Çinin aparıcı yaddaş çipi istehsalçısı ChangXin Memory Technologies (CXMT) şirkətinin səhmləri Şanxayın yüksək texnologiyalar üzrə STAR bazarında ilk ticarət günündə 5,7 dəfə (470%) bahalaşıb. Səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) materik Çin üçün rekord nəticə göstərərək şirkətə 66,6 milyard yuan (9,8 milyard dollar) vəsait qazandırıb. Bu barədə AFP agentliyi məlumat yayıb.
IPO-dan sonra CXMT-nin bazar dəyəri 3,3 trilyon yuan (490 milyard dollar) təşkil edib. Şirkət süni intellekt texnologiyaları uğrunda rəqabətdə Cənubi Koreyanın Samsung Electronics və SK Hynix, eləcə də ABŞ-nin Micron şirkətlərinə rəqib olmağı hədəfləyir.
Agentlik xatırladır ki, bundan əvvəl materik Çində ən böyük IPO 2020-ci ildə baş tutmuşdu. Həmin vaxt Semiconductor Manufacturing International Corp (SMIC) 46,3 milyard yuandan çox vəsait cəlb etmişdi.
Süni intellekt sahəsinə artan maraq nəticəsində noutbuk, smartfon və digər elektron cihazlarda istifadə olunan daha sadə DRAM yaddaş çiplərinin qıtlığı yaranıb ki, bu da qiymətlərin yüksəlməsinə səbəb olub.
AFP bildirir ki, yaddaş çipləri çatışmazlığı yaşayan Apple öz məhsullarında istifadə etmək üçün CXMT-nin DRAM çiplərini sınaqdan keçirir.
2016-cı ildə yaradılan CXMT hazırda qlobal DRAM bazarında təxminən 8% payla dördüncü ən böyük istehsalçıdır. Şirkət Pentaqonun müdafiə sənayesi ilə əlaqəli hesab etdiyi Çin şirkətlərinin siyahısına daxil edilsə də, bu, ABŞ şirkətlərinin onunla əməkdaşlıq etməsinə mane olmur.






