6 C
Baku
Sunday, December 15, 2024

“Bu il Azərbaycanın sığorta sektoru minimum 16% böyüyəcək”

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi yeni strategiyaya əsasən 2024-2026-cı illərdə ölkədə sığorta sektorunun aktivlərinin 1.9 milyard manatdan potensial olaraq 3.7 milyard manata çatdırılması hədəflənir. 2027-ci ilədək sığorta bazarının penetrasiya səviyyəsi qeyri-neft ÜDM-nin 2.15%-ni (2023-cü ilin sonuna 1.85%) təşkil edəcək.

2023-cü ildə Azərbaycanda toplanılmış sığorta haqlarının məbləği ilk dəfə 1 milyard manatı keçdi. Sığorta ödənişləri üzrə isə rekord məbləğ qeydə alındı.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bu il ölkənin sığorta bazarı üçün gözləntilər və planlaşdırılan tədbirlər barədə danışıb:

– Elmar müəllim, 2022-ci ildə ASA ilə Türkiyə Sığorta Birliyi arasında əldə olunmuş ortaq razılıq və təşəbbüs nəticəsində Türk Dünyası Sığorta Birliyi yaradıldı. Daha sonra Birliyin nizamnaməsi və “Yol Xəritəsi” hazırlandı. Hazırda Birliyin fəaliyyəti və bu istiqamətdə görülən işlər hansı mərhələdədir?

– Gələn ay Türk Dünyası Sığorta Birliyinin “Zoom” proqram təminatı vasitəsilə birgə görüşü nəzərdə tutulub. Bu görüşdə “Yol Xəritəsi”nə uyğun addımlar və onların reallaşdırılması müzakirə ediləcək. Yanvar ayında ASA Daşkənddə Özbəkistan Sığorta Birliyi ilə görüş keçirdi. Orda əməkdaşlığımız və sektorlarımızın inkişafı istiqamətində yeni imkanlar müzakirə edildi. Hətta Türk Dünyası Sığorta Birliyinin də növbəti addımlarını iki iştirakçı olaraq müzakirə etdik. Eyni zamanda vaxt cədvəli tərtib edərək “Yol Xəritəsi”nə uyğun addımları planlaşdırdıq.

– Türk Dünyası Sığorta Birliyinin işğaldan azad edilmiş ərazilərimizlə bağlı planları varmı?

– Yerli sığorta şirkətləri azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməyi planlayırlar. Türk Dünyası Sığorta Birliyinin isə ilk qurultayını bu il Şuşada keçirtmək istəyirik. Bununla da dünyanın diqqətini Qarabağa cəlb edəcəyik. Həmin qurultayda da yeni imkanlar müzakirə ediləcək.

– Bu il Azərbaycanın sığorta sektoru ilə bağlı gözləntiləriniz necədir?

– Son üç ildə Azərbaycanda ilk dəfə olaraq sığorta sektorunun inkişafına yönəlmiş layihəyə start verdik. Ötən ilin dekabrında bu layihəni uğurla bitirdik. Layihənin birinci ilində sığorta sektorunda 15 -16%, ikinci ildə 18%, üçüncü il isə 27-28% artım əldə edildi. Bu, böyük bir göstəricidir. Bu layihənin növbəti üç ildə də davam etdirilməsi nəzərdə tutulub.

Bu ilin yanvar ayından peşəkar bazar iştirakçıları ilə birlikdə onun icrasına başlanılıb. Layihə Azərbaycan Mərkəzi Bankı, ASA və İcbari Sığort Bürosu arasında imzalanmış birgə memorandum çərçivəsində icra olunur. Nəticədə bu il ölkənin sığorta bazarında minimum 15-16% artım gözləyirik. Bu istiqamətdə addımlar atılacaq.

– Ötən il 27-28% artım olduğu halda niyə bu il 15-16%?…

– Bu, əslində zəif göstərici deyil. İlkin mərhələdə müəyyən boşluqları doldurmağa başlayanda hər zaman böyük rəqəmlər ortaya çıxır və növbəti illərdə proses davam etdikcə bir növ stabilləşmə baş verir. Bu da bizim üçün yaxşı göstəricidir. Planlarımızı düşünülmüş şəkildə icra edirik. Qeyd etdiyim 15-16% proqnoz minimum həddir. İlin sonuna bundan da artıq rəqəmlər ola bilər.

– Bu il bazara yeni məhsulların çıxarılması gözlənilirmi?

– Sektor üçün yeni tələbat olan məhsulların hazırlanması və bazara çıxarılması birbaşa şirkətlərin maraqlı olduğu addımdır. Onlar öz müştərilərini ehtiyac olan bütün sığorta növləri ilə təmin etməyə maraqlıdır. İcbari sığorta növləri üzrə bu il yeni məhsulların hazırlanması və bazara çıxarılması düşünülmür. Amma könüllü növlərdə yeni məhsulların təklif edilməsi mümkündür. Bazarın ehtiyacı olduqda şirkətlər istənilən könüllü sığorta növünü hazırlayıb bazara çıxaracaq. ASA periodik olaraq bununla bağlı təhlillər aparır. Bazarda tələbat olduqda dərhal şirkətlər yeni məhsul təqdim edirlər.

Qeyd edək ki, ötən il Azərbaycanda 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb ki, bu, 2022-ci ilə nisbətən 25.9% çoxdur. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587.325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35.6% artım deməkdir. İl ərzində könüllü sığorta növlərinin hesabına 888 milyon 104.3 min manat (illik +22%) sığorta haqqı toplanılıb. Könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 479 milyon 252,5 min manat (illik +41.9%) olub. 12 ayda icbari sığorta növləri üzrə sığorta haqları 334 milyon 432,8 min manat (illik +37.8%), sığorta ödənişləri isə 108 milyon 072,4 min manat (illik +13.1%) təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər