Cənubi Kipr martın 1-dən etibarən bütün ölkələrdən gələn turistlər üçün sərhədləri və hava limanlarını açacaq.
“RİA Novosti” xəbər verir ki, bu barədə “CyBC” telekanalının efirində çıxışı zamanı Cənubi Kiprin turizm nazirinin müavini Savvas Perdios bildirib.
“Turistlər koronavirus testinin mənfi nəticələndiyini sübut edən sənəd təqdim etməklə karantindən yan keçəcək. Amma “qırmızı” zonadan gələn qonaqlar Cənubi Kiprə gəldikdən sonra daha bir test verməli olacaq”, – o deyib.
Nazir müavini Cənubi Kiprin 56 ölkənin vətəndaşlarının girişinə qoyulan qadağanı ləğv edəcəyini xatırladıb. Onlar aşağıdakı kateqoriyalara bölünəcəklər: Aİ üzvü olan dövlətlər; Avropa İqtisadi Zonasına daxil olan dövlətlər (Norveç, İslandiya, İsveçrə, Lixtenşteyn); sənəddə (Aİ-yə vacib olmayan səfərlərin müvəqqəti məhdudlaşdırılması və bu məhdudiyyətin mümkün ləğvi barədə 30 iyun 2020-ci il tarixli) Aİ Şurasının tövsiyələri ilə göstərilən üçüncü ölkələr; Böyük Britaniya, Rusiya, İsrail, Ukrayna, Belarus, Misir, İordaniya, Livan, BƏƏ və Səudiyyə Ərəbistanı.
S.Perdios bu ölkələrin hər birinin epidemioloji vəziyyətə uyğun rənglərlə işarələnəcəyini vurğulayıb. “Yaşıl” ölkələrdən olan turistlərin ölkəyə gəlişi zamanı COVID-19 testindən keçməsinə ehtiyac qalmayacaq. “Narıncı” ölkələrdən gələn qonaqlar təyyarəyə minməzdən əvvəl koronavirus testinin mənfi nəticəsini özündə əks etdirən sənədi təqdim etməli olacaq. “Qırmızı” zonadan olan səyahətçilər isə həm yola düşməzdən əvvəl, həm də Cənubi Kiprdə testdən uğurla keçməli olacaq.