Dövlət istiqrazlarına investorların marağının artması gəlirliliyi azaldıb

2023-cü ildə ikinci hərracdır ki, Azərbaycanın 1 illik qısamüddətli, diskontlu istiqrazlarının dövlət istiqrazlarının gəlirliliyi düşür.

Banker.az xəbər verir ki, 7 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030028 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli, diskontlu istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 91.7009 (9.1%) manat və 99.9245 (0.0759%) manat olan 46 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 93.5194 (6.9678%) manat olaraq müəyyən edilmişdir. Qeyd edək ki, ort ölçülmüş gəlirlilik 27 dekabr 2022-ci il tarixdə 8.01%-ə qədər çatsa da, 24 yanvar 2022-ci il tarixdə 7.54%-ə düşüb.

Hərracda gəlirliliyin düşməsi ona işarədir ki, ölkədə investorların dövlət istiqrazlarına marağı yenidən artıb. Artan rəqabətdə isə istiqrazların gəlirliliyi azalmağa başlayır.

Bir xatırlatma da etməliyik ki, 1 fevralda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdır.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199,907,400 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 06 fevral 2024-cü ildir.

Hərrac iştirakçıları 8 fevral 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər