9 C
Baku
Friday, December 13, 2024

Bu yaxınlarda 1 milyonuncu kreditimizi verəcəyik

Müsahibimiz: “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin Müavini Abbas İbrahimovd

Abbas müəllim, ilk öncə müsahibə verməyə razılaşdığınız üçün sizə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, bu yaxınlarda Facebook-da keçirdiyimiz sorğuya əsasən Bankınız “2012-ci ilin ən sevilən bankı” seçilmişdir, bu münasibətlə sizi təbrik edir və yeni-yeni uğurlar arzu edirik.

Təbrik və arzularınıza görə təşəkkür edirəm. Düşünürəm ki, “Banker.az” maliyyə sahəsində çalışan peşəkarların və bu sahə ilə maraqlanan vətəndaşların ən çox müraciət etdiyi internet resursudur. Qeyd etdiyiniz sorğuda birinci olmağımız bizi olduqca məmnun etdi və bu barədə xüsusi press-reliz verdik. Əslində ilk dəfə deyil ki, sosial şəbəkə istifadəçiləri arasında ən çox bəyənilən bank seçilirik, ötən il də “facemark.az” onlayn nəşri tərəfindən keçirilən irimiqyaslı sorğuda birinci məhz “Bank of Baku” seçilmişdi. Bu son illərdə gənc müştərilər yönümlü təqdim etdiyimiz yeni məhsul və layihələrin onlar tərəfindən bəyənildiyi anlamına gəlir. Yeri gəlmişkən bir neçə gün sonra Facebook istifadəçiləri üçün olduqca maraqlı “fankredit” layihəsi start götürəcək.

2012-ci il Bank of Baku üçün məhz nə ilə yadda qaldı, sizə görə ötən il qazandığınız ən mühüm nailiyyətlər nə idi?

2012-ci il ümumilikdə bank bazarında, xüsusilə də “Bank of Baku”-nun olduqca aktiv olduğu riteyl bankçılıq sahəsində maraqlı il kimi yadda qaldı. Bazara yeni iştirakçıların daxil olması və müştərilərə yeni layihələrin təqdim olunması rəqabətin artmasına və nəticədə bank sisteminin inkişafına təkan oldu. Məhz Bank of Baku üçün bu il çox uğurlu oldu. İl ərzində istehlak kreditləri portfeli 50%-dən çox artaraq 345 milyon, ümumi kredit portfeli isə 420 milyon manata çatmışdır. Fiziki şəxslərin əmanət portfeli isə il ərzində 50%-ə yaxın artaraq 265 milyon manata çatmışdır.

Keçən il Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun B2 uzun müddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişdi. Ölkənin ilk hissə-hissə ödəniş layihəsi olan Bolkart-ın əsas inkişaf dövrü məhz bu ilə təsadüf etdi, bununla nağdsız ödənişlər sisteminin inkişafına öz töhfəmizi verdiyimizi düşünürəm.

Məhz 2012-ci ildə, daimi istehlak krediti müştəriləri üçün loyallıq klubu – “Dostlar klubu”- nu təqdim etdik. Eyni zamanda müştərilərimiz üçün bir sıra yaddaqalan kampaniyalar keçirdik, ən çox maraq doğuran kampaniyamız müştərilərə faizlərini geri almaq imkanı verən “Faizlər geri qayıdır” kampaniyası oldu. “Mənə nə qədər kredit düşür ? – 8145” layihəsinin startı da məhz keçən ilə təsadüf edir. 2012-ci ilin Bank üçün əlamətdar hadisələrindən biri də, həmin il müştərilərin ümumi sayının 500 minə çatması olub. Keçən ilin sonlarına doğru 900,000-ci kreditimizi rəsmiləşdirdik, proqnozlara görə mart ayında 1 milyonuncu kreditimizi verəcəyik.

Bəlkə də planlarınızı açıqlamaq düzgün olmazdı, amma yenə biz cəhd edirik, 2013-də Bank of Baku sevərləri nə gözləyir? Ümumi strateji inkişaf planlarınızdan artıq xəbərimiz var.

Düzgün qeyd etdiniz ki bu yaxınlarda mətbuata strateji inkişaf planımızın əsas istiqamətlərini açıqladıq. Uzun müddətli hədəflərimizə çatmaq üçün 2013-cü ili yaxşı dəyərləndirməliyik. Müştərilərə daha yaxşı xidmət göstərmək üçün filial şəbəkəmizi genişləndirmək, alternativ satış kanallarımızı inkişaf etdirmək, məhsul xəttimizi çeşidləndirmək, müştəri məmnuniyyətinə fokuslanmaq və texnologiyaya investisiya etmək əsas planlarımızdandır.

Azərbaycanda hal-hazırda hissə-hissə ödəniş kartları bazarında xeyli canlanma var, bir-birinin ardınca bir neçə yeni məhsul təqdim olundu,

Bank of Baku da öz Bolkart layihəsi ilə bu bazarda iştirak edir. Bu kartlar haqqında nə fikirləşirsiniz? Azərbaycanda bu model uğurlu olacaqmı ?

Artıq uğurların şahidi oluruq, gələcək üçün isə olduqca optimistəm. Bildiyiniz kimi Bolkart çoxpartnyorlu ödəniş kartları arasında bazarda ilkdir və hazırda liderdir. 2011-ci ilin oktyabr ayından, yəni 1 ildən artıq müddətdir ki Bolkartı müştərilərə təqdim etməyə başlamışıq. Bu gün 65,000-ə yaxın Bolkartlı şəhərin 500-dən artıq ticarət subyektində öz kartları ilə ayda 100 min ədədə yaxın əməliyyat keçirir. Bütövlükdə sağlam rəqabət əsasında bütün bu növ kartların ölkədə nağdsız ödənişlər sisteminin inkişafına, müştərilərin və ticarət subyekti sahiblərinin kartlı ödənişlər haqda məlumatlılıq səviyyəsinin artırılmasına öz müsbət təsiri olacağına əminəm. Bu gün nağdsız ödənişlər sisteminin inkişafı üçün dövlət səviyyəsində tədbirlər görülür – Mərkəzi Bank bankların bu kimi addımlarını bəyənir və dəstəkləyir, eyni zamanda Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə təbliğat aksiyaları keçirir

Bank of Baku-nu asanlıqla ən innovativ, müştərilərini düşünən bank adlandırmaq olar. Bilirik ki, hazırda vaxt puldur və istər kredit ödənişlərini həyata keçirmək, istərsə də kredit və ya plastik kart üçün müraciət baxımından ən geniş seçim təqdim edən bank məhz sizsiniz.

Bu sektorda İT-nin tətbiqi sahəsində daha hansı yeniliklərə ümid etmək olar?

Xoş sözləriniz üçün təşəkkür edirəm. Məlum məsələdir ki, müştəri məmnuniyyətinə önəm verən hər bir təşkilat satış xidmətində olduğu kimi satışdan sonrakı xidmətində də müştəri rahatlığını ön planda tutmalıdır. Bu prinsipə sadiq qalaraq, bazarda ilk dəfə 24/7 rejimində işləyən ödəniş terminalları və kreditlərin onlayn ödənişi xidməti məhz “Bank of Baku” tərəfindən müştərilərə təqdim olunub. Düşünürəm ki, öz İT komandamızı rahatlıqla bazarın “ən yaxşısı” adlandıra bilərəm. Ən əsası isə budur ki, bu gün bankımızda biznes sahəsi ilə İT sahəsi həmahəng işləyərək ortaya çox uğurlu layihələr çıxara bilir. 2013-cü ildə müştərilərin rahatlığını təmin etmək üçün bir neçə möhtəşəm layihəmiz var, bunlardan ilki isə bir neçə gün sonra pilot layihə kimi buraxacağımız “SMS kredit” məhsulu olacaq.

Bütün banklar istər ki, məsuliyyətli və sadiq müştəriləri olsun. Bəs siz məsuliyyətli və sadiq müştəriləri necə cəlb edirisiniz?

Müştəri bizim işimizin ən mərkəzindədir. Bir az əvvəl də qeyd etdiyim kimi, müştəri məmnuniyyətinin artırılması üçün bu il bir sıra silsilə tədbirlər həyata keçirməyi nəzərdə tuturuq. 2012-ci ildə təsis etdiyimiz, daimi müştərilərdən ibarət “Dostlar Klubu”na bir neçə ay ərzində artıq 70,000-dən artıq sadiq müştərimiz qoşulub və müxtəlif imtiyazlardan yararlanırlar. Bazardakı müsbət imıcımız və bu işdəki illərin qazandırdığı təcrübə məsuliyyətli müştəriləri cəlb edib, onları məmnun və sadiq müştərilər kimi saxlamağa imkan verir.

Qısa müddət ərzində çox uğurlu karyera yolu keçmisiniz, Bank of Baku-da 8-ci ildir çalışmağınıza baxmayaraq ən aparıcı vəzifələrdən birinə sahibsiniz.

Üzərinizə düşən məsuliyyəti necə dəyərləndirirsiniz? Bəs necə hesab edirsiniz, komanda baxımından bəxtiniz gətirib?

Düzü 8 il öncə təhsilimi başa vurub, “Bank of Baku”-da işləməyə başlayanda bu gün bu mövqedə olacağım ağlıma gəlməzdi. “Bank of Baku”-nu əsas fərqləndirən cəhət də elə budur – neçə gənc öz karyerasına məhz burda başlayıb və əsl bankçılıq məktəbi keçərək istər bank daxilində, istərsə də başqa təşkilatlarda əhəmiyyətli vəzifələrə yiyələniblər. Düşünürəm ki yerli bazarda, insan resursuna investisiyanın ən bariz nəticələrini “Bank of Baku”-da görmək olar. Sualınıza gəldikdə isə, fikrimcə bu gün bankımızın həm rəhbər heyəti, həm də sahədaxili komandaları zamanın tələblərinə cavab verən ən yüksək səviyyədədir. Bütün komandalar yalnız bir məqsəd üçün çalışır – gəlirlilik, yenilik və innovasiyalar üzrə birinciliyimizi saxlamaqla bazardakı aparıcı mövqeyimizi qorumaq və gücləndirmək.

Sonuncu sualımız bank sahəsi ilə bağlı deyil – Sizcə uğur qazanmaq üçün daha çox nə lazımdır, istedad ya bacarıq? Uğur qazanmaq istəyən oxuyucularımıza nə tövsiyyə edərdiniz?

Məncə uğurun əsas yolu istedadla yanaşı, həyatdakı hər bir addımda dürüstlük, əzmkarlıq və intizamlılıqdır.

Təşəkkür edirik!

Son xəbərlər
Digər xəbərlər