9 C
Baku
Thursday, December 12, 2024

Çin Ermənistana niyə silah satıb?

Ermənistana ən çox silah ötürən və işğalçı ölkədə ən çox hərbi texnika yerləşdirən ölkə Rusiyadır. Ancaq işğalçı Ermənistana silah və hərbi texnika satan ölkələr arasında Çin də var. Məsələn döyüş bölgələrdindən gələn xəbərlərə görə, Azərbaycan ordusunun məhv etdiyi hərbi texnika içərisində Çin istehsalı olan silahlar da var. Ermənistan Çindən aldığı hərbi texnikanı işğal altındakı torpaqlarımızda yerləşdirib və bu hal Pekini narahat etməyib.

Banker.az bildirir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazır.

Pekin anlamamış deyil ki, Cənubi Qafqazın əsas dövləti Azərbaycandır və məhz Azərbaycanla genişmiqyaslı əlaqələr Çin üçün faydalıdır. Digər tərəfdən indiki ağır şəraitdə işğalçı Ermənistanın hansı ölkələr tərəfindən silahlandırılması Azərbaycanda araşdırılır. Misal üçün Azərbaycanla əməkdaşlığa üstünlük verən Serbiyanın özəl şirkətlərindən birinin Ermənistana silah satması Bakıda ciddi suallar yaratdı. Bundan sonra Serbiyanın prezidenti öz təmsilçisini Bakıya göndərdi və Belqradın bir daha eyni səhvi təkrarlamayacağının təminatı verildi.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Çinlə əlaqələri genişləndirməyə çalışırdı. Eyni zamanda Çin hakimiyyətinin yüksək rütbəli nümayəndələri İrəvana səfər edib əlaqələrin genişləndirilməsini istəyirdilər. Məqsəd Çinlə Ermənistan arasındakı əməkdaşlığı dərinləşdirmək idi. Görünür, bu məsələdə Rusiya amili də rol oynayırdı. Çin Rusiya ilə sıx əməkdaşlıq etdiyi kimi, Rusiyanın bölgədəki müttəfiqlərini də unutmurdu. Misal üçün Çin Ermənistanla yanaşı Rusiyanın digər müttəfiqi Belarusla da sıx əlaqələr qurub və elə Aleksandr Lukaşenkonu prezident seçkisində ilk təbrik edən Pekin olub.

Bir neçə il əvvəl İrəvanı ziyarət edən Çin Kommunist Partiyasının yüksək rütbəli nümayəndəsi Meng Jianszu o zaman səfərinin məqsədini belə izah etmişdi ki, bütün sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişafını və canlandırılmasını arzulayırlar. Çin təmsilçisinin İrəvanda söylədiyi bir fikir də diqqəti cəlb etmişdi: “Pekin Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təşviq etmək üçün səylərini əsirgəməyəcək”. Azərbaycan torpaqlarının işğalı davam edərkən bölgədə hansı “sabitlikdən” və “təhlükəsizliyin qorunmasından” söhbət gedə bilərdi?

Qısa müddət ərzində Çin Ermənistanın ikinci ən böyük ticarət tərəfdaşına çevrildi. Çinlə Ermənistan arasında hərbi sahədə təmaslar 1990-cı illərdən başlayıb. Çin, 1990-cı illərin sonlarından başlayaraq Ermənistan ordusu üçün zabitlər yetişdirib və İrəvana çoxsaylı raket sistemləri verib. Ermənistan ordusunun 2011-ci ildə 100 kilometrdən çox atəş məsafəsi olan Çin raketləri aldığı bildirilir. Ən maraqlısı odur ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan Tayvan üzərində Çin suverenliyini birmənalı şəkildə təsdiqləyib. İki ölkə arasında 2015-ci ildə qəbul edilən bəyannamədə İrəvanın Tayvanın müstəqilliyinə qarşı çıxmağa davam edəcəyi, ada ilə hər hansı bir “rəsmi təmas”dan qaçacağı və “Çin hökumətinin ölkəni birləşdirmək üçün göstərdiyi bütün səyləri” dəstəkləyəcəyini açıq şəkildə göstərildi.

Ermənistan 1999-cu ildə Çindən 8 ədəd WM-80,  2010-2013-cü illərdə isə 6 ədəd AR-1A reaktiv atəş sistemi alıb. “Azeri Defence” dərgisinin məlumatına görə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində 2015-ci ildə keçirilən “İDEX-2015” sərgisində Ermənistan təmsilçiləri Çinin NORİNCO şirkəti danışıqlar aparıblar. Ermənistan Çindən artilleriya sistemləri almaq istəyirdi. Söhbətin daha uzaq mənzilə və dəqiqliyə malik artilleriya sistemlərindən getdiyi bildirilsə də, konkret hansı sistemlərin alğı-satqısının müzakirə mövzusu olduğu söylənilmədi.

Ermənistanın 2016-cı il aprel savaşından sonra Çinin hərbi texnikasına marağı daha da artdı. Ermənistanın saytları hətta yazırdılar ki, İrəvan Rusiyanın hərbi texnikasının əvəzinə Çinin hərbi texnikasına üstünlük verməlidir. Ermənistanın bəzi hərbi ekspertləri Çinin hərbi texnikasının daha ucuz və keyfiyyətli olduğunu iddia edirdilər. Ermənistanın Çinin hərbi texnikasına üstünlük verməsi, bu mövzuda Pekinlə danışıqları dərinləşdirməsi Moskvanın ciddi narazılığına səbəb olmuşdu.

Ermənistanın hansı dövlətdən nə qədər silah və hərbi texnika almasına baxmayaraq, Azərbaycan ordusu günlərdir dəqiq atəşləriylə işğalçının topladığı hərbi texnikalarını məhv edir. Ermənistanın Rusiyadan, Çindən və digər ölkələrdən əldə etdiyi silahlar və hərbi texnika onu xilas etməyəcək.

Son xəbərlər
Digər xəbərlər