Çinin qabaqcıl mikrosxemlərin istehsalında irəliləyiş əldə etməsinə dair xəbərlər fonunda yarımkeçirici şirkətlərin səhmlərinin satışı sürətlənib. Bu barədə Bloomberg ticarət məlumatlarına istinadən yazır. Ölkənin bu sahədə əldə etdiyi uğurlar süni intellektə yönələn investisiya bumunun davamlılığı ilə bağlı narahatlıqları artırıb.
ABŞ texnologiya sektorunu əks etdirən Nasdaq 100 indeksi iyulun 27-də keçirilən ticarətin yekununda 0,3% azalaraq 28 039,2 bəndə enib. İyulun 28-də isə indeks üzrə fyuçerslər daha 0,6% geriləyib.
Asiyada Bloomberg tərəfindən hesablanan yarımkeçirici şirkətlər indeksinin dəyəri 7,5% aşağı düşüb. Bu, indeks üçün 2025-ci ilin aprelindən bəri ən kəskin günlük eniş ola bilər.
Seul birjasında yaddaş çipləri istehsalçısı SK Hynix-in səhmləri 14,7%, onun rəqibi Samsung Electronics-in səhmləri isə 13,4% ucuzlaşıb. Avropada ASML-in səhmləri 3,3% geriləyib. Bloomberg qeyd edir ki, ABŞ çip istehsalçıları Intel, Advanced Micro Devices (AMD), Sandisk və digər şirkətlərin səhmləri də premarket ticarətində ən azı 4% dəyər itirib.
The Information iyulun 27-də mənbələrə istinadən yazıb ki, dövlət dəstəyi alan adı açıqlanmayan Çin şirkəti dərin ultrabənövşəyi (DUV) litoqrafiya avadanlıqlarının kütləvi istehsalına başlayıb. Nəşrin məlumatına görə, şirkət bu il təxminən beş, 2027-ci ildə isə 20-yə yaxın belə qurğu istehsal etməyi planlaşdırır.
Bloomberg yazır ki, bu xəbər bazarda süni intellektin inkişafına yüz milyardlarla dollar həcmində yatırımların əsaslı olub-olmaması ilə bağlı şübhələri gücləndirib. İnvestorları həmçinin yarımkeçirici şirkətlərin səhmlərinin yüksək qiymətləndirilməsi narahat edir.
Bundan əlavə, Nvidia-nın süni intellekt infrastrukturu layihələrinin inkişafı üçün 750 milyard dollarlıq sazişlər bağlamağa hazırlaşdığı barədə xəbərlər də bazara təsir göstərib. Bu, yeni texnologiyalara yatırımlar nəticəsində yaranan borc yükü ilə bağlı narahatlıqları artırıb.
Leverage Shares şirkətinin baş analitiki Violetta Todorovanın sözlərinə görə, süni intellekt sektoru artıq həddindən artıq qiymətləndirildiyi üçün investorlara mənfəəti reallaşdırmaq üçün pis xəbərlər deyil, sadəcə bəhanə kifayət edir. O bildirib ki, qiymətləndirmələrə inamı sarsıdacaq ciddi səbəb olmasa belə, əhval-ruhiyyədəki kiçik dəyişikliklər dərin korreksiyaya gətirib çıxara bilər.
Vantage Global Prime şirkətinin baş bazar analitiki Hebe Çen isə qeyd edib ki, investorlar ucuzlaşmadan sonra səhmləri almağa tələsmirlər. Onun fikrincə, bu, bazar iştirakçılarının yenidən aktiv alışa başlamazdan əvvəl daha tutarlı sübutlar gözlədiyini göstərir.







