Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 12 aprel
tarixli 164 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik
enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən
edilməsi və tənzimlənməsi
QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda büdcə təşkilatlarında kommunal xidmətlərin istehlakı ilə bağlı aşağıdakıları müəyyən edir:
1.1.1. növbəti büdcə ilində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsi üçün zəruri hesab olunan kommunal xidmətlərin limitlərinin vaxtında müəyyən edilməsini;
1.1.2. istehlakçı tərəfindən kommunal xidmətlərin limit daxilində istehlakına nəzarəti və limitdən artıq istifadəyə yol verilməməsini;
1.1.3. istehlakçı tərəfindən kommunal xidmətlərin istehlakı barədə hesabatın təqdim edilməsini.
1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
1.2.1. kommunal resurslar – su, elektrik və istilik enerjisi, təbii qaz;
1.2.2. kommunal xidmətlər – soyuq və isti su təminatı, kanalizasiya (tullantı sularının axıdılması), elektrik təminatı, qaz təminatı və istilik təchizatı;
1.2.3. kommunal xidmətlərin istehlakına görə limit – il ərzində istehlakçının normal iş fəaliyyətinin təmin edilməsini nəzərdə tutan kommunal xidmətlərin miqdar ifadəsində yuxarı həddi;
1.2.4. büdcə təşkilatı – maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar;
1.2.5. baş sərəncamçı – istehlakçının bilavasitə tabe olduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatları;
1.2.6. istehlakçı – kommunal xidməti satın alan və onlardan istifadə edən şəxs;
1.2.7. təsərrüfathesablı müəssisə – baş sərəncamçının tabeliyində olan və öz xərclərini qanunvericiliklə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirən şəxs;
1.2.8. təchizatçı – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında kommunal xidmət göstərən şəxs.
2. Kommunal xidmətlərin istehlakına görə
limitlərin müəyyən edilməsi
2.1. Növbəti il üçün büdcə təşkilatlarında kommunal xidmətlərə görə limit müəyyən edildikdə, aşağıdakı göstəricilərdən istifadə olunur:
2.1.1. ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi;
2.1.2. cari il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri üzrə istehlak olunacaq kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;
2.1.3. cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;
2.1.4. cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
2.1.5. cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
2.1.6. cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
2.1.7. icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
2.1.8. icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakın miqdar ifadəsində həcmi.
2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd olunan məlumatlar baş sərəncamçı və təchizatçı tərəfindən birgə hazırlanır və təsdiq edilir. Həmin məlumatlarda uyğunsuzluq olduğu təqdirdə, baş sərəncamçının, obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanının və təchizatçının nümayəndələrinin iştirakı ilə həmin uyğunsuzluq araşdırılır və miqdar ifadəsində həcm müəyyən edilir.
2.3. Cari və növbəti ildə istifadəsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, baş sərəncamçı və təchizatçı tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir.
2.4. Cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı, təchizatçı və icarəyə verən (subicarəyə verən) tərəfindən həmin obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmini əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Bu zaman artıq istehlak həcmlərinə yol verilməməli və müəyyən edilmiş limit reallığı əks etdirməlidir.
2.5. Cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) olduqda, baş sərəncamçı təchizatçı tərəfindən təsdiqedici sənədlər əsasında həmin obyektlərin (və ya onun sahəsinin) texniki və (və ya) müvafiq dövrdə istehlak olunmuş faktiki istehlak göstəricilərinə əsasən kommunal xidmətləri əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir.
2.6. Cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyekt (və ya onun sahəsi) olduqda, həmin obyekt (və ya onun sahəsi) üzrə istehlak edilən kommunal xidmətlər limitlərə daxil edilmir. Bu zaman baş sərəncamçı və təchizatçı tərəfindən təsdiqedici sənədlər əsasında həmin obyektlərin (və ya onun sahəsinin) müvafiq dövrdə istehlak olunmuş faktiki istehlak göstəricilərinə əsasən kommunal xidmətləri əks etdirən birgə arayış hazırlanır və təsdiq edilir. Həmin obyektlər (və ya onun sahəsi) üzrə ödənişlər büdcə təşkilatı, icarəçi (subicarəçi) və təchizatçı arasında bağlanılmış müqavilə əsasında həmin icarəçi (subicarəçi) tərəfindən həyata keçirilir və bağlanılmış müqavilənin surəti 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və (və ya) yerli maliyyə orqanına təqdim edilir.
2.7. Büdcə təşkilatının tabeliyində olan təsərrüfathesablı müəssisənin istehlak etdiyi kommunal xidmətlər limitlərə daxil edilmir və ödənişlər onunla təchizatçı arasında bağlanılmış müqavilə əsasında həmin müəssisə tərəfindən həyata keçirilir. Təsərrüfat-hesablı müəssisə bağlanılmış müqavilənin surətini 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə orqanına təqdim edir.
2.8. Növbəti il üçün istehlakçının istifədəsində olan hər bir obyekt (və ya onun sahəsi) üzrə kommunal xidmətlərə görə limit istehlakçı və təchizatçı tərəfindən bu Qaydanın 2.1-2.7-ci bəndlərində nəzərdə tutulan məlumatlardan istifadə etməklə, cari ilin may ayının 1-dək aşağıdakı qaydada müəyyən edilir və iyun ayının 1-dək kağız və (və ya) elektron daşıyıcılarda baş sərəncamçıya və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına təqdim edilir:
L(b.h) = (L1 + L2+…+ Ln) + Lyeni + Lic.götürülən + List/subabonent – Lləğv – Lic.verilən – Lsubabonent/ist
burada:
L(b.h) – növbəti il üçün istehlakçının tabeliyində (istifadəsində) olan obyektlər (və ya onun sahəsi) üzrə kommunal xidmətlərə görə limit;
L1 + L2+…+ Ln – ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi;
Lyeni – cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;
Lic.götürülən – cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
List/subabonent – icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
Lləğv – cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
Lic.verilən – cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;
Lsubabonent/ist – icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakının miqdar ifadəsində həcmi.
2.9. Baş sərəncamçı bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq tabeliyində olan hər bir istehlakçı (və ya obyekt) üzrə müəyyən edilmiş kommunal xidmətlərə görə limitləri ümumiləşdirir və növbəti büdcə ilinin proqnozlarında nəzərə almaq üçün bu Qaydanın 2.1-2.7-ci bəndlərində nəzərdə tutulan əlavələrlə birlikdə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8-ci maddəsi ilə müəyyən edilmiş müddətdə kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim edir.
3. Kommunal xidmətlərin limit nəzərə alınmaqla
ödənilməsi və nəzarət tədbirləri
3.1. Limit çərçivəsində xərclər qiyməti dövlət tərəfindən tənzimlənən kommunal xidmətlər üzrə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tarif, digər kommunal xidmətlər üzrə isə bağlanılmış müqavilə qiyməti tətbiq edilməklə müəyyənləşdirilir, dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
3.2. Kommunal xidmətlərdən istifadə qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada istehlakçı ilə təchizatçı arasında hər il dekabr ayının 31-dək bağlanılmış alqı-satqı müqaviləsi əsasında aparılır. Müqavilədə vəzifələr, hüquqlar, qarşılıqlı məsuliyyət, istehlakçıya verilən kommunal xidmətin həcmi və dəyəri, hər ilin dövlət büdcəsində kommunal xidmətlərin limitinin yuxarı həddi, qrafiki, keyfiyyəti, ödəniş qaydaları və digər məsələlər əks etdirilir. Təchizatçı ilə istehlakçı arasında müqavilə bağlanıldıqdan sonra istehlakçı tərəfindən həmin müqavilənin surəti 3 (üç) iş günü müddətində aidiyyəti üzrə Maliyyə Nazirliyinə və (və ya) yerli maliyyə orqanına təqdim edilir.
3.3. Qanunvericiliyə uyğun olaraq müqaviləsiz kommunal xidmətlərin təqdim edilməsinə yol verilmir.
3.4. İstehlakçı tərəfindən müqavilədə qeyd olunan qrafiklə müəyyən edilmiş aylıq göstəricidən (limitdən) artıq kommunal xidmətdən istifadə halları olduqda, təchizatçı 3 (üç) iş günü əvvəl istehlakçını xəbərdar etməklə, ona növbəti ayda (aylarda) artıq istifadə edilmiş kommunal xidmətin həcmi qədər məcburi məhdudlaşdırma tətbiq etmək hüququna malikdir.
3.5. İl ərzində limitlərin artırılmasına zərurət yarandıqda istehlakçı və təchizatçı tərəfindən “Kommunal xidmətin istehlakına görə limitdə dəyişikliyin edilməsi zərurətinə dair birgə arayış (1 nömrəli əlavə)” tərtib olunmaqla baş sərəncamçıya müraciət edilir. Baş sərəncamçı qaldırılan məsələni araşdırır və təqdim edilmiş üzləşmə aktları üzrə istehlakçının kommunal xidmətlərə görə borcunun (limitdən artıq istifadə olunan kommunal xidmətlər də daxil olmaqla) ödənilməsini tabeliyində olan digər obyektlərin həmin məqsədlər üçün istifadə olunmamış vəsaiti hesabına təmin edir. Bu bəndin ikinci cümləsində qeyd olunanlar mümkün olmadıqda, Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan xərc maddələri istisna olmaqla, digər xərclər hesabına kommunal xidmətlərə görə borcun (limitdən artıq istifadə olunan kommunal xidmətlər də daxil olmaqla) ödənilməsini təmin edir.
3.6. Bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq, istehlakçının kommunal xidmətlərin göstəricilərinın artırılması (müvafiq limit çərçivəsində və müvafiq maliyyə təminatı olduqda) nəzərdə tutulduqda, istehlakçı tərəfindən bu barədə təchizatçıya müraciət edilir və kommunal xidmətin alqı-satqı müqaviləsinə müvafiq qaydada əlavələr edilir.
4. Hesabatın təqdim edilməsi
4.1. Hər il yanvar-iyun ayları üzrə 1 iyul vəziyyətinə və iyul-dekabr ayları üzrə 1 yanvar vəziyyətinə olmaqla, “Faktiki istehlak olunan kommunal xidmətin həcmi barədə üzləşmə aktı” (2 nömrəli əlavə) 1 (bir) ay müddətində istehlakçı ilə təchizatçı arasında qarşılıqlı şəkildə təsdiq edilərək həmin şəxslər tərəfindən aidiyyəti üzrə baş sərəncamçıya və ya müvafiq ərazi üzrə baş sərəncamçının tabeliyində olan quruma və obyektin yerləşdiyi ərazi üzrə yerli maliyyə orqanına kağız və ya elektron daşıyıcılarda təqdim edilir;
4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq təqdim olunmuş icmal məlumatlar əsasında baş sərəncamçı və təchizatçı tərəfindən 1 (bir) ay müddətində ümumiləşdirilmiş hesabat (birbaşa maliyyələşdirilən hər bir müəssisə, idarə və təşkilat üzrə ayrı-ayrılıqda göstərilməklə) hazırlanır və təsdiq edilir.
5. Yekun müddəa
5.1. Büdcə təşkilatlarının müvafiq vəzifəli şəxsləri kommunal xidmətlərə olan tələbatın müəyyən olunmuş limitlərə uyğunlaşdırılmasını təmin etməli və həmin limitdən artıq kommunal xidmətlərdən istifadəsinə yol verilməməli, kommunal xidmətlərin istehlakı haqqını (limit nəzərə alınmaqla) vaxtında ödəməlidir.
“Büdcə təşkilatlarında kommunal
xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”na
1 nömrəli əlavə
Kommunal xidmətin istehlakına görə limitdə dəyişikliyin
edilməsi zərurətinə dair birgə arayış
Kom-munal xidmə-tin növü |
Ölçü vahidi (m3, qkal, kVt/s) |
Təsdiq edilmiş limit |
Əlavə tələb olunan limit |
Tələb olunan limit nəzərə alınmaqla yeni limit |
Dəyi-şən limitin istifadə müd-dəti (gün) |
Limitin dəyiş-məsinə təsir edən amillər |
|||
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
|
|||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
|
|
|
|
|
|
|
|
|
|
İstehlakçının Təchizatçının
rəhbəri rəhbəri
“Büdcə təşkilatlarında kommunal
xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi ……………………..Qaydası”na
2 nömrəli əlavə
Faktiki istehlak olunan kommunal xidmətin həcmi barədə üzləşmə aktı
Kom-munal xid-mətin növü |
Ölçü vahi-di (m3, qkal, kVt/s) |
01.__ 20_ ilə borc |
20_ ilin _____ ayı üzrə göstəricilər |
01.__ 20_ ilə borc |
Qeyd |
|||||||
il üçün təsdiq edilmiş limit |
hesabat dövrü ərzində faktiki istehlak |
01.____ 20_ ilə artan yekunla faktiki istehlak |
01.____ 20_ ilə istifadə edilməmiş limit |
|||||||||
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
məb-ləğlə (ma-natla) |
miq-dar ifadə-sində |
|||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
12 |
13 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|