17 C
Baku
Saturday, May 4, 2024

Dövlətin ‘pulu dəmirdən çıxan’ şirkəti 4 dəfə böyüdülür

2020-ci ildə “AzerGold” QSC-nin törəməsi kimi yaradılan “Daşkəsən Dəmir Filiz” MMC-nin (DDF) nizamnamə kapitalı dörd dəfədən çox artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, DDF-in nizamnamə kapitalı 125 milyon manat, yaxud 4.24 dəfə artırılmaqla 163 milyon 601 min manata çatdırılıb.

DDF – Azərbaycan Prezidentinin 1 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “AzerGold” QSC-yə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

DDF Prezident İlham Əliyevin 6 avqust 2020-ci il tarixli Sərəncamına əsasən, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir.

dashkesan plant

Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsində hasilat işlərinə SSRİ dönəmində başlanılıb. Bu məqsədlə 1945-ci ildə “Daşkəsən Filiz İdarəsi” yaradılıb. İdarə yaradıldıqdan 9 il sonra dəmir filizi konsentratının istehsalına start verilib. Müəssisə müxtəlif illərdə fərqli adlarla, müxtəlif qurum və strukturların tabeliyində müəyyən fasilələrlə işləyib.

“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.

“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər