14 C
Baku
Wednesday, April 17, 2024

Çexiyada prezident seçkiləri keçiriləcək

Çexiyada bu həftə sonu prezident seçkiləri keçiriləcək.

Yanvar ayının 13-ü və 14-də baş tutacaq seçkilərdə 8 namizəd iştirak edəcək.

Rəy sorğularına əsasən, iki gün davam edəcək prezident seçkilərində 3 favorit namizəd var. Onlardan biri 68 yaşlı Andrey Babişin namizədliyi mühafizəkar ANO partiyası tərəfindən irəli sürülüb. Populist çıxışları ilə yadda qalan milyarder siyasətçi əvvələr Çexiyanın Baş naziri olub.

Hazırda müxalifətdə olan Babiş Ukraynaya hərbi yardım göstərilməsinin ən sərt tənqidçilərindən biridir. Çexiyanın indiki prezidenti Miloş Zeman Babişi dəstəkləyir.

Onunla yanaşı, 44 yaşlı Danus Nerudova da seçkilərin favorit namizədlərindən biridir. İqtisadiyyat üzrə professor Nerudova heç bir siyasi partiyanın üzvü deyil.

Rəy sorğularında birinci yerdə olan digər namizəd 61 yaşlı istefada olan general Petr Paveldir. 2015-2018-ci illərdə NATO-nun ali hərbi komitəsinin rəhbəri olan Pavel Ukraynaya hərbi yardım göndərilməsinin tərəfdarlarındadır.

Ən son açıqlanan rəy sorğularına görə, heç bir namizəd birinci turda qalib gələ bilməyəcək. Belə olan halda, ən çox səs toplayan ilk iki namizəd ikinci turda yarışacaq və bu turda ən çox səs qazanan şəxs prezident seçiləcək.

Qeyd edək ki, Çexiya parlamentli respublika olsa da, prezident birbaşa xalq tərəfindən seçilir. Prezident ölkədə hökumətlərin formalaşdırılmasında güclü söz sahibidir. Dövlət başçısı, həmçinin ölkəni xaricdə təmsil edir, silahlı qüvvələrin ali baş komandanıdır və Mərkəzi Bankın idarə heyətinin üzvlərini təyin edir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər