağlı konkret müddəa yoxdur”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin bank lisenziyası ləğv olunub, “Borçalı” Kommersiya Bankının fəaliyyəti isə 2005-ci ildə dayandırılıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər