“Biz Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışırıq. Çünki 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. İqtisadiyyat tənəzzülə uğramışdı. İnflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi. Bir sözlə, irəliyə doğru getmək üçün yeganə yol ölkəni xarici sərmayələrə açıq etmək idi. Bu, yeganə yol idi”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Fransa Sahibkarlar Təşkilatının – MEDEF-in nümayəndə heyəti ilə görüşündə deyib. O bildirib ki, 1994-cü ildə hökumət Azərbaycanı dünyaya açan “Əsrin kontraktı” adlanan müqaviləni imzalayıb: “Bu, bizə sərmayələri cəlb etmək, iqtisadiyyatı sabitləşdirmək imkanı yaratdı. 1996-cı il artıq resessiyanın dayandığı ilk il oldu. 1996-cı ildən etibarən ölkəmizdə iqtisadi artım dövrü başladı. Ən surətli artım 2000-ci ilin ortalarında oldu. Bu, əsasən, neft hasilatının və qiymətinin artımı ilə bağlı idi. Biz vəsaitləri müasir infrastrukturu yaratmaq məqsədilə sərf etdik, çünki buna ehtiyacımız var idi. Sosial infrastruktur yaradıldı. Azərbaycanda son 10 il ərzində 3 mindən artıq məktəb və 500-dən çox xəstəxana tikildi. Bütün bunlar sosial layihələrdir. Elektrik enerjisi stansiyaları tikildi. Son 10 il ərzində əvvəlki bütün təcrübə illəri ilə müqayisədə daha çox elektrik enerjisinin istehsalı obyektlərini inşa etmişik. Hazırda biz elektrik enerjisini ixrac edirik. Qazlaşdırma qazla zəngin olan ölkədə cəmi 20 faiz səviyyəsində idi. İndi bu, 90 faizdir. Biz qazı idxal edirdiksə, indi onu ixrac edirik”.
Yol infrastrukturundan danışan dövlət başçısı minlərlə kilometr, bəlkə də, on min kilometrdən artıq yollar çəkildiyini söyləyib: “Bütün bunlar inkişaf, yenidənqurma və yerli, xarici sərmayə şirkətləri üçün yaratdığımız əsaslar oldu. Hazırda elə bir vaxtdır ki, biz qeyri-neft sektoruna heç vaxt görünməmiş dərəcədə diqqət yetirməliyik. Ölkəmizi xarici investorlar üçün daha cəlbedici etməliyik. Bu səbəbdən, hazırda sürətləndirdiyimiz fəal və dərin iqtisadi islahatlar bu məqsədi daşıyır. Azərbaycanda sərmayə qoymağı arzulayan xarici şirkətlərin qarşısında olan maneələr hansılardır? Biznes mühitində olan maneələr nədir? Gömrük qaydaları, vergilər necədir? Xarici və yerli şirkətlərin sərmayələri üçün digər maneələr nədən ibarətdir? Bununla bağlı ciddi qərarlar qəbul etmişik. Onlar artıq öz effektivliyini göstərir. Məsələn, dövlət qurumlarının özəl sektorda apardığı yoxlamaların məhdudlaşdırılması nəzərdə tutulur. Əgər 2015-ci ilin birinci rübündə 20 min yoxlamamız var idisə, bu rəqəm 2016-cı ilin birinci rübündə cəmi 30-dan artıq olub. Davos Dünya İqtisadi Forumun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Bir sözlə, nailiyyətlər əldə edilib. İndi isə biz daha çox işlər görməliyik. Əlbəttə, enerji faktoru öz mühüm rolunu oynamaqda davam edəcək. Hazırda biz böyük vəsaitlər tələb edən “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçiririk və öz vəsaitlərimizdən milyardları onun həyata keçirilməsinə yönəltməliyik. Lakin bu, uzunmüddətli strateji layihədir. Bununla yanaşı, hazırda biznes fəaliyyətinə şərait yaradacaq layihələr mühüm əhəmiyyət kəsb edir”.
SalamNews