Julien Gordon biznes-məşqçinin qeydləri.
Nəticə və proses
Müvəffəqiyyətli işçi üçün nəticə vacibdir, çox çalışan işçi üçün isə prosesin özü. Əgər birinci öz qarşısında heç bir məqsəd görmürsə, o, strateji planlarla məşğul olur və ya iş yoldaşlarına yardım etməyə başlayır. Əgər ikinci etməyə bir şey tapa bilmirsə, özünü bədbəxt hiss edir və bütün asudə vaxtını işə həsr etməyə çalışır.
Məhsuldar işçi başa düşür ki, müəyyən günlərdə işin həcmi daha az ola bilər, çox işləyən işçi isə hər zaman nə iləsə məşğul olmaq ehtiyacını duyur.
Mükəmməl və kifayət
Çox çalışan işçi üçün “kifayətdir” anlayışı mövcud deyil. Produktiv işçi prioritetlərini düzgün müəyyən etməyi bacarır – vəzifənin biri mükəmməl şəkildə yerinə yetirildiyi halda, digəri yaxşı yerinə yetirilsə kifayət edər. Çox işləyən işçi isə heç vaxt kifayətlənmir: “kifayət qədər yaxşı deyil”, “vaxt kifayət deyil”, “dəstək kifayət deyil” və s.
100% zamanında və ya 110% hər zaman
Müvəffəqiyyətli əməkdaş öz imkanlarını və səlahiyyətlərini obyektiv qiymətləndirir. Zərurət olduğu halda, o, öz gücündən maksimum dərəcədə istifadə edir, digər hallarda isə adi rejimdə işləyir. Çox işləyən işçi isə hər zaman bütün gücünü ortaya qoyur, nəticədə isə inkişafa vaxt ayıra bilmir.
Məhsuldar işçi öz dəyərini çox yaxşı bilir, çox işləyən işçi isə digər insanların mövqeyindən asılı olur
Çox işləyən işçi daim ətrafındakı insanların rəğbətini qazanmağa çalışır və buna ehtiyac duyur. Çox vaxt, o, bu səbəbdən qorxu və narahatlıq hisslərini keçirir.
Proaktivlik və reaktivlik
Produktiv işçi öz gününü qabaqcadan planlayır, iş gününün səhər saatlarını isə daha vacib vəzifələrin yetirilməsinə həsr edir, diqqətini yalnız yerinə yetirdiyi vəzifə üzərində cəmləşdirir. Çox işləyən işçinin fikri isə xahişlərə, elektron məktublara və ya iş yoldaşının probleminə yönələrək dağılır. Bu, onun konsentrasiyasına və məhsuldarlığına mənfi təsir göstərir.
Eqoizm və fədakarlıq
Məhsuldar işçi özünü birinci yerə qoyur, çünki yalnız bu halda digər insanlara da kömək edə bilər. O işinə, iş yoldaşlarına və rəhbərliyinə məsuliyyətlə yanaşır, öz rolunu başa düşür.
Çox işləyən işçi isə gözünüzdə fədakar biri kimi görünə bilər, çünki çox iş görür. “Çox işləyən işçilər vacib görünmək üçün çox işləyirlər, yüksək səlahiyyətli əməkdaşlar isə vacib iş axtarırlar”, – Julien hesab edir.
Beləliklə, əsas olan şey işçinin daxili hissiyyatıdır. İşçi şəxsi həyatı ilə iş arasında balans saxlamağı bacarmalıdır, dəyərlərini qurban verməli deyillər.