Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar

Çində 48 iOS tərtibatçısından ibarət bir qrup yerli tənzimləyici quruma müraciət edərək Apple-ı “bazar mövqeyindən sui-istifadə etməkdə” ittiham edib. Bu barədə “South China Morning Post” yazır.

Çinli tərtibatçılar App Store-dakı komissiyaları ədalətsiz və həddindən artıq yüksək hesab edirlər. 2026-cı ilin martında Apple Çində standart komissiyanı 30%-dən 25%-ə, abunəliklərin yenilənməsi üzrə komissiyanı isə 15%-dən 12%-ə endirib.

Bununla yanaşı, Apple Çində üçüncü tərəf tətbiq mağazalarına və daha çevik ödəniş üsullarına icazə verməyib. Tərtibatçılar hesab edirlər ki, bu imkanlar bəzi hallarda komissiyaların 5%-ə qədər azalmasına şərait yarada bilərdi.

2024-cü ildə Apple ABŞ-də tərtibatçılara istifadəçiləri App Store-dan kənar ödəniş səhifələrinə yönləndirən keçidlər yerləşdirməyə icazə verib. Belə əməliyyatlar üçün komissiya 30% əvəzinə 27% təşkil edir.

2025-ci ilin iyununda şirkət Avropa İttifaqında App Store qaydalarını yeniləyərək iki səviyyəli komissiya sistemi tətbiq edib — alışlardan 5% və 13%. Bundan əlavə, App Store-dan kənarda reklam olunan tətbiqdaxili alışlar üçün ayrıca 5%-lik ödəniş nəzərdə tutulub.

2026-cı ilin iyununda isə Apple Braziliyada istifadəçilərə üçüncü tərəf mağazalarından tətbiqlər quraşdırmağa və App Store-dan yan keçərək ödəniş etməyə icazə verib. Üçüncü tərəf ödəniş xidmətlərindən istifadə edən tətbiqlər üçün komissiya 21% təşkil edir. Əgər tətbiq App Store vasitəsilə yüklənir, lakin ödəniş üçün istifadəçini sayta yönləndirirsə, komissiya 15% olur. Alternativ platformalar vasitəsilə yayımlanan tətbiqlər üçün isə bütün ödənişlərdən 5% komissiya tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər