23 C
Baku
Thursday, April 25, 2024

“Çox vacib” peşələr

Sizə elə gəlir ki, milyonlarla insanın taleyi sizin qərarlarınızdan asılıdır, daha bir bağlanmış müqavilə ölkədə təbii artıma səbəb olacaq və ÜDM-u artıracaq, və bu fikirlər sizi rahat yatmağa qoymur? Onda peşənizə bu qədər ciddi yanaşmağı azaltmağın əsl vaxtıdır.

Diqqət: çox xahiş edirik ki, yumor hissi olmayanlar bu məqaləni oxumasınlar.

Maliyyə analitiki

Çerçildən sitat gətirərək deyə bilərəm ki, maliyyə analitikin əsas vəzifəsi nəyisə proqnoz vermək və ya niyə belə olmadığını izah etməkdir. Onlar heç nə istehsal etmirlər, faktiki olaraq istehsal etməyə də kömək etmirlər. Növbəti günün məzənnəsini düzgün proqnoz verdisə, nə gözəl! Proqnoz düz çıxmadı? – yəqin ki, təsir edən amillər uyğun olmayıb, eybi yoxdur, gələn dəfə alınar. Üç dəfə dalbadal düzgün proqnoz verdinsə, sən artıq aparıcı maliyyə analitikisən!

Psixoanalitik

Müştəri öz problemlərindən danışdığı zaman susduğuna görə böyük pullar qazanır. Nə fərqi var, siz yumşaq oyuncaq ayı ilə evdə də belə danışa bilərdiniz. Lakin hiyləgər psixoanalitiklər özlərini elə aparırlar ki, sanki bu dəqiqə sizə kömək edəcəklər. İyirminci bahalı seansdan sonra başa düşəcəksiniz ki, bütün problemlər həll olunandır və ya oluna bilər, təki bu divanda uzanmayasınız. Hiyləgər analitik yenə də susacaq. O, sizin gedəcəyinə heyfslənmir, çünki gələn ilki dünya səyahətini təmin edəcək iyirmi seansın pulu artıq cibindədir.

Fotoqraf

Söhbət planetin qaynar nöqtələrində öz həyatını təhlükə altına atan və bütün dünyanı valeh edən kadr yaxalayan fotomüxbirlərdən getmir. Bizim qəhrəmanımız yarım il sadə fotoaparat almaq üçün pul yığan daxili dünyası zəngin birisidir. Əlində bu dəyərli aqreqatı tutaraq, bir gün başa düşür ki, onun meyli fotoqrafiyayadır. Bu andan etibarən “model axtarıram”, “toylarda çəkiliş”, “studiya çəkilişi” tipli elanlar yayılmağa başlayır, arxasınca isə gəlinin at ilə birlikdə mənasız çəkilişləri gəlir.

Ədəbiyyatşünas

Eynəkli çox mühüm xalalar və əmilər həmişə aydınlaşdırmağa çalışırlar ki, müəllif öz əsərində nə deməyə çalışmışdır. Halbuki yazar heç özü bu haqda fikirləşmir. Onlar fədakarcasına texniki elmlərə aid terminologiyaları araşdırır və belə hesab edirlər ki, bu onları daha ağıllı edir. Öz aralarında müəllifin nə demək istədiyi ilə bağlı mübahisələr aparır və bu haqda uzun hüznlü əsər yazırlar.

Biznes-məsləhətçi

Öz işlərində problemin olduğunu hiss edən ciddi insanlar məhz nəyin çatışmadığını başa düşmədikdə, cavan birisini işə götürürlər. Ona iş yeri ayırırlar, o isə qıcıqlandırıcı tərzdə əməkdaşlara sataşır, ilk iki ay ərzində onları işlərindən yayındırır, sonra isə əlində “Hər şey yaxşı olacaq, əgər…” başlığı altında qovluq ilə rəhbərin yanına gəlirlər. İnanılmaz pullar alır, gülümsəyir və gedir. Qovluqda isə adətən belə məlumatlar olur: “Bağbanı, sürücü Vasif və Məlahət xalanı işdən çıxarın”

“Fashion-bloger”

Moda-bloqerləri bütün dünyada yayılıb. Onlar bu mövsüm hansı rəngdə şortların dəbdə olacağını deməklə, bir nömrə olmağa iddialıdırlar. Bütün mümkün olan moda həftələrinə gedirlər, guya ki hadisə yerindən reportaj hazırlayırlar. Həqiqətdə isə sadəcə olaraq, iPhone-la çəkilmiş yüzlərlə foto paylaşırlar. Onlar həmçinin hipsterlərin (müasir subkultura) toplaşdığı yerlərə gedir, elə hipsterlərin də abunə olduğu öz bloqlarına fotoları yerləşdirirlər.

Tənqidçi

Onların vicdanları üzərində yüzlərlə yenicə başlayan musiqiçi, yazıçı, rəssam və rejissorun dağıdılmış taleləri var. Guya ki, incəsənətdən başı çıxan insan kimi nə isə haqqında öz fikrini bildirir və hesab olunur ki, onu rəyi qalan insanların fikrindən daha əhəmiyyətlidir. Tənqidçinin rəylərindəki qərəzlilik və acıdillik nə qədər çoxdursa, ona bir o qədər hörmət edirlər və uyğun olaraq daha çox pul ödəyirlər.

Tamada

Sizə hansı isə tədbirlərdən birində tamada adlandırılan birinin yaxınlaşdığı zaman keçirilən narahatçılıq hissi tanışdır? Insanın canına vahimə düşür ki, indi tamada sizi elə bir situasiyaya salacaq ki, ömür boyu utanacaqsınız. Hər dəfə təkrarlanan belə toy ssenarilərinə görə tamada kifayət münasib pullar qazanır.

Fotomodel

Başqa insanların ağır zəhməti hesabına qazanılan pulları yalnız şəkil çəkdirdiklərinə görə alan qızlar və oğlanlar. Həmin fotoların əksəriyyətinin yenidən işlənib-hazırlandığını nəzərə alsaq, onda belə çıxır ki, model heç kimə lazım deyil. Alqoritm sadədir: küçədən istənilən bir qız tapırsınız, ondan özünü təbii aparmasını və gülməsini xahiş edirsiniz, şəklini çəkirsiniz və xudahafiz!

Broker

Fond birjalarında valyuta məzənnələrindəki dəyişikliklərdən qazandıran bu peşənin axı kimə nə faydası var? Onun faydası tamamilə sıfıra bərabərdir, bununla yanaşı adicə bir səhvdən şirkətlər milyonlar itirir, bazarlar tənəzzülə uğrayır və dünya iqtisadiyyatı ziyan çəkir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər