Müəllif: Yeganə Məmmədova, Azərbaycan Jurnalistlər birliyinin üzvü
Əslində Çarlz Pontsi kimi insanlar bizə məlum olan bəşər tarixində o qədər az olmuşlar ki, onları barmaqla saymaq mümkündür. O təkcə çoxmilyonlu varidat sahibi olmaqla şöhrət tapmamışdır, – burada yüz, hətta min dəfə Pontsidən varlı və şanslı olan tarixi şəxsləri misal çəkmək olar.
Əfsanəvi italiyalının dahiliyi məhz ondan ibarətdir ki, o, təcrübədə özünün şəxsi, ona qədər heş kəsin istifadə etmədiyi fenomenal varlanma sistemini düşünüb reallaşdırmışdır ki, bu yalnız müasir milli valyutalar, pensiya fondları və transmilli maliyyə-kredit institutları kimi sabun köpükləri ilə müqayisəyə gələ bilər. Düzdür, onların heç biri orijinallığına və gəlirliliyinə görə Pontsi sistemi ilə müqayisə belə oluna bilməz, belə ki, onun arxasında həmişə dövlətlər, ordular və polis durmuş, Pontsi isə həmişə təkbaşına hərəkət etməyə üstünlük vermişdir. Bu fırıldaqçı və dələduzun adı hətta həmvətəni Benito Mussolininin sarayında maliyyəçi işləməyə də fürsət tapmağı ilə məşhurdur.
Polad necə bərkidi
Çarlz, həm də Karlo, Çarli, Karlito, Byanki, mister Pyetro, Rikardo – Riçard – Rik, həm də Karlo Pyetro Covanni Gilyermo Tebaldo Pontsi 1882-ci il martın 3-də İtaliyada, Ravennanın yaxınlığında yerləşən kiçik Luqa şəhərində anadan olmuşdur. O, ya zərgərlik əşyaları alveri ilə məşğul olan tacir, ya poçt işçisi, ya da varlı arvadının və qayınlarının varidatını kartda uduzmuş və Şərqi Avropayan qaçmış qumarbaz ailəsində dünyaya göz açmışdı. Özünün dediyinə görə, atası ilə bəxti gətirmişdi, belə ki, oğlu üçün nə pul, nə də əlaqələrdən istifadə etməyi əldən vermir, Karlitonu əvvəl zərgərlik dükanına rəis, sonra isə Ravennada poçt şöbəsinin rəhbəri vəzifəsinə düzəltmişdi.
Çox güman ki, Pontsi atası barədə danışarkən düz deyirmiş, belə ki, tezliklə Ravennanı tərk edib Roma Universitetinə daxil olur, olaraq paytaxt restoranlarının, qumarxanaların və Roma karabinerləri şöbələrinin gündəlik sakininə çevrilir. Burada o, Çarlz Dikkensin əsərləri ilə tanış olur, buradakı bəzi ideyalar sonradan onun maliyyə piramidası quruculuğu konsepsiyasının əsasına qoyulmuşdur. Universitetə qəbul olduqdan bir neçə aydan sonra o, qumarxana təşkil etdiyinə görə böyük rusvayçılıqla universitetdən qovulur və gəmiyə bilet alıb ABŞ-a yollanır.
Pontsi 1903-cü il noyabrın 15-də cibində 3 dollarla Bostona gəlir. Qalan pulları, dediyinə görə, gəldiyi “Vankuver” gəmisində Bolonyadan olan bir fırıldaqçıya uduzmuşdu. Bir neçə il o, gah yükvuran fəhlə, gah döşəməyuyan, gah da qabyuyan işləyərək təsadüfi qazancla dolanmışdır. Sonra onun bəxti gətirir – yaxşı restoranların birinə ofisiant işinə düzəlir, lakin müştəriləri aldatdığına və kassadan pul oğurladığına görə onu işdən qovurlar.
Daha sonra o, “Nyu-York Tayms”a etiraf edir ki, bu ölkədə həyatının bütün yaxşı perspektivlərini dərhal başa düşmüşdür: “Amerika işıqlı və səxavətli ölkə, amerikalılar isə hər şeydə öz xeyirlərini güdən avropalılardan fərqli olaraq xeyirxah və təmiz adamlardır. Mən dərhal başa düşdüm ki, Amerika vətəndaşları ilə ittifaqda, yəni mənim inadkarlığım və onların səxavəti ilə biz ən əlçatmaz arzularımızı həyata keçirə bilərik. Mən o vaxtlar Amerikaya o qədər vurğun idim ki, adi soyuq yeməklər paylayanın maaşı ilə gələcək milyonlardan danışmağa utanırdım”. Ona görə də, Pontsi çox fikirləşmədən Kanadaya yollanır. Həmin dövrdə orada Monreal bankları italyan mühacirlərinə və ailələrinə kredit və ssudalar verməyi təcrübədən keçirirdilər. Birjada bank işçisi olmaq üçün imtahandan və bir neçə müsahibədən keçdikdən sonra Karlito “Nova Trast” bankının kredit şöbəsinə menecer kimi işə düzəlir. Bankın qaydalarına görə, yeni yaşayış yerində mühacirlərin “yüksək” adlanan vəsait hesablarına ssudanı yalnız o italiyalılar ala bilərdi ki, ABŞ və ya Kanada vətəndaşı olan qohumlarından və bu iki ölkədən birində qeydiyyatdan keçmiş hər hansı müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilmiş tövsiyə məktubları olsun. Banka müştəri axınını və mühacir ssudalarına tələbin artmasını təmin etməyən bu məhdudiyyətlər əvvəldən Pontsini qane etmirdi və o, bu qaydaları özünün lazım bildiyi kimi bir qədər dəyişirdi. Pontsini birinci dəfə fondları israf etdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə qovduqda aşkar olmuşdu ki, çox sövdələri o özünün kirayə tutduğu mənzilində həyata keçirib. Bu mənzildə o, mühacir həmvətənlərinə izah edirmiş ki, bütün bürokratik yolları və tələb olunan sənədlər paketini asanlıqla onun hesabına kiçik ianələr etməklə əvəz etmək olar.
1907-ci ildə Pontsi özəl kredit müəssisəsi olan “Zarossi bank”da kassir vəzifəsinə işə düzəlir. Hesab etmək olar ki, Karlito burada ilk dəfə olaraq faiz siyasətinin bütün gücünü hiss edir və tez bir zamanda başgicəlləndirən karyera edir – o, bankın inkişaf və x arici münasibətlər şöbəsinin rəisi Lui Mirandonun müavini vəzifəsini tutur. Sonradan Mirando kredit müəssisəsinin bilərəkdən müflisləşməsini təşkil etdiyinə görə 27 il müddətinə həbs cəzasına məhkum olunur. Həmin vaxt bankın özü ipoteka kreditləşməsi proqramının süqutu səbəbindən iflas həddində idi. Pul yox idi, borclar artır, rəhbərlik isə ciddi surətdə ölkədən qaçmaq planı üzərində düşünürdü. Təəccüblü deyildir ki, işlədiyi beş ay ərzində Karlito rəhbərliyə nəyin hesabıma olursa-olsun, bankı bu uçurumdan xilas edəcəyini söz verərək, sıravi kassirdən rəhbər vəzifəyə keçə bilmişdi. Qəribədir, ancaq təsisçilərə çox da ağıllı görünməyən bu adam gələcək müflisləşmənin qurbanı kimi görünürdü və onlar düşünürdü ki, o müəyyən müddətə müflisləşmənin qarşısını ala bilər.
Yeni vəzifəyə gələn Karlito işinə bank depozitləri üzrə faizləri iki dəfə qaldırmaqla başladı. İndi əmanətlər üzrə gəlirlilik illik 8 faizə çata bilərdi. Təbii ki, bu şərtlər onun öz cibindən ödədiyi reklamla birlikdə əmanətçiləri tez bir zamanda cəlb etdi, belə ki, onlar birinci dəfə idi belə şeylərlə rastlaşırdılar. Rəhbərlik ondan müflisləşmiş bankın bu faizləri necə ödəyəcəyini soruşduqda, Pontsi cavab verirdi ki, bu adi Avropa siyasətidir və faiz siyasətinin itkililiyi əhali arasında əmanətlərin populyarlığı hesabına özünü kompensasiya edəcəkdir.
Nəticədə Pontsi haqlı çıxmışdı – bank 20 ay belə işlədikdən sonra əhalidən 6 mln. dollar cəlb etmiş və bu müddət ərzində yalnız depozit müqavilələrinin tərtibi ilə məşğul olmuşdur. Məhz həmin vaxtlar Karlito kredit müəssisəsi bazasında qarşılıqlı yardım kassalarının – çoxlu müştəri və mənfəət vəd edən yeni maliyyə aləti yaratmaq fikrinə gəlir. Belə kütlə üçün maddi əsas kimi Pontsi banka bir sıra investisiya proqramları təklif edir. Bu proqramlar hər şeydən əvvəl, kütləvi informasiya vasitələri sahəsinə toxunurdu. Bankın rəhbəri Lui Zarossi, öz növbəsində aparıcı meneceri olan Pontsini psixi və əqli cəhətdən geridə qalan dəli hesab etdiyindən, onun təklif etdiyi fırıldağdan qəti imtina edir və bankın aktivlərinin böyük hissəsini də götürərək, Meksikaya gedir. Beləliklə, “Zarossi Bank”ın xoş günlərinə son qoyulur, amma Pontsi öz fikrindən dönməyə tələsmir. İstintaqa bank əmanətlərinin yoxa çıxması ilə bağlı kömək edərkən (Pontsi Lui Mirando ilə bağlı cinayət işində şahid kimi çıxış etmişdir), Karlito müflisləşmiş bank kontoru ilə də danışıqlar aparırdı. Görünür, arbitraj komissiyasının Pontsinin psixoloji vəziyyəti barədə rəyi yeni meksikalı Lui Zaroccinin fikrindən o qədər də fərqlənmirdi. Ona görə də, bankın sağlamlaşdırılması üçün Pontsi nəzərdə tutduğu və təqdim etdiyi maliyyə layihələrinə rədd cavabı alır. Bank rəhbərliyi ilə çoxsaylı danışıqlar, savaşlar onunla nəticələnir ki, o özü özünə çox böyük məbləğdə uzunmüddətli faizsiz istiqraz verir və tələsik Amerika Birləşmiş Ştatlarına getməyə hazırlaşır. Orada qohumları ona əmtəə birjasında gəlirli broker yeri vəd etmişdi. Lakin o, bu arzusunu həyata keçirə bilmir, belə ki, həbs olunub azadlıqdan məhrum edilir.
1911-ci ildə Karlito azadlığa çıxarkən, bank alveri sahəsində öz fəaliyyətini davam etdirmək mümkün olmur. Onun Kanadanın iş üçün müraciət etdiyi bütün kredit müəssisələrində etibarsız və psixi cəhətdən normal olmadığı qeyd edilməklə, rədd cavabı gəlirdi. Yalnız sonralar Pontsinin ideyaları ilk mənbədən bu və ya digər cüzi kənarlaşmalarla öz ifadəsini milli pensiya sistemlərinin və sığorta fondlarının yaradılmasında, o cümlədən Mavrodi, “Vlastelin” kimi maliyyə kombinatorlarının və s. kontorlarında tapacaqdı. O zaman isə baş tutmayan maliyyə maqnatı bir neçə uğursuz fırıldaqdan və həbsxanalarda yatdıqdan sonra cibində bir sent belə olmadan ümidsiz halda ABŞ-a qayıdırdı.
Çarlz Pontsinin poçt konvensiyası, mübadilə kuponları və maliyyə piramidası
Bostona gələn Pontsi öz maliyyə işlərini qaydaya salmaq üçün Yucin Qnekko adlı varlı baqqalın qızı Roza Mariya ilə evlənir. Artıq il yarımdan sonra Qnekkonun işi geriləməyə başlayır, Karlito isə öz qaynatasının mühasibat işlərində etdiyi fırıldaqlara görə üç ay islah-əmək işlərinə cəlb edilir. Azadlığa çıxaraq, Pontsi reklam kataloqlarının paylanması işinə başlayır. Məhz bu perspektivsiz iş (Bostonda bu işlə məşğul olan onlarla kontor mövcud idi) onu Boston tarixində, eləcə də bütövlükdə Amerikanın tarixində görünməyən ən böyük fırıldaq qurmağa sövq edir. Bir dəfə o, poçt ilə iş tərəfdaşlarından reklam kataloqu üçün aldığı Boston şirkətlərinin adlarının, məhsullarının, qiymət siyasətinin və s. siyahıları ilə qəribə bilet aşkar edir. Bilet mübadilə marka kuponu adlanır və kütləvi olaraq XX əsrin əvvəllərində Ümumdünya poçt ittifaqının konfrans iştirakçılarının ümumi yığıncağının qərarı ilə dövriyyəyə buraxılmışdı. Bilet Universal poçt Konvensiyasının düzəlişləri ilə tərtib olunmuşdu. Poçta gələn Pontsi aşkar edir ki, Romada yalnız bir bir sentlik poçt markasına müdadilə olunan bu kupon Bostonda altı belə bir sentlik markaya bərabərdir. O vaxt Pontsi hələ axıra qədər başa düçmürdü ki, bu vəziyyət ona kömək edə bilər, lakin hiss edirdi ki, burada nə isə var. Bu kupon həqiqətən Ümumdünya poşt ittifaqının bütün ölkələrində xaricə göndərilən adi məktub qiymətində bir və ya bir neçə poçt markasına dəyişdirilə bilərdi. Öz növbəsində, poçt administrasiyaları Beynəlxalq büronun buraxdığı beynəlxalq cavab kuponlarını sata bilər və daxili qanunvericiliyə görə satışı məhdudlaşdıra bilərdilər. Əgər mübadilə ölkəsinin daxili qanunvericiliyi bunu qadağan etmirdisə, cavab kuponları mübadilə oluna bilərdi ki, bu da ya bütün poçt nişanlarına və ya ödəniş ştempellərinə çox nadir hallarda edilirdi.
Iştirakçı dövlət administrasiyası eyni vaxtda cavab kuponların və həmin cavab kuponlara mübadilə edərək ödəməyə lazım olan göndərmələrin tələbi hüququnu öz ixtiyarında saxlaya bilərdi. Sonradan Pontsinin əsas oyunu ondan ibarət idi ki, kuponların öz satış qiyməti heç yerdə qeyd edilmirdi, o bunda maraqlı olan poçt konvensiyasının iştirakçı dövlətləri tərəfindən təyin olunurdu və kuponun o vaxt təxminən dörddə bir Amerika senti dəyərindən aşağı qiymətə ola bilməzdi. Kupon poçt markası ilə, marka isə milli valyuta ilə mübadilə oluna bilərdi.
Növbəti dəfə varlanmaq cəhdində yanılaraq, Pontsi özünəməxsus reklam kontorunu satır, bir neçə tanışından borc pul alır və bankdan dayısından ona miras qalan Rovennadakı mülk hesabına olduqca yaxşı kredit götürür. Sonra o, yığılmış məbləği nə edəcəklərini təfsilatlı təlimatla izah edərək, İtaliyaya öz qohumlarına göndərir. Nəticədə, Pontsi bir neçə poçt kuponu ilə bağlama alaraq kor-peşman olur, çünki o müraciət etdiyi heç bir poçt şöbəsi bu miqdarda markanı dəyişməyə razılıq verməmişdi. Hüquq mühafizə orqanları tərəfindən öz şəxsiyyətinə artıq şübhə yaratmamaq üçün o bu fikrini kənara qoyur. Halbuki, bağlamalar gəlməkdə davam edirdi, müvəffəqiyyətsiz maliyyəçinin bütün əmlakı girov qoyulmuşdu, kreditorlar isə vaxtaşırı borcun qaytarılamsını tələb edirdilər.
Başqa əlacı qalmadığını görən Pontsi öz həyatında ən təhlükəli addım atmaq qərarına gəlir, o özünün gələcəkdə kədərlə xatırlanan SEC – “Qiymətli kağızlar mübadiləsi üzrə şirkət” adı altında olan kontorunu qeydiyyatdan keçirir, və eləcə də onlarla qazet və jurnalda Boston şəhərinin əhalisinin müvəqətti azad pul vəsaitlərinin qəbulu barədə elan yerləşdirir. Tez pul qazanmaq imkanı əldə etməkdə maraqlı olan əmanətçi axınını çox gözləmək lazım gəlmir və Pontsi təcili olaraq geniş yer icarəyə götürür, beş əməliyyatçı işə qəbul edir və investisiyaların qəbuluna başlayır.
Əmanətçilər bukletləri oxuyaraq 90 sutka ərzində əmanətlərinin iki dəfə artma prosesini dərk etmək cəhdi edirdilər, burada bildirilirdi ki, həmin əməliyyatlar adi arbitraj razılaşmalar vasitəsi ilə həyata keçirilir. Elə alınırdı ki, poçt kuponlarını Köhnə Dünyada alaraq və onu Yenisində “nağdılaşdıraraq”, tam şəkildə 400% son gəlirə ümid olmaq olar. Əslində isə, Pontsinin yeni təşəbbüsü əsasında onun hələ həmvətəninin kommersiya bankında çalışdığı vaxt düşündüyü həmin köhnə qarşılıqlı yardım kassalar prinsipi idi, burada da gəlir daimi cəlb olunan yeni piramida iştirakçılarının pul vəsaitləri hesabına təmin olunurdu.
Lakin Pontsi bu məsələ üzərində çox dayanmamağa çalışırdı. Bunun əvəzində, inanmayan və ehtiyat edən investorlara nə üçün belə, sözün əsil mənasında həddindən artıq faizlərin məhz nəyə görə ödənilməsini başa salaraq, Ponstinin əməkdaşları xəbər verirdilər ki, birincisi, şirkət öz müştərilərinə göstərdikləri etimada görə təşəkkür edir və ümumi xeyir məqsədi ilə uzunmüddətli səmərəli əməkdaşlığa ümid edirlər. İkincisi, əmanətçilərə ödənilən faizlər özünə reklam üçün ödənişi daxil edirdi, yəni şübhəsiz ki şirkətin müştəriləri çox həcmdə olan mükafatdan ruhlanaraq dərhal yeni üsulla tez qazanc barədə öz qohumları, yaxınları və yaxşı tanışların arasında məlumat yayacaqlar. Çarlz Pontsinin maliyyə modelinin əsasına qoyulmuş konsepsiyaya uyğun olaraq, piramidanın müvəffəqiyyətlə fəaliyyət göstərməyi və daimi inkişaf etməyi üçün, hər bir investora əlverişli sxem barədə ancaq on adama danışması kifayət edirdi.
Şəhər əhalisinin informasiya emalına məruz qalması nəticəsində, maliyyə sxemi necə deyərlər, işlədi, 1920-ci ilin yanvarında maliyyə kombinatorunun gəliri $5000 təşkil etdi, fevralda artıq $30000, martda $400000, apreldə isə piramidanın kapitalı $3 mln artıq idi. 1920-ci il iyul ayının ortasına Pontsinin müəsissəsinə xüsusi qoyulmuş kapitalın həcmi gün ərzində $200 mindən artıq idi. Bostonda inkişaf edən komediyanın miqyasından artıq o fakt da xəbər verir ki, fırıldaqçı-resedivistin şirkətinin investorları sırasında Boston polisinin bütün ştatının təxminən dorddə üç hissəsi var idi.
Lakin tədbirin möhtəşəm müvəffəqiyyətinə baxmayaraq, onun sonu yaxınlaşırdı. 1920-ci ilin 26 iyulundan Massaçusetsin dairə prokurorunun tələbi ilə, Pontsinin şirkəti xüsusi investorlardan əmanətlərin qəbulunu dayandırır. Bu zamana piramidanın kapitalı $10 mln. artıq təşkil edirdi, Pontsinin əmanətçiləri isə 10 mindən artıq vətəndaş idi.
Hesablar üzrə ödəmək vaxtı gəldi. Maliyyə fırıldaqlarına cavabdehlikdən boyun qaçırmaq cəhdi edərək, Pontsi bu zaman ödəmə vaxtı bitmiş yaxud ödəmə vaxtı daha yaxın olan əmanətçilərə təxminən $8 mln. ödəmişdi. Lakin bu, piramida qurucusunu həbsdən, məhkəmədən və həbsxanaya düşməkdən xilas etmədi, çünki şirkətin hələ müxtəlif Amerika banklarının hesablarında səpələnmiş təxminən üç milyon dollar pulu və eləcə də daşınmaz əmlakı (Bostonda, Spriqfilddə, Olbanidə) qalmışdı. Bundan əlavə, Pontsinin öz investorlarına əvvəl bağladığı müqavilələr əsasında, təxminən yeddi milyon dollar borcu var idi.
Gözlənildiyi kimi, məhkəmə sistemi məhşurlaşmış fırıldaqçıya qarşı münasibətdə amansız idi. Pontsinin maliyyə sxeminin fırıldaq xarakteli olması və onu iyirmi il həbsxanaya salmaq üçün dövlət ittihamçıları Ceremi Uotson və Brendon Kreybenə məhkəməni və dövri mətbuatı inandırmaq üçün, çox əmək tələb olunmadı. Dünyada şirkətin dövriyyəsinin yüzdə bir hissəsinə bəraət qazandırmaq üçün bu miqdarda poçt markasının olmaması barədə əsaslı sübutları təqdim edərək, ittihamçı Pontsinin piramidasının fenomeninin leqal olmasının ifşa edilməsinə keçdi. Burada sxemin mahiyyətini açmaq kifayət idi, sadəcə onun necə işləməsini və nəticədə nə üçün heç vaxt işləməyəcəyini göstərmək lazım idi.
Uotsonun sözlərinə görə elə alınırdı ki, müraciət etmiş birinci min investorların yüz faiz gəlirlərini ödəmək üçün, Pontsi üçün digər 2 min investorlardan yeni investisiya almaq lazım idi. Növbəti mərhələdə, artiq 6 min yeni investorların vəsaitlərinin cəlb edilməsini tələb edən üç min veksel üzrə hesablaşmaq tələb olunurdu. Pontsinin piramidasının növbəti layı birinci 9 min əmanətçiyə tələb olunduğu ödənişi təmin etmək üçün, artıq özünə 18 min yeni investor daxil edirdi. Piramidanın onuncu dövrü 13 122 000 özəl investorların əmanətini özünə daxil edirdi. Nəticədə, Amerika prokurorlarının hesabladıqlarına görə, sxemin 15 dövüyyəsi mərhələsində investorların sayı o vaxt dünyada olan əhalinin sayından çox olacaqdı. Bununla bərabər, sxemin özü maliyyə əməliyyatının artıq 7-ci mərhələsində pis işləməyə başlayacaqdı. Fırıldaq göz qabağında idi, və məhkəmə Pontsini üç il həbs cəzasına, daşınan və daçınmaz əmlakını tam müsadirə olunması ilə, və $250 min cəriməyə məhkum etdi. Maliyyə piramidalarının yaranması tarixi belə başlamışdır.